Milli Xalça Muzeyinin direktoruna Fransanın ordeni təqdim olunub
Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət
işçisi Şirin
Məlikova Fransanın
“İncəsənət və
Ədəbiyyat” ordeninin
kavaler rütbəsi ilə təltif olunub. Bu münasibətlə
Fransanın Azərbaycandakı
səfirinin iqamətgahında
tədbir keçirilib.
Tədbirdə çıxış edən
səfir Zakari Qross Şirin Məlikovanın Azərbaycan-Fransa
mədəni əlaqələrinin
inkişafı istiqamətində
gördüyü işlərdən
danışıb. Qeyd edib
ki, Şirin Məlikova bir çox sərgilərin kuratoru, kitab və elmi məqalələrin
müəllifi, Şərq
xalçaçılıq sənəti üzrə mütəxəssisdir. Bu yaxınlarda Fransa səfirliyi ilə əməkdaşlıq çərçivəsində
sərginin keçirilməsində
də iştirak edib. “Mədəniyyət
əlaqələrinə verdiyiniz
töhfələrə görə
sizə minnətdarlığımızı
bildirirəm” deyən
səfir ordeni Şirin Məlikovaya təqdim edib.
Şirin Məlikova çıxışında
səfirə minnətdarlığını
bildirib: “İncəsənət
və Ədəbiyyat”
ordeninin kavaler rütbəsini mənə
təqdim etdiyiniz üçün minnətdarlığımı
bildirirəm. Bu gün
Azərbaycan-Fransa əlaqələri
yüksək səviyyədə
inkişaf edir. Bu işdə Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mühüm
rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif
şəhərlərində mədəniyyətə həsr
olunmuş tədbirlər
keçirilir və bu artıq bir
ənənəyə çevrilib.
2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr muzeyində
İslam incəsənətinə
məxsus zəngin kolleksiyanın təqdim olunduğu yeni zallar açılıb.
Burada Azərbaycana aid
nadir mədəni irs nümunələri,
o cümlədən xalçalarımız
da sərgilənir. Fransanın Azərbaycandakı
Səfirliyi bizi Fransa mədəniyyəti
ilə tanış
edir, tez-tez müxtəlif tədbirlər
təşkil olunur. Onu da qeyd edim
ki, fransızlar bizim xalçalarımızı
çox bəyənir.
Xalçalarımız Fransa muzeylərində
və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Biz bundan sonra da
mədəni əlaqələri
inkişaf etdirəcəyik”.
Mədəniyyət.- 2022.- 16
fevral.- S.2.