İyirmidən çox dilçi alim yetişdirən elm xadimi
Azərbaycan
dilçilik elminin fundamental istiqamətləri üzrə
sanballı tədqiqatlar aparmış alimlərimiz arasında
Əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı, filologiya elmləri doktoru, professor Əlövsət
Abdullayevin də adı hörmətlə çəkilir. Görkəmli alim ardıcıl və əhatəli araşdırmaları
və qiymətli əsərləri ilə elmi məktəb yaradan tədqiqatçılarımızdan
olub.
Əlövsət Zakir oğlu
Abdullayev 17 fevral
1920-ci ildə Şamaxı
rayonunun Məlikçobanlı
kəndində dünyaya
göz açıb. İbtidai təhsilini burada alır, Ucar rayonunun Yuxarı Şilyan kənd orta məktəbini bitirir.
1936-cı ildə Şamaxı
Pedaqoji Texnikumuna qəbul olunan Əlövsət 1939-cu ildə
əla qiymətlərlə
təhsilini başa
vurur. Bir il kənddə müəllim işlədikdən
sonra Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Filologiya fakültəsinə daxil olur.
İkinci kursda
oxuyarkən II Dünya
müharibəsi başlayır.
Təhsilini yarımçıq
qoyur və cəbhəyə gedir. Ağır döyüşlərin
birində yaralanır.
Sağaldıqdan sonra
döyüş üçün
yararlı bilinmir və ordudan tərxis olunur. Doğma kəndinə qayıdır,
1942-1946-cı illərdə Məlikçobanlı kənd
orta məktəbində direktor
işləyir. Müharibə
başa çatdıqdan
sonra universitet təhsilini davam etdirir. Ali məktəbdən məzun olduqdan sonra aspiranturaya qəbul edilir, elmi tədqiqata başlayır. 1954-cü ildə
“Müasir Azərbaycan
dilində xüsusiləşmələr”
mövzusunda namizədlik
(fəlsəfə doktoru)
dissertasiyası, 1963-cü ildə
isə “Müasir dilçilikdə tabeli mürəkkəb cümlələr”
mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
Ömrünün 40 ilini təhsil aldığı universitetə
həsr edən Əlövsət Abdullayev
müəllimlikdən professorluğadək
yol keçir. O,
1962-1967-ci illərdə Filologiya
fakültəsində dekan,
1972-1976-cı illərdə prorektor, 1967-1985-ci illərdə
isə Azərbaycan dilçiliyi kafedrasının
müdiri vəzifələrində
çalışır.
Alim dilçilik
elminin müxtəlif sahələrində: sintaksis,
morfologiya, orfoepiya, etimologiya, nitq mədəniyyəti ilə
bağlı araşdırmalar
aparıb. Azərbaycan
dilinin aktual məsələləri üzrə
140-dan çox əsərin,
o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və
monoqrafiyanın müəllifi
və ya həmmüəllifi olub. Ə.Abdullayev tərəfindən xüsusiləşmə və
əlavə kateqoriyalar,
ədatlar, predikativlər,
qarışıq tipli
mürəkkəb cümlələr,
tabeli mürəkkəb
cümlələrin tərkib
hissələrinin transformasiya
hadisəsinə uğraması
və digər məsələlər işlənib,
ali məktəb proqramlarına daxil edilib.
Araşdırmalarda qeyd edilir ki,
görkəmli alimin etimologiya üzrə işləri keçmişə,
tarixin yaddaşına
əsl səyahət kimi yenilik ruhu,
arqumentlərinin əhatəliliyi,
əsaslılığı ilə bu sahədə
əvvəllər aparılmış
tədqiqatlardan fərqlənir.
Mütəxəssislər alimin “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyasını
gərgin axtarışların
bəhrəsi kimi dəyərləndiriblər. Eyni
zamanda əsər ölkə türkoloqları
tərəfindən böyük
maraqla qarşılanıb.
Ə.Abdullayev iki böyük akademik nəşrin – “Azərbaycan
dilinin qrammatikası” və “Müasir Azərbaycan dili”, eləcə də dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərindən
biri olub. “Müasir Azərbaycan dili” dərsliyinə görə alim 1974-cü ildə Dövlət mükafatına layiq görülüb. 1992-ci ildən
isə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülüb.
Ə.Abdullayevin elmi araşdırmaları
dərslik və dərs vəsaitləri kimi nəşr olunub, tələbə və müəllimlərin etibarlı
istinad yerinə çevrilib. Bir çox görkəmli alim özünü onun elmi məktəbinin
yetirməsi hesab edib.
Tanınmış alim AMEA Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun elmi şuralarının,
Azərbaycan Ensiklopediyası
redaksiya şurasının,
Azərbaycan Dilinin Tətbiqi və Əlifba Komissiyası və digər elmi şuraların üzvü kimi aktiv fəaliyyət göstərib. Həmçinin
Bakı Dövlət Universitetinin “Elmi əsərləri”nin “Dil və ədəbiyyat” seriyasının baş redaktoru olub. Kadr hazırlığı
sahəsində də
diqqətəlayiq işlər
görən alimin elmi rəhbərliyi ilə 23 nəfər namizədlik, üç nəfər doktorluq dissertasiyası müdafiə
edib.
Ə.Abdullayev tək respublikamızda deyil, onun hüdudlarından
kənarda da elmi əsərləri ilə tanınıb. Ümumittifaq və beynəlxalq məclislərdə
Azərbaycan dilçilik
elmini layiqincə təmsil edib. Müxtəlif illərdə
Bakı, Moskva, Sankt-Peterburq, Səmərqənd,
Kazan və Tiflis şəhərlərində keçirilən
elmi konfranslarda, Berlin, Ankara, İstanbul, Daşkənd şəhərlərində beynəlxalq
türkologiya konqreslərində
məruzələrlə çıxış
edib.
Dilçi alim
1972-ci ildə Türk
Dil Qurumunun dəvəti ilə Ankarada I türk dili qurultayında iştirak edir. Orada qurultayın Mahmud Kaşğarlı bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi ona qismət olur. Açılışdakı
nitqi və oxuduğu məruzə qurultayın materiallarında
çap edilir. O,
1983-cü ildə Türk
Dil Qurumunun müxbir üzvü, bir il sonra
isə həqiqi üzvü seçilir.
Azərbaycanda dilçilik elmi sahəsində söz sahibi olan, məktəb
yaratmış Əməkdar
elm xadimi Əlövsət Abdullayev
28 may 1993-cü ildə
Bakıda vəfat edib. Vəfatından üç il sonra Türk Dil Qurumu onun
“Türk dillərinin tarixi inkişafı məsələləri” adlı
kitabını Ankarada
nəşr etdirib. Bu monoqrafiyanın elmi əhəmiyyəti nəzərə alınaraq
2007-ci ildə təkrar
çap olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 9 fevral.-
S.6.