“Mədəni yenilənmə” davam edəcək
Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ilin oktyabrında başlanan və ictimaiyyətdə əks-səda doğuran “Mədəni yenilənmə” layihəsi 2022-ci ildə də davam edəcək. Layihə çərçivəsində ilin ilk tədbirinə Azərbaycanın Xalq artisti, TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova və xor kollektivi dəvət olunub.
Fevralın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi qeyd olunacaq. Konsertdə dirijorun rəhbərliyi ilə Ankara Radiosu xorunun ifasında müxtəlif bəstəkarların əsərləri səsləndiriləcək.
Eyni zamanda səfər çərçivəsində Qarabağ zəfəri ilə bağlı Türkiyə və Azərbaycanın birgə layihəsi kimi Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə TRT Ankara Radiosu xoru, Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkar Qara Qarayevin “Zəfər marşı”nın səs yazısı nəzərdə tutulub. Qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. E.Kərimovanın təşəbbüsü və bəstəkar Fərəc Qarayevin razılığı ilə bu əsərin rus dilində olan sözləri Zəfərə həsr olunmuş sözlərlə əvəz edilib.
Həmçinin “Mədəni yenilənmə” layihəsi çərçivəsində 17 fevral tarixində Elnarə Kərimovanın Azərbaycanın müxtəlif xor kollektivlərinin iştirakı ilə YARAT Müasir İncəsənət Məkanında xor ifaçılığı üzrə ustad dərsi keçiriləcək.
Elnarə Kərimova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq və xor dirijorluğu üzrə təhsil alıb. 26 yaşında Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri olub. 1992-ci ildə Türkiyə Cümhuriyyətinin dəvəti ilə Ankaraya gələrək TRT Çoxsəsli Xorunun bədii rəhbəri vəzifəsində işləməyə başlayıb. Kollektivlə Türkiyənin bir çox şəhərində festival və tədbirlərdə 300-dən artıq konsert verib. Eyni zamanda Ankara Dövlət Konservatoriyasında, Bilkənd Universitetində müəllimlik edib və həvəskar xor qrupları ilə işləyib.
1999-cu ildə “Orfeon” kamera xoru ilə işləməyə başlayıb. Bu kollektivlə İngiltərə, Kanada və Avstriyada festivallarda mükafatlar qazanıb, Belçika, Pakistan, İsrail, Yaponiya və Çində konsertlər verib. Dirijor 2009-cu ildə TÜRKSOY-un təqdim etdiyi beynəlxalq layihədə Ü.Hacıbəylinin “Koroğlu” operasından xor səhnələrini işləyib. 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Buta” kamera xorunu yaradıb. 2015-ci ildə TÜRKSOY kamera xoru ilə Almaniyanın Maqdeburq şəhərində Avropa Xor Oyunlarında qızıl medal qazanıb. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Xatırladaq ki, “Mədəni yenilənmə” layihəsinin məqsədi hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaradan mədəniyyət və incəsənət xadimlərimizi, görkəmli simaları çağdaş nəslə tanıtdırmaq, onların doğma vətənlərində kəsb etdiyi əhəmiyyəti vurğulamaq, fəaliyyət təcrübəsi ilə peşəkar bilgilərinin mübadiləsini təmin etməkdir.
Mədəniyyət.- 2022.- 4 fevral.- S.1;2.