44 günlük savaşŞuşa zəfəri haqqında Azərbaycan-Türkiyə bədii filmi çəkiləcək

 

Türkiyəli heyət ümumilikdə 8 layihə ilə gəlib, müştərək serialın çəkilməsi də planda var

 

 

 

Fevralın 10-da Nizami Kino Mərkəzində Türkiyənin ölkəmizdə səfərdə olan kinematoqrafçılar heyətinin mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Eslem Film” şirkətinin rəhbəri Metin Yücel, “Asmalı Konak”, “Kurtlar Vadisi Pusukimi serilların rejissoru Selahattin Sancaklı, “Kurtlar Vadisi Pusu” filmində Yasin obrazını canlandıran  Ertuğrul Şakar, prodüser Yalçın Çoban iştirak edirdi.

Metin Yücel media nümayəndələrinin diqqətinə çatdırdı ki, yaxın zamanda Azərbaycan kinematoqrafçıları ilə birlikdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Şuşadan bəhs edən filmin çəkilişlərinin başlanması nəzərdə tutulub. Müştərək filmin heyətinin yarısını Azərbaycan, yarısını da Türkiyə kino sənətçiləri təşkil edəcəklər.

Filmdə əsas məqsəd Azərbaycanı və ölkəmizin tarixi zəfərlə başa çatan Vətən müharibəsini dünyaya tanımaq, eyni zamanda otuz il doğma torpaq həsrətində olan azərbaycanlıların yurd, vətən nisgilini göstərməkdir. Filmin çəkilişləri Qarabağla yanaşı müxtəlif bölgələrimizdə də aparılacaq.

Rejissor Selahattin Sancaklı film layihəsinin əsas hekayəsinin Şuşa üzərində qurulacağını dedi: “Qarabağ savaşının hər mərhələsi nə qədər çətin olsa da, Şuşanın alınması və Şuşa döyüşləri bu müharibənin ən çətin mərhələsi olub”. Onun sözlərinə görə, layihənin davamı kimi serial çəlkilişi də nəzərdə tutulub.

Aktyor Ertuğrul Şakar filmin bütün Türk dünyası üçün əhəmiyyətli olacağını vurğuladı. Onun sözlərinə görə, ŞuşaQarabağ savaşının filmlə dünyaya təqdimatına ehtiyac var.

Aktyor seçimlərinin hələ başlanmadığını qeyd edən prodüser Yalçın Çoban təşkilati işlər bitdikdən sonra kastinqlərin keçiriləcəyini bildirdi.

Yaradıcı heyət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə görüş keçirildiyinidedi. Layihənin büdcəsi və ssenarisi haqqında suallara cavabında heyət üzvləri bildirdilər ki, nazirlik və əlaqədar təşkilatlarla müvafiq razılıq əldə ediləndən sonra bu barədə konkret danışmaq olar.

 

Yaradıcı heyət ötən il Azərbaycanda polis işini təcəssüm etdirən filmi lentə aldığını və yaxın vaxtlarda təqdimatının keçiriləcəyini də diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycana birgə əməkdaşlıqla bağlı ümumilikdə 8 layihə ilə gəlmişik. Müxtəlif janr və mövzuları əhatə edən layihələrin əsas məqsədi Azərbaycan və Türkiyə kinematoqrafçıları arasında təcrübəyə rəvac və əlaqələrin inkişafına təkan verməkdir.

Azərbaycan kinosu haqqında az bilgiyə sahib olduqlarını da etiraf edən yaradıcı heyətin üzvləri mədəniyyətlərin təbliği və tanıtımı üçün sənət sahəsində çoxsaylı layihələrin vacibliyini qeyd etdilər.

 

Lalə

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.1;3.