İlmələrin hikməti

 

Ən qədim nümunələri Qədim Misirdə ərsəyə gətirilən və çox-çox sonralar fransız əsilli Qobelen qardaşlarının soyadı ilə məşhurlaşan qobelen sənətinin yalnız XX əsrdə Azərbaycan sənət məkanına gəlməsi, heç şübhəsiz, onların uzun müddət  yerli xovluxovsuz toxuculuq nümunələri ilə rəqabət aparmaq gücündə olmaması ilə bağlıdır. Azərbaycanın sovetləşməsindən sonra xüsusi təhsil ocaqlarında xalça sənəti ilə yanaşı, həm də Avropa mədəniyyəti nümunəsi kimi digər toxuculuq nümunələrinin, o cümlədən də qobelenin estetikasını əhatə edən bədii-texniki xüsusiyyətlər aşılanmaqda idi. Odur ki, təhsil sonrası bəziləri hər iki sahə ilə məşğul olurdular. Hər iki sahəyə maraq göstərənlərdən biriTamilla Abdullayeva olmuşdur.

Əlavə edək ki, zamanında Tiflisdəki İ.Toidze adına Rəssamlıq Məktəbində qobelenlə bağlı yiyələndiyi vərdişlərlə Bakıda görkəmli xalça ustası Lətif Kərimovdan aldığı sənət dərslərini qoşalaşdıran gənc rəssam, tezliklə özünü rəqabətli rəssamlıq məkanında çox inamlı hiss etməyə başlamışdı. Onun yaradıcılığında müşahidə olunan bədii axtarışlar da bunu təsdiqləyir. Ümumi bədii tutumuna görə bir-birindən fərqlənən xalçaqobelen nümunələrində çoxdan ənənəviləşən bədii yanaşmalara özünəməxsus yaradıcı münasibəti görmək mümkündür. Bu prosesdə ən diqqətçəkən məqam müəllifin yaratdığı nümunələrdə hər iki sənət növününestetik xəritəsi”nin çərçivəsini duyulası dərəcədə genişləndirmək istəyinin uğurlu təsdiqini tapa bilməsidir. Ornamental xalçalarında ilmələrin klassik dəqiqliyini əldə etməyə səy göstərən Tamilla xanım qobelenlərində sərbəst və icra improvizələrinə meyllidir. Bunun çox vaxt mövzunun məna-məzmun yükündən qaynaqlandığını vurğulamaqla, bədii-texniki prosesin son nəticədə, əsərin cəlbediciliyi ilə yanaşı, həm də düşündürücülüyünü şərtləndirdiyini qeyd etmək lazımdır.

Əgər onun 1980-2012-ci və sonrakı illərdə ərsəyə gətirdiyi xovlu xalçaların estetikasını dəyərləndirməli olsaq, onda daha qabarıq görünən bədii məziyyətin müəllifin klassik kompozisiyalara özünəməxsus görkəm vermək olduğunu deməliyik. Həm də milli bədii irs nümunələrinə yaddaqalan nəzirə kimi qəbul olunan bu xalçalarda ornamental ritmin kolorit yığcamlığı ilə ifadəsində nümayiş etdirilən yüksək sənətkarlıq da kifayət qədər görünəndir. Elə bunun sayəsində onun müxtəlif illərdə ərsəyə gətirdiyi xalçaxalça eskizlərinin yaddaqalan olduğunu vurğulamaq istərdik. Bu mənada “Ornamental kompozisiya” (2010), “Bağçada güllər” (1980), “Əfşan” (2010), “İslimibənd” (1980), “Saxsıda güllər” (2012) və digər xalçaların daşıdığı rəmzi-fəlsəfi naxış örtüyünün və incə koloritin nə qədər ruhsal olduğunu söyləmək mümkündür. Onların bədii tutumunu şərtləndirən nəbati və həndəsi ornamentlərinin estetikasına cəlbediciliklə yanaşı, həm də düşündürücülük qatıldığından ilmələrlə əyaniləşən ümumi görüntünün duyğulandırıcı olduğunu deməliyik...

Tamilla Abdullayevanın qobelənləri həm də bədii-texniki improvizələrin zənginliyi ilə fərqlənir. Onların düşündürücülüyü yəqin ki, bu dekorativ sənət nümunələrində həm də hikmət dolu xalça estetikasından yaradıcılıqla faydalanmanın uğurlu nəticələrini əks etdirir. Ümumi bədii tutumu və ifadə estetikası ilə həm də rəngkarlıq tablolarını xatırladan bu əsərlərdə ovqat yaratmaq gücü duyulandır. Bunun üçün müəllif formatdan və koloritdən çox uğurla istifadə edir. “Günəbaxanlar” (2012), “Lalələr” (2013), “Şəhidlərin xatirəsinə” (2020), “Çəməndə güllər” (2020), “Dirçəliş” (2022) və s. əsərlərində ümumi koloritin və rəmzə çevrilmiş ayrı-ayrı ayrıntıların cəlbediciliyində həm də dərin məna-məzmun hifz olunduğudan onlar tamaşaçı ilə dialoq yaratmaq gücündədir.

Müəllifi düşündürən mövzuların silsilə qobelenlərlə ifadə edilməsi də onun yaradıcılığı üçün səciyyəvidir. Bu mənada müxtəlif illərdə yaradılmış “Novruz” (2020), “İlin fəsilləri” (2020), “Kəpənəklər” (2005-2006), “Qədim Azərbaycan rəmzləri” (2019-2020), “İlin dörd fəsli” (1998) və “Rənglərin harmoniyası” (2020) qobelenlərini qeyd etmək olar. Əsasən bir neçə əsərin bir araya gətirilməsi ilə düşüncələrini ifadə edən rəssam, onlar arasında axıcı rəng və forma-biçim keçidini əldə etməklə, son nəticədə kompozisiyanın bütövlüyünə nail ola bilmişdir. Başqa sözlə desək, Novruz bayramının əhval-ruhiyyəsi, kəpənək zərifliyinin cəlbediciliyi, fəsillərin rəng və ovqat daşıyıcılığı, ağac möhtəşəmliyinin qürurvericiliyi cəlbedici və gözoxşayan estetika ilə ifadə edildiyindən, onlardakı bədii bütövlük eyni zamanda xoş aura yaradıcısı kimi çıxış edir. Bu həm də onlardan yeri gələndə interyer bəzəyi kimi istifadəni şərtləndirir, desək, həqiqəti söyləmiş olarıq.

Qobelen kompozisiyalarında milli maddi-mənəvi sərvət nümunələrindən istifadə etməsi də onun yaradıcılıq xüsusiyyətlərdəndir. Rəssamın xalça naxışlarından və arxeoloji qazıntı nümunələrindən uğurlu istifadəsi zamanında müəllimi Lətif Kərimovun yaratdığı xalçaları xatırlatsa da, həmin bədii ayrıntıların gözoxşayan məcmusu eyni zamanda mənəvi dəyərlərin yeniliyə bələnmiş qürurverici görkəmdə tamaşaçıya təqdimatı kimi yadda qalır.

Tamilla xanımın tərtib etdiyi bir çox kompozisiyalara müəyyən meyvələri daxil etməsi, bilavasitə natürmort janrı yaratmaq istəyi kimi qəbul olunsa da, bütünlükdə onun daha çox ayrı-ayrı nemətlərə xas olan estetik dəyərləri qabartmaq istəyi duyulur.Nar” (2012), “Xurma” (2021), “Limon” (2021), “Payız nemətləri” (2022) və s. qobelenlərindəki meyvələr nə qədər dekorativ görünsələr də, onları səciyyələndirən plastikanın cəlbediciliyi elə ilk baxışdan hiss olunur.

Əgər Tamilla Abdullayevanın xalçalı-qobelenli yaradıcılıq irsinə yekunlaşdırıcı dəyər verməli olsaq, onda ilk növbədə bu çoxsaylı dekorativ-tətbiqi sənət nümunələrində milli bədii irsə yaradıcı yanaşma nümayişinə şahidlik etdiyimizi söyləyə bilərik. Bu münasibətin kökündə ənənə ilə müasirliyin qovuşması durduğundan ərsəyə gətirilən toxuculuq nümunələri istənilən tamaşaçını ovsunlamaq gücündədir...

 

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.7.