Alman alim
Şuşanın ədəbi məclisləri haqqında
M.Hess: “Şuşa Almaniyanın mədəniyyət beşiyi Vaymar ilə müqayisə edilə bilər”
Almaniyalı alim Mixael Raynhard Hess “Məclis – Azərbaycan mədəniyyətinin
mərkəzi forumu” adlı məqalə
yazıb. Məqalə TRT-nin alman dilində
xidmətinin (TRT Deutsch) internet səhifəsində yayımlanıb.
Məqalədə Avropada erkən
sənayeləşmə dövründə
formalaşan “ədəbi
salonlar”ın Şərq
ölkələrindəki oxşarı
olan “ədəbi məclislər” Şuşanın
timsalında təhlil
edilir. Azərbaycan mədəniyyəti və
ədəbiyyatının inkişafına
verdiyi töhfələrə
görə Şuşa
Almaniyanın tarixi mədəniyyət mərkəzi
Vaymar (Weimar) şəhəri
ilə müqayisə
olunur.
M.Hess məqalədə, xüsusilə, Qarabağ xanlığının çar Rusiyası tərəfindən istilasından sonra baş verən mədəni transformasiyanın təsirlərini Cəfərqulu xan Nəvanın (1787-1866) yaradıcılıq nümunəsində izah edir. Qarabağ və Şuşa xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan 1829-cu ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər keçirirdi. Sonrakı illərdə Xurşidbanu Natəvanın (1832-1897) “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir Möhsün Nəvvabın (1833-1918) “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyat tarixində məclis mədəniyyətinin əsas mərkəzi kimi təqdim edilir.
Məqalədə Hannover Krallığından olan şair Fridrix Martin von Bodenştedtin (1819-1892) 1840-ci illərdə gəncəli şair Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi ədəbi məclislərə qatılması, 1851-ci ildə Almaniyaya qayıtdıqdan sonra isə Vazehin şeirlərini nəşr etdirməsindən də bəhs edilir.
Alman alim vurğulayır ki, bu mədəni-ədəbi məclislər Şuşa və ümumilikdə, Qarabağ diyarının Azərbaycan mədəniyyət və ədəbiyyat tarixində misilsiz əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.
Şuşanın 2020-ci ildə işğaldan azad edilməsinə və bu şəhərin Azərbaycanın mədəniyyət tarixində yerinə toxunan M.Hess yazır: “Bir daha aydın olur ki, otuz il davam edən işğal dövründə nəyə görə sistematik olaraq Şuşadan Azərbaycan irsini silmək məqsədilə onun təhrif edilərək dəyişdirilməsi üçün sağlam düşüncəyə sığmayan cəhdlər edilmişdir...”.
M.Hess Almaniyanın Qiesen (Giessen) Universitetində çalışır. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 2016-cı ildə Berlində alman dilində nəşr edilən “Tanklar cənnətdə” və 2020-ci ildə Münxendə ingilis dilində nəşr edilən “Qarabağ XIII əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitablarının müəllifidir.
Mədəniyyət.- 2022.- 4 fevral.- S.7.