Yazıçı-dramaturq Əfqan vəfat edib
Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Əfqan (Əfqan Əsgərov) fevralın
13-də, ömrünün 93-cü ilində vəfat edib.
Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr
1929-cu ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1953-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirəndən sonra “Azərbaycan gəncləri”
qəzetində fəaliyyətə
başlayıb. Gənc
yazarın ilk hekayələri
də o illərdə
nəşr edilib.
Sonra Moskvada
Ali Ssenaristlər Kurslarını
bitirib, “Azərbaycanfilm”
Kinostudiyasında redaktor
işləyib. Fəaliyyətini “Kommunist” qəzetində
(indiki “Xalq qəzeti”) davam etdirən yazıçı-jurnalist
uzun illər bu redaksiyada mədəniyyət şöbəsinə
rəhbərlik edib.
1989-cu ildən “Sovet kəndi”, 1991-1992-ci illərdə “Həyat” qəzetinin baş redaktoru olub.
Əfqan Əsgərov bu illər ərzində istedadlı yazıçı
və dramaturq kimi tanınıb. “Gülyanaq”,
“Katib”, “Həsrət də bir vüsaldır”,
“Qartal əfsanəsi”
romanları, “Dədə
Bəhmən” trilogiyası,
“Qozbel”, “Məhəbbət
ətirli qərənfilim”,
“Dünya gözəlliyindir”,
“O, daş deyildir” və başqa povestləri, çoxsaylı
hekayələri geniş
oxucu kütləsi tərəfindən rəğbətlə
qarşılanıb. “Sarı
əlcək”, “O mənim
oğlumdur”, “Qız atası”, “Gülməyən
adam”, “Dağ seli”, “Tamah dişi”
pyesləri teatrlarda tamaşaya qoyulub. Ədibin son böyük əsəri –
“Şahlar şahı”
romanı 90 illik yubileyi ərəfəsində
(2019) çapdan çıxmışdı.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2022.- 16
fevral.- S.6.