“Ruhumun ünvanı Şuşa!”
Respublika rəsm müsabiqəsi
Şuşa şəhərinin abidələrini, memarlıq komplekslərini, füsunkar təbiətini, tarixini, o cümlədən işğal dövrünü və işğaldan sonra başlanan yeni inkişaf mərhələsini uşaq və gənclərin bədii təxəyyülündə əks etdirmək, onların yaradıcılıq potensialını, yeni istedadları üzə çıxarmaq məqsədilə daha bir müsabiqə keçirilir.
Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Ruhumun ünvanı Şuşa!” adlı rəsm müsabiqəsi fevralın 3-də başlayıb.
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqə martın 16-dək davam edəcək.
Müsabiqə üç yaş qrupu üzrə (7-10, 11-15, 16-20 yaş) iki mərhələdə keçirilir.
Fevralın 3-dən martın 10-dək davam edəcək birinci mərhələdə Bakı şəhərində və regionlarda yerləşən ümumtəhsil məktəblərin və uşaq-gənclər inkişaf mərkəzləri hər üç yaş qrupu üzrə seçilmiş rəsmlər və iştirakçı barədə məlumatları qeyd etməklə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron ünvanına (grbye@mk.edu.az) və poçtla müvafiq ünvana göndərməlidir.
İkinci mərhələdə əl işləri münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər seçiləcək.
Müsabiqəyə mövzuya uyğun Azərbaycanın qədim şəhəri Şuşanı vəsf edən rəsmlər təqdim olunmalıdır. Rəsmlər A3 formatda, istənilən texnikada (sərbəst seçim) çəkilə bilər. Hər müəllif müsabiqədə bir rəsmlə iştirak edə bilər. Təqdim olunan əl işləri geri qaytarılmır.
Qaliblər və fəal iştirakçılar diplom və sertifikatlarla təltif olunacaq.
Mədəniyyət.- 2022.- 4 fevral.- S.6.