Pol Nadarın Bakıdan İstanbul və Daşkənd yolu

 

Fevralın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert Matild Falqiyer tərəfindən təqdim olunanPol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd” mövzusunda konfrans keçirildi.

Hibrid formatda konfrans Mədəniyyət Nazirliyi, Fransanın Azərbaycandakı Səfirliyi,  Azərbaycan Fransız İnstitutu (İFA) və Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə 17 dekabr 2021-ci ildə muzeydə açılan “Pol Nadar. Bakıya əsrarəngiz səyahət” adlı sərgi çərçivəsində təşkil edilmişdi.

Giriş sözü söyləyən İFA-nın direktoru Jerom Kel konfrans haqqında məlumat verdi, iki ay əvvəl açılan “Pol Nadar. Bakıya əsrarəngiz səyahət” sərgisinə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyini xüsusi qeyd etdi. Bildirdi ki, konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edir.

Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova qeyd etdi ki, “Pol Nadar. Bakıya əsrarəngiz səyahət” sərgisi muzeydə nümayiş etdirilən maraqlı layihələrdən biridir: “Bu günə qədər bir çox fotoqraflar ölkəmizin tarixinə, mədəniyyətinə həsr olunmuş şəkillər çəkiblər. Onlardan biriPol Nadardır. Onun çəkdiyi fotolara baxdıqda sanki Bakının XIX əsrin sonlarındakı tarixinə səyahət edirsən. Sərgi böyük maraq doğurdu. Təsadüfi deyil ki, sərginin açılışından bu günə qədər muzeyə gələn hər bir ziyarətçi Pol Nadarın lentə aldığı fotolara tamaşa edir...”.

Layihənin kuratoru Könül Rəfiyeva vurğuladı ki, Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlər 1890-cı ildə tamam fərqli görünürdü: “Ona görə də onun fotoreportajı paytaxtımız haqqında böyük əhəmiyyət kəsb edən sənədli materiallardır. Nadar küçəni, dükanları və bazarları, səyyar tacirləri, oradan keçən köçəriləri və yeni şəhər cəmiyyətini, ailələri, uşaqları fotolentə alıb. Bu şəkillər Fransa Mədəniyyət Nazirliyinin arxivində saxlanılan orijinal neqativlərdən çap olunub...”.

K.Rəfiyeva çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Sonra onlayn olaraq konfransa qoşulan Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının (MAP) fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert Matild Falqiyer mövzu ətrafında çıxış edərək, FelixsPol Nadarların həyat və fəaliyyəti  haqqında məlumat verdi. Konfrans iştirakçılarının sualları cavablandırıldı.

Xanım Matild Falqiyer Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri olmaqla yanaşı, həmçinin mədəni irsin qorunması ilə məşğuldur. O, 2018-ci ildə “Nadar ailəsi,  fotoqrafiya  əfsanəsi” sərgisinin kataloquna öz töhfəsini verib və “Pol NadarPayram, İpək yolu üzərində fotoqrafiya dialoqu” kitabının həmmüəlliflərindəndir.

Sonda iştirakçılar muzeydəki sərgi ilə tanış oldular.

Xatırladaq ki, “Dahilərin portretləri”, “Bakı” və “Türküstana səyahət” adlı üç tematik hissədən ibarət olanPol Nadar. Bakıya əsrarəngiz səyahət” adlı sərgi fevralın 15-dək ziyarət üçün açıqdır.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.1;2.