Akademik Musiqili Teatr TehrandaFəcrfestivalında iştirak edir

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatr İranda keçirilən 40-cı “FəcrBeynəlxalq Teatr Festivalında iştirak edir. Yaradıcı heyət 9-13 fevral tarixində qonşu ölkədə səfərdə olacaq.

Ənənəvi festivalda bir neçə dəfə ölkəmizi təmsil edən Akademik Musiqili Teatrı fevralın 11-də “Bir nəfəs qədər” (S.Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isəUtancaq qız” (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək. Səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.

Rejissor Samir Qulamovun müəllifi olduğu pyes əsasında quruluş verdiyiBir nəfəs qədərtamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.

Rus yazıçısı Fyodor DostoyevskininUtancaq qızfantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edir. O, həmçinin əsəri Azərbaycan dilinə tərcümə edib.

Hər iki tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Qeyd edək ki, Akademik Musiqili Teatrın yaradıcı heyətindən savayı teatrın direktoru Ə.Lalayev bir neçə dəfə münsiflər heyətinin üzvü ekspert kimiFəcrfestivalında iştirak edib.

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.5.