Bir “Ana”nın
ağrısı
Çətindir. İtirmək, gənc ömrün bir an içində solmasına tamaşa etmək, dözmək, onu qaysaqlamış yara kimi hər
gün ovutmaq.
Bu, əgər canından
parça olan övlad itkisidirsə, onun
yaşatdığı ağrını
təsəvvür eləmək
belə dözülməz
hissdir.
Təbii ki, hərəmiz bu itkini bir
cür qəbul edirik. Çox yaxın tarixdə,
hamımızın şahidi
olduğu İkinci Qarabağ müharibəsi
zamanı oğul itirən ata-anaların, ata itirən övladların, yar itirən qadınların ağrı-acısını, kədərini
gördük, sezdik.
Sezmək nədir ki,
iliyimizə qədər
hiss etdik. Ən çox
anaların yanğısına
dözməyə acizlik
çəkdik. Sonra
mətin, güclü
şəhid analarının
düşmən sevinməsin
deyə kədərlərini
boğmasını, “Vətən
sağ olsun” təsəllisində tarix
boyu böyüklüyü
və qüdrəti ilə öyündüyümüz
Azərbaycan qadınlarının
nümunələrini gördük...
Yanvarın 28-da Şuşa
Dövlət Musiqili
Dram Teatrının təqdimatında
“Ana” mənzum dramının
tamaşasını izləyərkən
övladını Vətənə
fəda edən həmin anaların siması canlandı gözümdə. Onların səbri,
mərdliyi, mətanəti
bir daha ruhuma hakim kəsildi.
Beləcə, yenidən bütün
yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini
təsvir edən Hüseyn Cavid yaradıcılığının ən təsirli nümunələrindən olan
əsərdə təsvir
etdiyi bənzərsiz ana obrazının real prototiplərinin, müasirlərinin
təsirinə düşdüm.
“Ana” yaradıcılığında müxtəlif mövzularda
məhəbbət və
fəlsəfi məzmunlu
əsərlər yazan,
sənət, fikir və amalını müxtəlif obraz və situasiyaların fonunda oxucuya, tamaşaçıya ustalıqla
qəbul etdirməyi bacaran müəllifin milli teatrımızda az müraciət
olunan əsərlərindəndir.
Hərçənd məhz bu nümunə ana, qadın obrazının əzəmətinin təqdimatı
baxımından bənzərsizdir.
Xatırladım ki, Şuşa
teatrının baş
rejissoru, Əməkdar
artist Loğman Kərimovun
quruluş verdiyi tamaşa böyük ədibin anadan olmasının 140 illiyi münasibətilə hazırlanıb.
Səhnə nümunəsinin quruluşçu rəssamı
Valeh Məmmədov, musiqi tərtibatçısı
Əməkdar artist Azad Məmmədovdur.
Təbii
və inandırıcı,
ən əsası təsirli aktyor oyunu ilə təqdim olunan tamaşada rolları Bahar Həmzəyeva (Səlma ana), Sürahi Əliməmmədova
(İsmət), Mirqabil
Əkbərov (Orxan), Nihat Heybətov (Səlim), Rasəf Mehdiyev (Çərkəz
Murad) və Əlirza Kənani (Qanpolad) ifa edirlər.
Ailə-məişət mövzulu tamaşada hadisələr, əsərdə
də olduğu kimi, Dağıstanda baş verir. Səlma adlı
ana gözünün ağı-qarası tək
oğlu Qanpoladın qayıtmasını gözləyir.
Nişanlı oğlunun
parlaq gələcəyi
ilə bağlı hər gün min cür rəngli xəyallar qurur, onun toyunu, oğul-uşağa
qarışmasını görmək
üçün gündə
az qala
yüz dəfə Allaha yalvarır.
Qanpoladın nişanlısı İsmət
də artıq həsrətin bitəcəyi
günü ip ilə çəkir. Budur, Qanpoladdan namə gəlir və orada qısa zamanda dönəcəyini,
gələn kimi sevdiyi ilə evlənəcəyini yazır,
anasına toy tədarükü
görməsini ərz
edir.
Bu məqamda xeyrin,
sevincin hökm sürdüyü xoş sükutu şərin, kədərin gəlişi
pozur. İsmətə aşiq azğın
Orxan yenidən peyda olur. İsmətə sevgisini, onun
üçün alışıb-yandığını,
nəyin bahasına olursa-olsun, ona sahib olacağını bəyan
edir. İsmət hədə-qorxulara boyun əymir, Qanpolada aşiq olduğunu çəkinmədən
Orxana və onun dostu zalım
Çərkəz Murada
bəyan edir. Beləcə,
İsmət sevinc, qorxu və həyəcan
hisslərinin yandırıcı
atəşində nişanlısının
yolunu gözləyir.
Qanpoladın kəndə gəlməsi
xəbərini eşidən
Orxan xain planını reallaşdırır. Pusquda durub onu nişan alır, hər ikisi yaralanır. Qanpoladı öldürən Çərkəz Murad onu qovan Səlimdən
qaçaraq özü
də bilmədən qatili olduğu oğulun anasına – Səlmaya sığınır.
Bağışlamaqla rəzil düşmənə
dərs verən, onu vicdanı ilə özünümühakiməyə
çəkən ana tamaşaçını ağrı
və intiqam, nifrət və mərhəmət, üsyan
və inayət kimi bir-birinin qəsdinə durmuş duyğular içinə atır. Nəticədə bütün bu
amansız seçimlərdən
öz böyüklüyü,
humanizmi və insanlığı ilə
çıxan ananın
ideal obrazını görürük.
Dramın qəhrəmanı Səlma ananın timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları aktrisanın
təqdimatında daim
ön planda qalır.
Hüseyn Cavid bu əsərində
türk qadınının
mərdanə hərəkətini
əks etdirməyə
çalışıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da, “qonaq Allah qonağıdır”,
“Sözümə sadiqəm,
düşmən də
olsa, burada amandadır” düşüncəsində
qalır, dözümlük
və mətanət göstərir.
Tamaşanın ədəbi əsasından
irəli gələn səhnə həllində
rejissor bizə insanın ağrılarını,
itirmək hissinə münasibətini və bu ucsuz-bucaqsız kədər yükündən
zərif ana ürəyi ilə necə çıxmağın
mümkünlüyünü təsvir edir. Qışqırıqsız, pafossuz, bəzən
də sadəcə, səssiz. Loğman Kərimovun Bahar
Həmzəyevadan istədiyi
ana faktura baxımından da obraza tam uyğun idi. Bu ana
munis çöhrəli
aktrisanın ifasında
elə təbii idi ki, çarəsiz,
bitkin, köməksiz görünən çəlimsiz
qadının timsalında
bəzən bütün
dünya ilə savaşa biləcək mübariz qadın cizgilərini də asanlıqla görə bilirsən.
Aktrisanın təbii oyunu, mizan və ümumi
plana uyğun manevrləri, tərəf-müqabilləri,
xüsusən oğlunun
son nəfəsini verərkən
– o qısa anda onunla təmassız rabitəsi və həmin təəssüratı
tamaşaçıya ani
təsvirlə çatdırması
oyununun texniki ləngimələrini belə
darmadağın edir. Həm rejissor, həm də aktrisa bütün situasiyalarda bir an belə
olsun qışqırıq
və təsvir ilə təsir yaratmaq fəndlərinə
getməyib.
Rejissor əsərin son hissəsində müəyyən gəzişmələr edərək sadiq, çılğın, həyatsevər İsməti əbədi vüsal üçün həyatından keçən qadın obrazında təqdim edir. Sürahi Əliməmmədovanın güclü xarakter verməyə çalışdığı İsmətin timsalında biz sadiq, qorxmaz və saf sevgi nümayişi gördük. O, maneəyə, böyük qorxuya, vəd olunan ucsuz-bucaqsız mal-mülkə rəğmən sevdiyindən əl çəkmir. Tamaşanın ən sürətli keçidlərlə yüklənmiş oyunu gənc aktrisaya həvalə olunub. O, həyəcanı, sevgini, qorxunu, ağrını birlikdə, çox vaxt da ard-arda yaşamalı idi.
İnsafən, bunun öhdəsindən var gücü ilə gəlməyə, tamaşa boyu əsas missiyasını – tamaşaçı ilə rabitəni möhkəmləndirməyə çalışdı. Lakin əsas oyun yükünün kulminasiyasında – nişanlısının öldüyünü qəbullanmaq anındakı ruhi çarpışmasında yetəri qədər emosional, təsirli ola bilmədi. Ağlını itirmək həddini, kədərin çılğınlığa keçidini, qüssə anındakı qərarsızlıq tərzini ona biçilmiş miqyasda (rejissor yəqin ki, potensialına bələd idi) ifadədə bir qədər çətinlik çəkdi.
Rasəf Mehdiyev ənənəvi oyun və ifadə formasından fərqli təsir oyatdı, obrazı, onun təfsiri üzərində möhkəm dayandı. Mirqabil Əkbərovun aşiq Orxanına gəlincə, tamaşaçı onun bəraətini əsaslandırmaq çırpınışlarını qəbul elədi. Onun sevgi, daha doğrusu, rəqibsiz qələbə üçün cəhdlərini anladı və bu işdə, təbii ki, aktyor kimi onun dinamik təsviri bəyənildi. Bu fikirləri Nihat Heybətovun Səliminə də şamil etmək olar. Əsas etibarilə arxa plana hesablanmış yeri olsa da, tamaşaçı ilə fürsət əlaqələrini yaxşı dəyərləndirmişdi.
Tamaşanın ideyası, çağdaş teatr təsvir bucaqlarında verilməsi, rejissorun materialın ideyasından irəli gələn tələblər üzərində daha çox dayanması və tamaşaçı üçün fərqli qəhrəman ştrixləri cızması nəticəni qüvvətləndirdi. Aktyor oyunu, onların hər birinə biçilmiş təsvir vasitələri rejissorun truppasını tanıdığını, onların potensialını və tamaşaçıya nüfuz parametrlərini yaxşı bildiyini göstərdi.
Tamaşada diqqətçəkən tərtibatdakı sadəlik, dövrün məişətinə bələdçilik də az iş görmədi. Rejissorun ev-ocaq, komalar, ayrı otaqlar kimi qurulan dekorasiyaya sonradan funksionallıq verməsi, xüsusən onların kölgə oyun formasında ifadəliliyi yaxşı addım idi...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 4 fevral.- S.5.