Pələng var, pələng var...

 

Parisdə gənc rəssam Fərhad Fərzəlinin sərgisi açılıb

 

 

 

Fransa paytaxtındakı “Galerie DİX9” salonunda gənc azərbaycanlı rəssam Fərhad Fərzəlinin “Tiger is tiger is a tiger is a tiger” (“Pələng pələngdir, pələng elə pələngdir”) adlı sərgisinin açılışı olub.

Çin təqvimi üzrə fevralın 1-də başlayan yeni ilin simvolik heyvanı, eləcə də Azərbaycan mədəniyyətində obrazlılığın rəmzi olan pələngin adı verilmiş sərginin açılışında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, nümayəndəlin əməkdaşları, yerli sənətsevərlər, media nümayəndələri iştirak ediblər.

Sərgi barədə məlumatda qeyd olunur ki, adət-ənənələrin, ayinlərin kaleydoskopuna çevrilmiş Bakı rəssam Fərhad Fərzəlinin antropoloji tədqiqatlarını zənginləşdirib, onu ölkəsinin müxtəlif mədəniyyət köklərini araşdırmağa sövq edib. Beləliklə, gənc rəssam araşdırmaları ilə pələngi müstəqil Azərbaycan kimliyinin bir rəmzi kimi də qəbul edərək yaradıcılığını bu obraz ətrafında qurub.

Fərhad Fərzəlinin Parisdə ilk sərgisinin kuratorları Azad Asifoviç və Əsli Səmədova birlikdə “Galerie DİX9” üçün orijinal layihə hazırlayıblar. Ənənəvi mədəniyyəti, xalq estetikasını və keçmiş sovet geosiyasi vəziyyətinin təhlilini bir araya gətirən gənc rəssamın pələng obrazı ətrafında postsovet folklorunun kataloqlaşdırılmış forması, eləcə də Azərbaycanın bütpərəst keçmişiqalib ovçuluğu təmsil edən Mesopotamiya ilahi atributu təcəssüm etdirilir. Bəzi İslam ənənələrində mələk müjdəçisi hesab olunan pələng müasir dövrdə kişi gücünün rəmzi kimi qəbul olunur. Pələnglə bağlı anaxronistik əks-sədalar Fərhad Fərzəli yaradıcılığının, onun pələng obrazına bağlılığının əsasını təşkil edir. Rəssam bu rəmzin dəyərini öyrənmək üçün kodları və mövcud istinadları bir araya gətirib.

Sərgidə nümayiş olunan tablolarda pələng başının üz ifadələri sistematik bir ruhda dəyişir və pələngi onun çevik və dəyişkən obrazı ilə əlaqələndirir. Qədim miniatür üslubu  cizgi filmi antropomorfizmindən ilhamlanaraq çəkilmiş pələng başları təxəyyülü uzlaşdırmağa meyilliliyi əks etdirir.

Sərgidə nümayiş olunan pələng fiqurları qadınların geyindiyi pələng naxışlı paltarlardan hazırlanıb. Sanki rəssam qadınların pələngdən götürdüyü geyimi yenidən pələngin özünə qaytarmağa çalışır.

Qeyd edək ki, gənc rəssamın əsərləri bir çox fərdi və kollektiv sərgilərdə nümayiş olunub. Sərgi fevralın 27-dək ziyarətçilərə açıq olacaq.

 

Mədəniyyət.- 2022.- 4 fevral.- S.8.