“Şuşa mədəniyyətinin
inciləri”
Layihənin növbəti təqdimatı Şuşa xalçalarına həsr olunub
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir. Layihənin növbəti təqdimatı “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsini əhatə edir.
Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan verib. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan ərazisində eramızdan əvvəl II minillikdə insanlar xalça və xalça məmulatı toxuyaraq öz zərifliyi, gözəlliyi ilə seçilən müxtəlif əşyalar hazırlayıblar.
Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. Bu xalçalar öz mükəmməl toxunuşu, iri ölçüləri, rəngarəng çalarları ilə həmişə seçilib. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux (qırmızı, sarı), parlaq və kontrast rənglərdən ibarətdir.
Qarabağ xalçaçılıq məktəbində Şuşa və Cəbrayıl xalça qrupları xüsusilə seçilib. Şuşa qrupuna aid “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər” və “Nəlbəki gül” xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə fərqlənir.
Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə kimi üç-beş hissədən ibarət dəst xalı-gəbələri misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.
“Bulud”, “Bağçada
güllər” və “Saxsıda güllər” adlı məşhur
Şuşa xalçalarının
toxunmasına Azərbaycan-Rusiya arasında mədəni-iqtisadi
əlaqələrin yaranmasından sonra
başlanılıb. XIX əsrin ikinci
yarısından etibarən Rusiyadan Azərbaycana
müxtəlif çeşidli mallar gətirilirdi. Şuşa
sənətkarları həmin məmulatların üzərindəki
təsvirlərdən ilham alaraq
bu cür xalçalar toxuyurdular.
Mədəniyyət.- 2022.- 16
fevral.- S.4.