“Mədəni yenilənmə”nin yeni qonağı

 

Mədəniyyət Nazirliyində Xalq artisti Elnarə Kərimova ilə görüş keçirilib

 

 

 

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən il başlananböyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu ildavam etdirilir. Layihənin yeni ildə ilk tədbirinə Azərbaycanın Xalq artisti, TRT-nin (Türkiyə RadioTeleviziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova və xor kollektivi dəvət olunub.

 

Qeyd edək ki, Elnarə Kərimova 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğuldur. TRT Çoxsəsli xoruna rəhbərlik etməklə yanaşı, “Orfeonkamera xoru ilə işləyib, TÜRKSOY-un nəzdində yaradılan xor kollektivinin rəhbəri olub, bu kollektivlərlə müxtəlif ölkələrdə qastrollarda, festivallarda çıxış edib.

 

Fevralın 14-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Elnarə Kərimova ilə görüşüb. Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyi münasibətilə sənətkarı təbrik edən Elnur Əliyev ona yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində çalışan incəsənət xadimlərimiz ölkəmizin mədəni fəxrləridir.

 

Nazirlik tərəfindən mədəniyyətimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən layihələr barədə Xalq artistinə məlumat verən Elnur Əliyev qədim tarixə və zəngin ənənələrə malik mədəniyyətimizin təbliğində xaricdə yaşayan həmvətənlərimizin xüsusi rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, sənətinin peşəkarı olan və xaricdə mədəniyyətimizi təbliğ edən insanlar yeni kadrların yetişməsində yaxından iştirak etməli, töhfələrini əsirgəməməlidirlər. Mədəniyyətimizin gələcəyə ötürülməsi missiyası həm də onların öhdəsinə düşür.

 

Xalq artisti Elnarə Kərimova səmimi qəbula görə təşəkkürünü bildirib. Sənətkar “Mədəni yenilənmə” layihəsinin əhəmiyyətini qeyd edib, fikir və təkliflərini dilə gətirib.

 

Qeyd edək ki, 2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır.

 

***

 

Fevralın 15-də layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. Konsertdə dirijorun rəhbərliyi ilə TRT Ankara Radiosu xorunun ifasında bəstəkarların xor əsərləri səsləndirilib.

 

Yubiley axşamı və konsert proqramı barədə ətraflı qəzetin növbəti sayında məlumat verəcəyik.

 

Səfər çərçivəsində Türkiyə və Azərbaycanın birgə layihəsi kimi dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə TRT Ankara Radiosu xoru, Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın səs yazısı da nəzərdə tutulub. Xatırladaq ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. E.Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə əsərin rus dilində olan sözləri Azərbaycan dilinə tərcümə edilib və “Zəfər marşı”nın yeni səs yazısı xalqımızın Qarabağ Zəfərinə həsr olunub.

 

Fevralın 17-də isə YARAT Müasir İncəsənət Məkanında “Mədəni yenilənmə” layihəsi çərçivəsində Elnarə Kərimovanın Azərbaycanın xor kollektivləri üçün xor ifaçılığı üzrə ustad dərsi olacaq.

 

Mədəniyyət.- 2022.- 16 fevral.- S.3.