Şuşaya həsr olunmuş fundamental biblioqrafiya
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Milli Kitabxana tərəfindən hazırlanan
“Şuşa – Azərbaycanın
mədəniyyət paytaxtı. Biblioqrafiya” kitabı
çapdan çıxıb.
Şuşa haqqında ilk fundamental biblioqrafiya şəhərin
Azərbaycanın mədəniyyət
paytaxtı elan edilməsi haqqında dövlət başçısının
müvafiq sərəncamına
əsasən ərsəyə
gəlib.
Şuşanın işğaldan qurtuluşuna
həsr olunan biblioqrafiyada qədim şəhərimizin tarixi,
mədəniyyəti, tarixi
və memarlıq abidələri, ictimai-siyasi
həyatı haqqında
kitablar, dövri mətbuatda, dərsliklərdə,
məcmuələrdə çap
edilmiş zəngin materiallar əksini tapıb. Kitabda həmçinin
Şuşa haqqında digər xarici dillərdə olan materiallar, eləcə də dünya və milli universitet kitabxanalarında saxlanılan
ədəbiyyatlar ayrıca
bölmələrlə verilib.
1876-2021-ci illəri əhatə
edən biblioqrafiyada materiallar Azərbaycan, rus və ingilis
dillərində verilib.
Nəşr Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə açılır. Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixində Şəhidlər xiyabanında Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətinin və 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin mətnləri də kitabda yer alıb.
Şuşa şəhərinin tarixi ilə bağlı hadisələrin xronologiyası, həmçinin bədnam ermənilərin müxtəlif dövrlərdə burada həyata keçirdikləri qırğın və talanlar, 1992-2020-ci illəri əhatə edən işğal mərhələsi, azad olunmuş Şuşaya dövlət başçısının müntəzəm səfərləri və s. nəşrdə ardıcıllıqla verilib. Həmçinin görkəmli şəxsiyyətlərin Şuşa haqqında fikirləri də bu qədim şəhərin Azərbaycanın ictimai-mədəni həyatında oynadığı rolu bir daha yada salır. Bundan əlavə, Şuşa bədii ədəbiyyatda, Şuşanın təhsil ocaqları, Şuşa mövzusu mədəniyyət və incəsənətdə, Şuşa kitab və monoqrafiya, dissertasiya və avtoreferatlarda bölmələri üzrə də maraqlı faktlar təqdim olunur.
Biblioqrafiyada Şuşanın dini-tarixi abidələri və tarixi-memarlıq abidələri haqqında siyahı da yer alır. Şuşalı Milli Qəhrəmanlar da nəşrdə bir daha yad edilir. Şuşanın musiqidə tərənnümü, kinoda təsviri ilə bağlı bölmə də incəsənət sahəsində tədqiqatçılar üçün vacib informasiyaları diqqətə çatdırır.
Biblioqrafiyanın sonunda nəşrdən istifadəni asanlaşdırmaq məqsədilə Şuşa haqqında kitabların, məqalələrin adlar göstəricisi və Şuşa barədə yazan müəlliflərin əlifba göstəriciləri də təqdim olunur.
Nəşrin elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru Elnur Nəciyev, tərtib edəni Xeyransa Abbasovadır.
Lalə
Azəri
Mədəniyyət.- 2022.- 16
fevral.- S.7.