Romantik və realist xarakterlər ustası
Ötən əsrin birinci yarısında sənətə
gələn, milli səhnəmizin inkişafına
töhfələr verən
sənətkarlardan biri
Xalq artisti Rəmziyyə Veysəlova
olub. Görkəmli aktrisa 62 illik
səhnə fəaliyyəti
dövründə yerli
və dünya klassiklərinin əsərlərində
maraqlı və bitkin obrazlar qalereyası yaradıb.
Əslən acar olan Rəmziyyə
Osman qızı Veysəlova 11 fevral
1914-cü ildə Gürcüstanda
dünyaya göz açıb. Gürcüstanda sovet hökuməti
qurularkən bolşeviklər
tərəfindən valideynləri
güllələnir, evləri
müsadirə olunur.
Qohumları isə Qazaxıstana
sürgün edilir.
Ailəyə yaxın olan
Petinov soyadlı şəxs altı yaşlı Rəmziyyəni
və qardaşı Neyməti Nəriman Nərimanovun yanına aparır. O, uşaqları
Bakıda Bahar Ağalarovanın uşaq evinə verir. Rəmziyyə Bakıda yeni
tipli qız məktəbində təhsil
alır.
1929-cu ildə sənət
müəllimlərinin tövsiyəsi
ilə sənədlərini
Bakı Teatr Məktəbinin Aktyorluq fakültəsinə verir. Sonra Bakı Türk İşçi Teatrının yardımçı
heyətinə qəbul
olunur. Əvvəllər kütləvi səhnələrə
çıxır, epizodik
rollar oynayır.
F.Pavlovun “Çin tanrısı”nda Viyen, N.Paqodinin “Balta poeması”nda Qız, V.Kirşonun “Küləklər
şəhəri”ndə Qadın,
Ə.Hamidin “Hind qızı”nda
Stelina, Ə.Fövzinin
“Gizli əl” əsərində Əsli,
H.Nəzərlinin “Yolların”da
Gülbahar obrazları
səhnə debütü
olur. Duyğulu səsi, aydın
diksiyası, səhnə
plastikası və iti yaddaşı Rəmziyyə Veysəlovanın
sənət uğurunda
mühüm rol oynayır.
Bir müddət
Şəki teatrında
çalışan aktrisanın
həyat yoldaşı,
Gəncə teatrının
baş rəssamı,
Əməkdar incəsənət
xadimi Bəhram Əfəndiyev (1910-1967) 1932-ci ildə
Aşqabad Dövlət
Azərbaycan Dram Teatrında
(1940-cı ilədək müxtəlif
adlarla fəaliyyət
göstərib) işləməyə
dəvət olunur. Beləliklə, Rəmziyyə Veysəlovanın
sənət yolunu burada da davam
etdirməsi üçün
imkan yaranır.
O, üç ilə yaxın Aşqabad səhnəsində C.Cabbarlının
“Yaşar”ında Yaqut,
“Od gəlini”ndə Solmaz, V.Şekspirin “Otello”sunda Dezdemona, Ş.Saminin “Dəmirçi
Gavə”sində Mehriban,
Ə.Hamidin “Hind qızı”nda
Elampa, A.Niyazovun “Qızıl orden”ində Ceyran və digər rollarda çıxış edir.
1934-1935-ci
il teatr
mövsümündə ailə
Gəncə şəhərinə
qayıdır. Hər ikisi
burada teatr kollektivinə qəbul olunur. Bu elə
bir dövr idi ki, Gəncə
səhnəsinin simasına
çevrilmiş Barat Şəkinskaya
Bakıya getmişdi.
Ona görə də Rəmziyyə Veysəlova
tezliklə bu teatrın aparıcı aktrisası olur. O, qısa vaxt ərzində çoxsaylı
xarakterik obrazlar yaradır. Gəncə Dövlət Dram Teatrında lirik-psixoloji üslubun yaradıcılarından
və aparıcı sənətkarlarından biri
kimi tanınır.
Rejissorların ümidini doğruldan
aktrisa fasiləsiz olaraq öz üzərində işləyir
və axtarışlar
aparır. Fərdi yaradıcılıq
keyfiyyətini yüksəltmək
üçün fədakarlıq
nümayiş etdirir.
Gəncə səhnəsində
Sitarə, Gülsüm,
Nabat, Mariya Timofeyevna və Almaz (C.Cabbarlı, “Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci ildə”, “Almaz”), Gülnar, Xuraman və Tükəzban, Məryəm (S.Vurğun,
“Vaqif”, “Fərhad və Şirin”), Firuzə xanım, Kamilə, Sənubər (S.Rəhman, “Küləklər”,
“Toy”, “Xoşbəxtlər”), Tükəz (M.F.Axundzadə,
“Hacı Qara”), Xumar, Nina və Südabə (H.Cavid, “Şeyx Sənan”, “Səyavuş”), Mehri xanım (Ə.Haqverdiyev, “Bəxtsiz cavan”) obrazları tamaşaçılar
tərəfindən maraqla
qarşılanır. Rəmziyyə Veysəlova oynadığı
rolları sadəcə
ifa etmir, həm də obraza girərək onun xarakterini açmaq və tamaşaçını inandırmaq
üçün səsinin
bütün çalarlarından
sənətkarlıqla istifadə
edir.
Yaradıcılığı yüksək qiymətləndirilən
sənətkar 1955-ci ildə
“Əməkdar artist”, 1958-ci ildə isə “Xalq artisti” fəxri
adlarına layiq görülür. Aktrisa 1981-ci ildə Azərbaycan
SSR Ali Sovetinin fəxri
fərmanı ilə də təltif edilir.
Yazıcı-dramaturq Nüşabə
Əsəd Məmmədli
Rəmziyyə Veysəlova
haqqında xatirələr
kitabında yazır:
“Mənim yadımdadır
ki, uzun illər evimizin divarından Əşrəf
Yusifzadə ilə birgə Rəmziyyə xanımın portreti asılmışdı. Onun rəsmi
də həyatda olduğu kimi çox gözəl idi. Bu şəkildə
onun boynundan Anna Axmatovanın boyunbağısından
var idi (Anna Axmatovanın şəkillərində
görmüşdüm). Mən heç vaxt Rəmziyyə xanımdan bu boyunbağı ilə bağlı heç nə soruşmurdum. Ancaq ölümündən
bir neçə ay qabaq Rəmziyyə xanım məndən xahiş etdi ki, ona kömək
edib qonaq otağına aparım.
Mən onu yataq otağından qonaq otağına gətirəndə o öz
şəklinin qarşısında
dayanıb baxdı və üzünü mənə tutub soruşdu:
– Nuşa, sən bilirsən bu boyunbağını mənə
kim verib?
– Yox, – dedim.
O, söylədi ki, 1941-ci ildə alman faşistləri Moskvaya yaxınlaşanda hökumət
Moskva Bədaye Teatrını Gəncəyə
təxliyə etdi və bir müddət
Rusiyanın böyük
sənətkarları Koçalov,
Ranevskaya, Knipper-Çexova
və başqaları
Gəncədə yaşadılar,
azərbaycanlı həmkarları
ilə çiyin-çiyinə
işlədilər...”.
Həmin dövrdə Gəncə teatrında Lermontovun “İki qardaş” pyesi oynanılır. Rəmziyyə
Veysəlova səhnədə
elə parlaq oyun nümayiş etdirir ki, zalda
həmkarları ilə
əyləşən Olqa
Knipper-Çexova öz
boyunbağısını çıxarıb
onun boynundan asır...
Tanınmış səhnə xadimi Rəmziyyə Veysəlova
22 avqust 1993-cü ildə,
79 yaşında Gəncə
şəhərində haqq
dünyasına qovuşub.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 16
fevral.- S.6.