Türk tarixinin Avşarlar boyu
Dünya Avşarlar dərnəyi Adanada
toplanıb
Nadir şah Əfşar
təkcə Azərbaycanın
deyil, ümumiyyətlə,
dünya tarixinin dahi şəxsiyyətlərindən
biridir.
Bu fikir yanvarın
29-da Türkiyənin Adana şəhərində
Dünya Avşarlar Dərnəyinin (Dünya Avşarlar Təhsil, Mədəniyyət və
Yardımlaşma Dərnəyi)
yaradılmasının 6-cı ildönümünə həsr
olunan beynəlxalq konfransda səslənib.
“Azərbaycan
Tarixçiləri” İctimai
Birliyindən bildirilib
ki, konfransa Azərbaycan, Türkiyə,
Şimali Kipr, Suriya, İraq, Türkmənistan
və başqa ölkələrdən nümayəndələr
qatılıb.
Tədbiri giriş
sözü ilə açan Dünya Avşarlar Dərnəyinin
rəhbəri Şeref
Kocakaya ötən illərdə həyata keçirdikləri fəaliyyətdən
bəhs edib. O, Nadir şah Əfşara həsr olunan ilk beynəlxalq
elmi konfransın üç il əvvəl Bakıda keçirildiyini diqqətə
çatdırıb və
böyük sərkərdənin
ümumtürk tarixində
xüsusi yeri olduğunu vurğulayıb.
Dünya Avşarlar
Dərnəyinin Azərbaycan
təmsilçisi, şair
Şöhlət Əfşar
qeyd edib ki, Nadir şah
tarixin gedişini dəyişdirən sərkərdədir.
O, tarixdə üç
imperiya – Çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyaları ilə savaşdan qalib çıxan və çökmüş
Səfəvi imperiyasının
ərazisini daha da genişləndirərək
Əfşarlar imperiyasını
yaradan böyük hökmdardır...”.
AMEA-nın həqiqi
üzvü, Əməkdar
elm xadimi Yaqub Mahmudov çıxışında bildirib
ki, tarixinə sahib çıxan xalq yenilməzdir, tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur: “Xalqımızın
tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən
biri Nadir şah Əfşardır.
O, Əfşarların Qırxlı
boyundan idi. Dərbənddəki Qırxlar
məscidi, Qırxlar qəbiristanlığı, Qırxlar
məhəlləsi və
Qırxlar qapısı
bu boyun yadigarlarıdır. Nadir şahı amansızlıqda,
qırğınlar törətməkdə
suçlayanlar yanılırlar,
çünki bu barədə ilk mənbələrdə heç
bir məlumata rast gəlinmir. O, məzhəb ayrılığına
son qoymağa çalışırdı. Lakin
Nadir şahın qətli ilə başlatdığı islahatlar
yarımçıq qaldı
və Azərbaycan tarixində fəlakətli
bir dövr başlandı...”.
Yaqub Mahmudovun
çıxışı tədbir
iştirakçıları tərəfindən hərarətli
alqışlarla qarşılanıb.
Beynəlxalq konfransda qeyd olunub ki,
Əfşarlar imperiyası
Səfəvilərin davamı
idi. Tarixdə üç hökmdar – Makedoniyalı İskəndər, Əmir
Teymur və Nadir şah Əfşar Hindistanı fəth edə bilmişdi.
Tədbirdə tarixçi-alimlər
Yaqub Mahmudov və Tofiq Mustafazadənin
müəllifi olduqları
“Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən
dahi sərkərdə”
kitabı (2019) iştirakçılara
təqdim edilib.
Sonda Azərbaycan
nümayəndə heyəti
adından Şeref Kocakayaya Nadir şah Əfşarın kətan üzərində
işlənmiş portreti
hədiyyə olunub.
Xatırladaq ki, 2019-cu ildə Bakıda AMEA-nın Tarix İnstitutu və Dünya Avşarlar Dərnəyinin
birgə təşkilatçılığı
ilə “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda
beynəlxalq elmi konfrans keçirilib.
Mədəniyyət.- 2022.- 9 fevral.-
S.6.