Türk dövlətləri olaraq bu təşkilatda daha da yaxınlaşacağıq”

 

Hulusi Kılıç: “Türk Dövlətləri Təşkilatının çox güclü şəkildə inkişaf edəcəyinə inanıram”

 

 

 

2021-ci ilin 12 noyabrında  İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə görüşündə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) oldu. Türk dünyasının bir çox siyasətçiləri, diplomatları təşkilatın adındakı dəyişikliyin fəaliyyətinə də əhəmiyyətli təsiri olacağı qənaətindədir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, ölkələrimiz arasında və Türk dünyasında xidmətləri ilə tanınan, Azərbaycanın “Dostluqordeni laureatı, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi  Hulusi Kılıç bizimlə söhbətində bu xüsusda maraqlı fikirlər bildirdi.

 

Hulusi bəy, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə fəaliyyətində, Sizcə, nə kimi yeniliklər olacaq?

 

Bu dəyişiklik zatən, gözlənilən idi. 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişinin imzalanmasından sonra qurulan Türk Şurası fəaliyyətini bu günədək uğurla davam etdirdi. 13 il əvvəl Naxçıvanda “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” sazişini imzalayan 4 dövlət vardı, hazırda bu rəqəm 7-dir. Bu, normal inkişafdır. Əvvəl Türk Şurası regional bir təşkilat təsiri bağışlayırdı, amma indi belə deyil. TDT artıq Avropa Birliyi, Ərəb Dövlətləri Liqası kimi beynəlxalq bir təşkilatdır.

 

Təşkilatın yeni adla – TDT olaraq fəaliyyəti üçün Azərbaycanın dönəm başqanlığı dövründə hazırlıqlar görüldü. 12 noyabr 2021-ci ildə də İstanbulda təşkilat yeni adla fəaliyyətə başladı. Funksiyasında da əlbəttə, dəyişiklik olacağı gözləniləndir. Siyasi, iqtisadi, mədəniyyət və turizm sahəsində çalışmaların genişlənməsi lazımdır ki, bunu da artıq görməkdəyik.

 

Bu  təşkilat kimsəyə qarşı yaradılmayıb, tamamilə bizim dil, kök, mədəniyyət birliyimizdən irəli gələn bir quruluşdur. Yeni adı ilə bərabər təşkilat yeni fəaliyyəti ilə də regionun inkişafına çox böyük dəstək verəcək. Eyni soydan, eyni dildən olan insanların,  ölkələrin birliyi və əməkdaşlığı son dərəcə təbiidir. 2022-ci ildə Türkiyənin dönəm başqanlığı zamanında da bu məsələlər yetərli şəkildə öz yerini tutacaqdaha da inkişaf edəcək.

 

Yeddi dövlət arasında Macarıstanın yer alması xüsusilə önəm qazandı. Avropanın mərkəzində Türk Dövlətləri Təşkilatı nümayəndəliyinin olması çox əhəmiyyətlidir. Bundan başqa, TDT nəzdində Yardım fondu quruldu ki, o da kiçikorta biznesə dəstək verəcək, bunun da iqtisadi baxımdan əhəmiyyəti var. Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından da bu ölkələr çox önəmlidir.

 

 

 

– Türkmənistanın müşahidəçi qismində qatılması haqqında mövqeyiniz nədir?

 

– Türkmənistan tərəfsiz, müstəqil bir ölkədir. TDT bir hərbi təşkilat deyil, Türkmənistan da necə ki, mərkəzi Tehranda olan İqtisadi Əməkdaşlıq Təşkilatına üzvdür, TDT-yə də üzvlüyü normaldır. Mən inanıram ki, Türkmənistan bu təşkilata tam üzv olaraq qatılacaq. Bu təşkilatın təkcə regiona deyil, dünyaya da müsbət təsiri olacaq. Çünki sülhə, barışa, iqtisadiyyata, enerji təminatına qatqısı olan bir təşkilatdır. Biz türk dövlətləri olaraq bu təşkilatda daha da yaxınlaşacağıq. Bir zamanlar aralarımızda itən əlaqələr bərpa olunacaq  bu yaxınlaşma ilə dilimizdəki ləhcə fərqləri də tədricən aradan qalxacaq. Təbii ki, bunun üçünçox fəal olmaq, çox işləmək lazımdır.

 

 

 

TDT-nin nəzdindəki təşkilatların fəaliyyəti artırılmalıdır, yoxsa yeni qurumlar da yaradılmalıdır?

 

Katibliyi İstanbulda olan TDT-nin ümumi çətiri altında Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyası, Bakıda Türk Dövlətləri Parlamentlər Assambleyası – TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu, yenə də İstanbulda Türkiyə Ticarət və Sənaye Palatası, Bişkekdə isə Köçəri Sivilizasiya Mərkəzi var. Bu qurumların fəaliyyətləri təbii ki, artırılmalıdır.

 

 

 

– Sizcə, bu xüsusda TÜRKSOY-un üzərinə daha çox düşmürmü?  Dil, mədəniyyət, mənəviyyat məsələləri əsasən onun fəaliyyət sahəsinə daxildir...

 

– Əlbəttə, TDT yenidən təşkilatlandıqdan sonra onun tərkibindəki bütün qurumlardan, o cümlədən TÜRKSOY-dan fəaliyyətinin daha da artacağını gözləyirik.  TÜRKSOY-a  bəzən Türk dünyasının UNESCO-su deyilir.  Ona görə də TÜRKSOY-un UNESCO kimi  bir orqana çevrilməsi vacibdir. Mən TDT-nin gələcəyinin çox gözəl olacağına inanıram. Ölkələrimiz  arasında ticarət mübadiləsi daha çox artdıqdan sonra, türkdilli dövlətlər bir-birinə dəstək olmaqla, nisbətən az inkişaf etmiş ölkələr də inkişaf edəcək.

 

 

 

– Yəni, Avropa Birliyində olduğu kimi?

 

– Bəli. Mən Fransada Avropa Birliyi hüququ üzrə də təhsil almışam. Zatən, TDT Avropa Birliyi modelindədir.

 

 

 

– Dünyanın bir çox yerində türklər yaşayır. Bəs türk azlıqların bu təşkilatda yer alması necə mümkün ola bilər?

 

– Mən Türk dünyasını  4 qrup üzrə təsnifatlandırardım: birincisi, 7 türk dövləti; ikincisi muxtariyyət olanlar – Rusiyanın tərkibindəki muxtar respublikalar,  Qərbi Türküstan (Çinin tərkibində), Moldovada Qaqauziya; üçüncüsü, türk azlıqlardır ki, Qərbi Trakyada (Yunanıstan), Bolqarıstanda, İraqda, Suriyada, İranda, Gürcüstanda yaşayırlar;  dördüncüsü, isə Avropaya gedib yerləşmiş türklərdir. Belə diaspor türklərinin sayı 10 milyondan çoxdur. Eləcə də, Asiya, Amerika, Afrika ölkələrində də yaşayan türklər var. Ona görə də TDT azlıqda olan türklər üçünbir güvən yeri olacaq. Bu gün TDT-yə qatılmaq istəyən ölkələr çoxdur.

 

 

 

Rusiya da bu təşkilatda yer almaq istəyir...

 

Hazırda 10-a yaxın belə ölkə var. Bu təşkilat qeyri-türkdilli ölkələrin marağındadır. TDT- yalnız rəsmi dövlət dili türkcə olan ölkələr tam üzv ola bilər. Məsələn, Şimali Kipr Türk Cümhuriyyəti orada təmsil olunacaq. Amma bu təşkilatda ortaq əməkdaşlıq deyə bir yenilik oldu. Buna görə Rusiya müşahidəçi olaraq qatıla bilər, Koreya da qatılmaq istəyir. Azərbaycan, Qazaxıstan, Türkmənistan neft qazı, mühüm transmilli nəqliyyat imkanları, Türkiyə isə coğrafi mövqe dünyadakı yüksək nüfuzu ilə bu təşkilatda əhəmiyyətli yer tutur. Türk Dövlətləri Təşkilatının gələcək 10 il içərisində çox güclü şəkildə inkişaf edəcəyinə inanıram. 

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.6.