Tarix-diyarşünaslıq muzeylərinin məktəblərdə
fəaliyyəti
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə il ərzində keçirilməsi nəzərdə tutulan seminarlar silsiləsinin ilk onlayn tədbiri olub.
Muzeydən verilən məlumata görə, seminar 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar təşkil olunub.
Tarix-diyarşünaslıq muzeyləri direktorlarının, Qarabağ bölgəsi üzrə məktəblərin direktor və müəllim heyətinin iştirak etdiyi seminar Vətən müharibəsi mövzusunda şagirdlərlə aparılan işlərə həsr edilib.
Onlayn seminara qonaq qismində Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin direktoru Nəsibə Eyvazova və Hərb Tarixi Muzeyinin şöbə müdiri Gülşən Hüseynova da qatılıblar.
Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri Nərgiz Əliyeva çıxış edərək seminar iştirakçılarını əməkdaşlığa çağırıb və onlara uğurlar arzulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Ləman Musayeva “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi, Vətən müharibəsi fondu, Qarabağla bağlı muzeyin nəşr etdirdiyi kitablar, məqalələr, tarix-diyarşünaslıq muzeyləri haqqında məlumat verib.
Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov fondun yaranma tarixindən, fəaliyyətindən bəhs edib.
Mingəçevir Tarix Muzeyinin, Füzuli şəhər 1 nömrəli tam orta məktəbin, Beyləqan, Bərdə, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Xaçmaz, Daşkəsən və Quba tarix-diyarşünaslıq muzeylərinin direktorları Vətən müharibəsi mövzusunda muzey-məktəb əlaqələri haqqında danışıblar.
Mədəniyyət.- 2022.- 4 fevral.- S.6.