Ağdam teatrının aktyoru
Nizami Əsgəroğlu vəfat edib
Ağdam Dövlət Dram Teatrının aparıcı aktyoru Nizami Əsgəroğlu fevralın 15-də, ömrünün 64-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Nizami Əsgər oğlu Ələkbərov 20 dekabr 1958-ci ildə Qərbi Azərbaycanda – Ermənistan SSRnin Artaşat (1945-ci ilədək Qəmərli) rayonunun Yamancalı kəndində anadan olub. Uşaqlıqdan teatra böyük maraq göstərib. Aktyor təhsili olmasa da, dram dərnəyindən peşəkar teatra gəlib. 1978-ci ildən İrəvan Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1980-ci ildən taleyini Ağdam Dövlət Dram Teatrı ilə bağlayıb. Qocaman sənət ocağının səhnəsində bir-birindən maraqlı, xarakterik rollar oynayıb.
1990-1993-cü illərdə Qazax Dövlət Dram Teatrında fəaliyyət göstərib. Bir müddət səhnədən uzaq düşməyinə baxmayaraq, sənət onu yenidən öz ağuşuna alıb və 2005-ci ildən ömrünün sonunadək Ağdam teatrında çıxış edib. Aktyorun ifasında Cəfər Cabbarlının “Aydın”ında Novruz bəy, Yusif Əzimzadənin “ Mən Molla Nəsrəddin olacam” tamaşasında Şah, Elçin Hüseynbəylinin “İmperator”unda Kişi, Sahib İbrahimin “Sadığın toyu”nda Salman, Sevinc Elsevərin “Ürəyində arzu tut”unda Həsrət, Vasili Siqarevin “Ağ ölüm”ündə Ata, Şarl Perronun “Sehrbaz qadın”ında Nağılçı, Arif Mədətovun “Çarəsiz evlənmə”sində Şahgəldi və s. rolları yerli teatrsevərlərin yaxşı xatirindədir.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2022.- 18
fevral.- S.6.