Tahir Salahovla “Dialoq”
Rəssamla həyat və sənət
söhbətlərindən ibarət kitabın təqdimatı
Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun (1928-2021) həyat və yaradıcılığına həsr edilmiş “Dialoq” kitabı (rus dilində) fevralın 8-də Bakı Kitab Mərkəzində təqdim olunub.
2021-ci ilin martında, Tahir Salahovun sağlığında işıq üzü görən kitabın müəllifi musiqişünas Raya Abbasovadır. Nəşr Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə ərsəyə gəlib. Leyla Əliyevanın “Böyük sənətkarın dünyası” sərlövhəli məqaləsi də nəşrdə yer alıb.
Kitab Azərbaycanın, SSRİ-nin, habelə Rusiyanın Xalq rəssamı, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ və Rusiya Dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti Tahir Salahovla dialoq janrında yazılıb. Müəlliflə “Dialoq”da Tahir Salahov yaşadığı çətin və şərəfli ömür, həmçinin həyatının fərqli dövrləri ilə bağlı səmimi etiraflar edir.
Təqdimat mərasimində Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva vaxtilə redaktoru olduğu jurnalda da Tahir Salahovla müsahibələrin dərc edildiyini vurğulayaraq, fikirlərini və xatirələrini bölüşüb: “Tahir Salahov uşaqlığında atasını itirmiş, lakin həyatda uca zirvələrə qalxmış bir şəxsiyyət olub...”.
G.Rzayeva kitabın müəllifi, musiqişünas Raya Abbasovaya bu əməyinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, kitabın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova qeyd edib ki, kitab üzərində iş 2017-ci ildə başlansa da 2021-ci ildə bitib. Kitabın gec bir vaxtda ərsəyə gəlməsinə səbəb Tahir Salahovun şəxsən iş prosesinə cəlb olunması idi: “Yadımdadır ki, o, Moskvadan gəlib kitabı görəndə çox sevindi. Dahi rəssam, güclü şəxsiyyət Tahir Salahov haqqında müxtəlif dövrlərdə kitablar çap oluna bilər, amma rəssamın sağlığında onun işıq üzü görməsi xüsusi əhəmiyyət kəsb edir. Kitabda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəssama ünvanladığı təbrik məktubları da yer alıb. Mehriban xanım Əliyeva onu planetar bir rəssam, bəşəriyyətin rəssamı adlandırmışdır. Tahir Salahovun “Bəşəriyyət naminə” əsəri insana sanki bir enerji verir, onu həyata ruhlandırır...”.
Xalq yazıçısı Anar rəssamla bağlı xatirələrini danışıb: “Mən şəxsən Tahirlə dost olmasam da, bir-birimizi görəndə yaxın insanlar kimi görüşürdük. Tahir mənim şəklimi çəkəndə xəbərsiz idim. Həmin o anlar mənim yadımdan çıxmayacaq. Çünki mən yaxın dostumu itirdiyimdən portretim kədərli alınmışdı. O portret indi də mənim evimdədir. Paradoks odur ki, rəssamlıqda o dövrdə abstraksionizm, pop-art və digər cərəyanlar meydana çıxmışdı. Amma o realizmə sadiq qalaraq bu janrın yeni səhifələrini açmaqla sübut etdi ki, insanları hələ heyrətə gətirmək mümkündür”.
Tahir Salahovun İçərişəhərdəki ev-muzeyinin direktoru Səadət Mirzəyeva bildirib ki, bu kitab sənətkarın sağlığında işıq üzü görən nəşrlərdən sonuncusudur. S.Mirzəyeva Tahir Salahovla bir yerdə çalışdığını, onunla sərgilərdə xoş anlar yaşadığını söyləyib.
İnsan hüquqları
üzrə müvəkkil (ombudsman) Səbinə
Əliyeva, Xalq rəssamı Arif Hüseynov
çıxış edərək Tahir Salahov şəxsiyyəti haqqında
düşüncələrini bölüşüblər. Bildiriblər ki, Tahir Salahov
dünyada realist rəssam
kimi şöhrət tapıb. Onun rəssamlıqda sərt üslubu dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri,
rənglərin ən
incə çalarları
ilə öz ifadəsini tapıb.
O, fəlsəfi düşüncələrini
fırça ilə çox aydın və anlaşılan obrazlı şəkildə
çatdıran qüdrətli
sənətkardır.
Kitabın müəllifi, musiqişünas
Raya Abbasova kitabın yazılma prosesindən danışıb: “Onun haqqında o qədər söz demək istəyirəm ki, fikrimi ardıcıl qura bilmirəm. Ancaq demək istədiklərimi
kitabda olduğu kimi yazmışam. Çox sevinirəm ki, onun haqqında yazmağı məhz mənə tapşırıblar.
Kitab uzun müddətə yazıldı. Yaxşı ki,
belə oldu. Əgər yubileyi üçün yazılsa idi, sonradan baş verən mühüm hadisələr kitaba daxil edilməzdi. Tahir Salahov haqqında
rəssam kimi danışmaq az
olardı, o hərtərəfli
bir insan idi. Kimlərlə ünsiyyət qururdusa
həmin şəxsin
yaddaşında pozulmaz
iz buraxırdı.
Bu kitab Tahir
Salahovu olduğu kimi əks etdirir.
Onunla etdiyim söhbətlərin axıcı
keçdiyi üçün
kitab “Dialoq” adlanır...”.
Mədəniyyət.- 2022.- 11 fevral.- S.5.