Kino sənayesini özünütəcriddən
sığortalamağın bir yolu müştərək filmlərin
istehsalıdır
Fevralın 7-dən Moskvada Azərbaycan kinosunun ilk irimiqyaslı retrospektiv nümayişi keçirilir. Filmlərin surəti Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim edilib. Ən müxtəlif illərə aid kinematoqrafiyamızı əhatə edən filmlər Moskvanın “İllüzion” kinoteatrında nümayiş edilir.
Fevralın 15-dək davam edəcək proqramda Azərbaycan kinosunun ötən əsrin 30-cu illərinə aid səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş, həmçinin müasir rejissorların beynəlxalq festivallarda uğur qazanmış filmləri – ümumilikdə 19 ekran əsəri yer alıb.
Layihənin təşəbbüskarı Aleksandra Lavrova və retrospektiv baxışın kuratoru, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov Rusiyanın “Seans” jurnalına proqrama daxil edilmiş filmlər və Azərbaycan kinosunun özəllikləri barəsində danışıblar.
Azərbaycanda bədii kinonun ilk onillikləri haqqında məlumat verən Rüfət Həsənov sonra diqqəti post-stalinizm dövrünün kinosu və “altmışıncılar” nəslinin uğurlarına çəkib: “Altmışıncı illərdə yeni nəsil kinematoqrafçılar gəldilər: Rüstəm və Maqsud İbrahimbəyovlar, Rasim Ocaqov, Eldar Quliyev. Onların filmlərində milli kolorit sezilsə də, ümumilikdə filmlər o dövrün trendi ilə səsləşərək çəkilirdi. Məsələn, Eldar Quliyevin “Bir cənub şəhərində” filmi italyan neorealizmi ruhunda çəkilib. Filmə baxanda dərhal görünür ki, müəlliflər Fransa kinosunun “yeni dalğa”sına da yaxşı bələd imişlər. Bu baxımdan həmin illər milli kinematoqrafiyamızın çox parlaq bir dövrünü əhatə edir. Kino gündəlik gerçəkliklərə müraciət edərək ilk dəfə ekrana tamaşaçıların hər gün rastlaşdıqları insanları gətirdi...”.
1970-ci illərin sonundan və xüsusən 1980-ci illərin əvvəllərindən kinematoqrafçıların sosial münaqişələr mövzusuna müraciət etdiklərini deyən Rüfət Həsənov müstəqillik əldə ediləndən sonra film müəlliflərinin istiqamət axtarışlarının əsaslı şəkildə dəyişdiyini, dünya kinosu kontekstində öz yerini dərketmə prosesinin başlandığını vurğulayır: “1990-cı illərdə kinoya şəxsi sərmayəçilər, sponsorlar, əcnəbi fondlar gəldi. Lakin ən əsası bu dövrdə yeni bədii vasitələrin axtarışı başladı”.
Bu xüsusda Ayaz Salayevin tərki-dünya tərzinin təcəssümü olan “Yarasa”, Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”, Hüseyn Mehdiyevin “Özgə vaxt” kimi filmləri qeyd edilir: “Biz bu filmləri retrospektiv proqramımızda görəcəyik. Mənə elə gəlir ki, bu filmləri ümumi motivlər, hansısa eyni təmas nöqtələri birləşdirir. Deyərdim ki, bu filmlər öz səsinin, yeni dilin axtarışı, uçuş və azadlıqdır, bütün bunlar o filmlərə baxanda hiss olunur. ...“Yarasa” ilə “Özgə vaxt” vaxtilə Berlin Beynəlxalq Film Festivalının iştirakçısı olublar. “Hər şey yaxşılığa doğru” Oberhauzen festivalında dörd mükafat almışdı...”.
Azərbaycan kinosunda böhranın 2000-ci illərdə başlandığını deyən Rüfət Həsənov bunun nəsillər arasındakı əlaqənin qırılması ilə bağlı olduğunu deyir: “Yeni müəlliflər heç də dərhal meydana çıxmağa hazır deyildilər. Əksəriyyəti ölkə xaricində təhsil alırdı – Avropada, ABŞ-da, Rusiyada. Retrospektiv proqramı “Sonuncu” filmi açacaq. Bu Aleksandr Proşkinin emalatxanasının məzunu Fariz Əhmədovun filmidir. Mənə elə gəlir ki, yeni Azərbaycan kinosunun yaranma mərhələsi kimi 2013-cü ili hesab etmək olar. Məhz həmin il bir neçə gənc (və ən əsası müstəqil) müəllifin filmi aparıcı beynəlxalq kinofestivalların – Lokarno, Karlovı Varı, Toronto, Rotterdam və s. müsabiqə proqramında paralel olaraq iştirak edirdi. Retrospektivdə biz Hilal Baydarovun Venesiya kinofestivalının müsabiqə proqramına qatılmış, Tokio kinofestivalından isə Qran-pri ilə qayıtmış “Səpələnmiş ölümlər arasında” filmini təqdim edirik...”.
“Biz
kinematoqrafiyamızın özünütəcrid şəraitində
yaşamasını istəmirik” deyən nazirliyin
şöbə müdirinin sözlərinə
görə, kinosənayedə özünütəcriddən
sığortalamanğın yollarından biri
müştərək filmlərin istehsalıdır: “Məsələn,
retrospektiv proqramımızda Rasim Ocaqovun “Qətldən
yeddi gün sonra” filmi də var. Bu film
1991-ci ildə ABŞ və SSRİ
kinematoqrafçılarının birgə səyi ilə
çəkilib. Artıq o zaman
müştərək kino istehsalı üçün zəmin
yaradılırdı... Müştərək kinolayihələrə
daha geniş yol açmaqdan ötrü nazirlik olaraq bir il
əvvəl Film Komissiyası – “Filming Azerbaijan” yaratdıq.
Əlbəttə, görüləsi işlər çoxdur, amma bu faktın özü
nikbinliyə köklənməyə əsas verir.
Bizim bu istiqamətdə
artıq yaxşı bir təcrübəmiz
var – mən “Netflix”in Azərbaycana gəlib iri
kinolayihə üçün bir neçə səhnə çəkməsini
nəzərdə tuturam. Azərbaycanda nə
qədər çox əcnəbi kino xadimi film
çəksə, prodüserlik etsə,
birgə istehsalat institutu
və deməli, bütövlükdə kino
sənəti inkişaf edəcək...”.
Mədəniyyət.- 2022.- 11 fevral.- S.3.