İdarəçiliyin təkmilləşdirilməsi,
mədəniyyət müəssisələrinin daha səmərəli fəaliyyətinin təşkili
Mədəniyyət naziri
Anar Kərimov Gəncə şəhərinə
səfər edib
Mədəniyyət Nazirliyinin işinin və idarəçiliyinin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanır. Məqsəd regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.
Mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində nazir Gəncə şəhərində yerləşən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda səfərin bir məqsədi də mədəniyyət və incəsənət sahəsində çalışan tanınmış şəxslərlə görüşüb onların fikir və mülahizələrini dinləməkdir.
Nazir əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Sonra Anar Kərimov Miniatür Kitab Muzeyinin Gəncə filialına gəlib. Bakıdakı Miniatür Kitab Muzeyinin Gəncə filialı 2016-cı ildə açılıb. Heydər Əliyev meydanında yerləşən muzey haqqında nazirə məlumat verilib.
Daha sonra Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Baxışın məqsədi təmirdən sonra muzeydə reallaşdırılan işlərlə tanışlıq, mütəxəssislər tərəfindən aparılan inventarizasiyanı nəzərdən keçirməkdir. Nazir bu günə qədər əldə olunan nəticələr, siyahıyaalınma, qeydəalınma ilə tanış olub, inventarizasiya işini aparan yerli və Bakıdan dəvət olunan mütəxəssislərlə söhbət edib. Bununla yanaşı, nazir mövcud problemlərin qısa zaman ərzində aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
Mədəniyyət naziri səfər çərçivəsində Gəncə şəhər Mərkəzi Kitabxanasında da olub. Mərkəzi kitabxana və filiallarının fondu, dərnəklər, kurslar və göstərilən xidmətlər haqqında məlumat verilib. Ümumi kitab fondu ilə tanış olan Anar Kərimov fondun zənginləşdirilməsi, xüsusilə latın qrafikalı kitabların alınması barədə tövsiyələrini verib.
Gəncə şəhər Uşaq incəsənət məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Bildirilib ki, məktəbdə müxtəlif ixtisaslar üzrə 400-dən çox şagird təhsil alır. Nazir burada xoreoqrafiya dərsinin gedişini izləyib. Xoreoqrafiya sinfi yetirmələrinin uğurları barədə söhbət açılıb. Qeyd olunub ki, məktəbin yetirmələri Türkiyə, Gürcüstan və Ukraynada festival və müsabiqələrdə iştirak edərək mükafatlara layiq görülüblər.
Anar Kərimov şəhərdəki Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, burada ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği həyata keçirilir. Mərkəzdə ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövrünü əks etdirən materiallar – fotolar, müxtəlif tarixi sənədlər və s. haqqında ziyarətçilərə bilgi verilir. Bundan başqa, mərkəzdə mütəmadi olaraq konfranslar, təqdimatlar, digər tədbirlər keçirilir.
Görkəmli ədəbiyyatşünas və yazıçı Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyinə baxış zamanı nazir burada aparılan təmir işlərinin son mərhələləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Mir Cəlal Paşayevin zəngin bədii və elmi irsindən söhbət açılıb, onun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələr vurğulanıb.
Anar Kərimov Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə də gəlib. Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində Zəfər çalmış ölkəmizi mədəniyyət və ədəbiyyat vasitəsilə daha uğurlu təbliğ etmək lazımdır. Milli dəyərlərimiz gənclər arasında daha çox aşılanmalıdır. Bu mənada yazıçı və şairlərin üzərinə böyük məsuliyyət düşür.
Anar Kərimov Gəncə Dövlət Dram Teatrının bu günlərdə istifadəyə verilən yeni binasında yaradıcı heyətlə də görüşüb, teatrın kollektivinə uğurlar arzulayıb.
Nazir səfər çərçivəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan ordusunun Gəncə şəhərində yaşayış binalarına raket zərbələri endirdiyi, mülki insanlara qarşı törətdiyi hərbi cinayətlərin yerini ziyarət edib, həlak olan sakinlərin xatirəsini anıb. Anar Kərimov erməni terrorunun qurbanı olan Gəncə sakinlərinin xatirə lövhəsi önünə gül dəstələri düzüb.
Nazir burada
media mənsublarının bir sıra suallarını
da cavablandırıb. O, Gəncəyə
səfərinin məqsədlərindən
birinin təmirə ehtiyacı olan mədəniyyət müəssisələrinin
müəyyənləşdirilməsi olduğunu deyib. Qeyd edib ki,
Mədəniyyət Nazirliyinin
bu istiqamətdə Heydər Əliyev Fondu ilə əməkdaşlığı var. Fondun prezidenti Mehriban
xanım Əliyevanın
təşəbbüsü ilə bir neçə
mədəniyyət müəssisəsi
təmir edilib: “Hazırda təmirə ehtiyacı olan mədəniyyət müəssisələrinə
baxış keçirilir,
vəziyyət tam şəkildə
öyrənildikdən sonra
təkliflər hazırlanacaq.
Bundan sonra ya Mədəniyyət
Nazirliyinin imkanları
hesabına, ya da Heydər Əliyev Fondunun dəstəyi ilə biz bu işləri həyata keçirəcəyik”.
Anar Kərimov
görüləcək işlərin
sırasında Gəncədəki
Nizami Kinoteatrının
təmirinin də nəzərdə tutulduğunu
deyib. Qeyd edib ki, təkcə Gəncədə
deyil, ümumilikdə
ölkədə təmirə
ehtiyacı olan kinoteatrlarla bağlı layihə hazırlanır və o, tədricən və sistemli şəkildə həyata
keçiriləcək.
Jurnalistlərin tarixi Gəncə
qapılarının taleyi
ilə bağlı sualına cavabında nazir bildirib ki, bu məsələ
ötən il
onun Gürcüstana səfərində gündəlikdə
olub: “Biz bu məsələni orada olan aidiyyəti dövlət qurumları ilə müzakirə etdik. Biz Gəncə
qapılarının Azərbaycana
geri qaytarılmasını
müzakirə edirik.
Bildiyiniz kimi, Gürcüstanla Azərbaycan
arasında hökumətlərarası
komissiya da var və Azərbaycan
tərəfindən bu
məsələ komissiyanın
gündəliyinə salınıb...”.
Xatırladaq ki, XI əsrə aid sənətkarlıq nümunəsi
olan Gəncə darvazası 1139-cu ildə baş vermiş güclü zəlzələdən
istifadə edərək
şəhərə qarət
məqsədilə daxil
olan gürcü dəstələri tərəfindən
aparılıb. Hazırda Gəncə qapılarının
bir tayı Gürcüstanın Kutaisi rayonunun
Helat (Gelati) monastırında saxlanılır.
Darvazanın digər tayının
isə XVIII əsrdə
monastır təmir olunarkən dam örtüyü
kimi istifadə olunduğu bildirilir.
Mədəniyyət.- 2022.- 4
fevral.- S.1;2.