İrəvan Müəllimlər
Seminariyasının 140 illiyi silsilə tədbirlərlə
qeyd olunacaq
Bu il İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib. Tədbirlər planına əsasən, “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa, “XIX əsrdə regionda dünyəvi təhsil verən İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında esse müsabiqəsi, seminar, sərgi və digər tədbirlər nəzərdə tutulur.
Həmçinin görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə tədbir keçiriləcək.
Qeyd edək ki, dövlət
başçısının sərəncamında da vurğulandığı kimi,
XIX əsrin ikinci yarısından etibarən
Cənubi Qafqazda maarifçilik
hərəkatında İrəvan Müəllimlər
Seminariyasının xüsusi yeri olub. 1881-ci ilin noyabr ayında fəaliyyətə
başlayan İrəvan Müəllimlər Seminariyası çar
hakimiyyətinin bölgədəki maraqları naminə
yaradılmasına baxmayaraq, 40 ilə
yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli
müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai,
elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub
saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib.
Firidun bəy Köçərli
seminariyanın ilk müəllimlərindən
olub, geniş mədəni-maarif
işləri aparıb. Seminariyanın məzunları
sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri
və dövrünün görkəmli
ziyalıları var.
Mədəniyyət.- 2022.- 11 fevral.- S.6.