Tacikistanla mədəni əlaqələr və UNESCO çərçivəsində əməkdaşlıq müzakirə olunub

 

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Tacikistanın UNESCO üzrə Milli Komissiyasının məsul katibi Zülfiyə Burhon ilə görüşüb. Görüşdə Azərbaycan ilə Tacikistan arasında mövcud əlaqələr və UNESCO çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Z.Burhon ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.

Səfir Ə.Əskərov Azərbaycanın UNESCO-nun ümumi fəaliyyətinə verdiyi önəmli töhfə barədə danışıb, sivilizasiyalar, mədəniyyətlər və xalqlar arasında dialoqun təşviqi istiqamətində dövlət siyasətindən bəhs edib. Diplomat buna misal olaraq Bakıda ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forumun keçirildiyini, ölkəmizin UNESCO-nun mühüm tədbirlərinə ev sahibliyi etdiyini deyib.

Diplomat Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qurumun təbliğ etdiyi universal dəyərlərin yayılmasında, ümumbəşəri mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasında xidmətlərindən söz açıb. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində mədəniyyət, təhsil, elm, səhiyyə və s. sahələrdə layihələrin həyata keçirildiyi qeyd olunub.

Səfir  Azərbaycan torpaqlarının otuz ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılması, o cümlədən tarixi-mədəni və dini abidələrin dağıdılması barədə də danışaraq 2020-ci ildə işğaldan azad edilən torpaqlarda quruculuq və mədəni irsin bərpası istiqamətində işlərin başlandığını diqqətə çatdırıb.

 

Görüşdə ikitərəfli və UNESCO çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, mütəmadi görüşlərin təşkili, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.3.