“Azərxalça”da “Açıq qapı”

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) qədim xalq sənətini gənclər arasında təbliğ etmək və bu sənətə marağı artırmaq məqsədilə müxtəlif təşəbbüslər həyata keçirir.

2 fevral – Gənclər Günündə “Azərxalça” ölkənin müxtəlif regionlarında yerləşən emalatxanalarında gənclər üçün “Açıq qapı” aksiyası elan edib.

“Azərxalça” ASC-dən bildirilib ki, emalatxanalara gələn region gəncləri və gənclər təşkilatları nümayəndələrinə xalçalar haqqında ümumi məlumat verilib, onlara istehsal prosesini izləmək şəraiti yaradılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin bir qrup tələbə və müəllim heyəti isə Abşeron (Qobu) emalatxanasına baş çəkib. “Azərxalça”nın istehsalat direktoru tələbələrə xalçalar haqqında söz açıb, istehsal prosesinin incəliklərindən danışıb və tələbələri maraqlandıran suallara cavab verib.

Məlumatda o da qeyd olunur ki, səhmdar cəmiyyətin emalatxanalarının qapıları bir gün deyil, ilin bütün günləri həm gənclərin, həm də xalçaları sevən hər kəsin üzünə açıqdır.

 

Mədəniyyət.- 2022.- 4 fevral.- S.4.