İki yubilyarla bir söhbət
Müsahiblərimlə görüşə təyin etdiyim vaxtdan tez getdim. İstədim ki, onları özüm qarşılayım. Gənc Tamaşaçılar Teatrının xidməti qapısından girəndə mühafizə-nəzarət masasında əyləşən xanım, daha doğrusu, yaxalığındakı adı diqqətimi cəlb etdi. Adı Səhnə idi. Nisbətən dinməz qadını bir xeyli söhbətə tutmuşdum ki, yanımızdan ötən teatrın texniki əməkdaşlarının “Sən nə vaxt 60 oldun, ay kişi?” zarafat-sualına qanrıldım.
Budur, Natiq Fərzəliyev təşrif buyurdu. Hal-əhvaldan
sonra “Neyniyək, Vahid müəllimi gözləyək?”
sualıma “Onsuz başlasaq, alınmaz” deyib iri gözlərini
intizarla qapıya dikdi. Axır ki,
üz-gözündə nəinki 70 yaşdan, heç ahıl
aktyordan da əsər-əlamət olmayan Vahid Əliyev də
gəlib çıxdı. Özünəməxsus
əda ilə “Buyurun, mənim otağıma qalxaq” deyib irəlilədi.
Mənim “Bayaqdan Natiq müəllimin
otağını seçmişdik, nə deyirsiz,
ünvanı dəyişək” kimi
qızışdırıcı sual-atmacama çarəsizlik
mimikaları ilə cavab verən Natiq müəllimdən fərqli
olaraq, Vahid Əliyev qəribə bir amiranəliklə “Səhnə
xanım, fotoqrafa da deyərsiz mənim otağıma – 27-yə
gələr” deyib nəzakətlə gülümsədi.
Əvvəldən deyim ki, qrim otağının
soyuqluğuna (hazırda binada cari təmir işləri
aparılır) baxmayaraq, söhbətimiz xeyli isti, səmimi və
təbii alındı. Düzdü, əvvəli gülməli
olsa da, arabir ağlamaları da oldu.
Beləcə,
özüm üçün çoxdan möhürünü
vurduğum bir təyin yenidən gün işığına
çıxdı: əsl aktyor, peşəkar ifaçı səhnədə
oynamalıdır. Oynayırlar da. Budəfəki qəhrəmanlarım kimi. Səhnədə
daim nikbin, xoşbəxt, sevgi və sevinc
nümayişçisi, Xeyirin Şər üzərində qələbəsinin
tərənnümçüsü (xüsusilə uşaqlar
üçün tamaşalarda) olduqları halda birsaatlıq
söhbətə yaşları qədər
yaşadıqları qüssə və kədər
(içində peşmanlıq hissi zərrə qədər də
yoxdur) hakim oldu...
Beləliklə, həmsöhbətlərim Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
yubilyar aktyorları – 70 yaşlı Əməkdar artist Vahid
Əliyev və 60 yaşlı fədakar artist Natiq Fərzəliyevdir.
Bu təqdimatı
eynilə onlarla söhbətə başlayarkən də dedim.
N.F. – Bax e, ay Vahid, yaxşı tapdı – fədakar
artist. Neynək, qoy, bu da mənim
tamaşaçının verdiyi fəxri adım olsun.
–
Xoşunuz gəlmədisə həmişəcavan deyim.
N.F. – Ay sağ olmuş, cavanlığın qapıdan
girməyi ilə bacadan qaçmağı bir oldu. Yaxşıdır, elə olsun fədakar. A balam, səhv demirsən ki, ömrüm sənətdə,
səhnədə keçib. Bu saçlar
teatrda ağarıb.
– Söhbətə
qocalıqla başlamayaq, Vahid müəllimin dərdi təzələnər.
Yalnız
bundan sonra nəzərlərini dolabına vurduğu şəkildən
(söhbət boyu ölməz aktyorumuz Yusif Vəliyev dönə-dönə
xatırlandı) çəkən Vahid Əliyev dilləndi:
V.Ə. – Əsas ürək qocalmasın,
sınmasın, küsməsin.
Lap dilxor oluram. Kədərli keçidlər heç də
yaxşıya işarə deyil. Soyuq otaqda
dramatizm yükünü nə onlara, nə də özümə
rəva görürəm. Odur ki, onları
yubiley ovqatına kökləyirəm.
– Buyurun,
deyin görək, yubileyinizi necə keçirdiniz?
V.Ə. – Yubiley deyəndə ki, mən heç vaxt ad
günü keçirməyi xoşlamamışam. Ümumən
təmtəraqdan, rəsmiyyətdən xoşum gəlmir.
Amma buna rəğmən bir vaxtlar valideynlərim,
indi isə həyat yoldaşım həmişə ad
günümü keçirib.
N.F. – Eyni xasiyyətdəyik, elə mən də. Amma ailəm,
övladlarım hər ad günümü yaddaqalan etməyə
çalışırlar. Yəqin istəyirlər
ki, məndən nə isə yadigar qalsın.
– İnsan həyatda yalnız yadigarının qalması
üçün yaşayır ki?
N.F. – Elə olsa, gərək bütün
ömrümüzü bizdən sonrakılar üçün
yaşayaq. Əslində, bu barədə mən də
düşünürəm və sonradan özüm
üçün izahını verirəm. Bu
ad günü məsələsində isə yəqin
övladlarım gələcək üçün xatirələr
toplayırlar, saxlayırlar, qoruyurlar.
V.Ə. –
Ümumiyyətlə, dolça bürcü çox fərqlidir.
Onlar yer insanı deyillər, göy
adamıdırlar. Natiq də, mən də
o xüsusiyyətlərdəyik.
– Ay Vahid
müəllim, elə aktyorlar əsasən göy insanı
olurlar. Düzdür, bunu, bu dərvişliyi oynayanlar da az deyil. Amma əsl aktyor elə siz deyən kimi
– göy insanıdır...
V.Ə. – Bizim taleyimizə də bu yazılıb da. Qeyri-adi, kövrək adam olmaq, üstünə də aktyorluğu gələndə,
olur lap dəhşət.
Bu dəm qartalın qayalarda yuva salması barədə rəvayətini
(yazı-pozu ilə məşğul olduğunu bilirdim)
danışır və hıçqırtı ilə
ağlayır.
Bir az çaşıram. Az
qala bildiyim bütün zarafatları ortaya töküb onun əhvalını
düzəltməyə çalışıram. Məndən fərqli olaraq Natiq müəllim
çox rahatdır. Sakitcə tərəf-müqabilinin
(həm də) göz yaşlarının qurumasını
gözləyir. Sənət dostunun
çiyinlərinə qayğı ilə toxunaraq, səssiz
toxtaqlıq verir. “Qartal kimi siz də insanlardan inciksiz, xəyalən
göylərdə məkan qurmusuz” zarafatımdan sonra
özünü toplayıb gülümsəyir.
V.Ə. – Qartal Azərbaycan xalqıdır, həm də. Onun yuvasını
zəbt etmişdilər və o öz qisasını aldı.
İnanın, mən məhz bundan sonra
yaşadığımı, nəfəs
aldığımı hiss edirəm.
N.F. –
Vahid, qartal həm də xalqımızın mədəniyyətidir
və məncə, o mədəniyyət bütün sahələrin
üstündə, daim zirvədə, daim ucalıqda
olmalıdır. Yəni əlçatmazlığını
saxlamalıdır.
– Natiq
müəllim, bu mif çoxdan dağılıb e. Ümumən
necə düşünürsüz, sənət kütləvidirsə,
niyə əlçatmaz olmalıdır?
N.F. – Sənətin zirvəsi yoxdur, əslində. Zirvə
dediyin məqama çatırsan, orada nəfəs
almamış başqa bir hədəf, yüksəklik, yeni
zirvə yaranır. Amma siz deyən məsələdə
isə daim yüksək sənət, onun dəyərləri
uca tutulmalıdır. Çünki
xalqın sərvəti onun sənəti və ona münasibətidir.
V.Ə. – Televiziya verilişlərində
aparıcılar məni təqdim edərkən sənətkar
deyəndə qəti etiraz edirəm və deyirəm ki, sənətkar
o zaman olur ki, onu çiyinlərdə o dünyaya aparırlar. Ünvanına
“Allah rəhmət eləsin, yaxşı sənətkar idi”
deyirlər.
– Vahid
müəllim, bu nə maraqlı məntiqdir. İndi
sənət adamı sənətkar sözünü eşitmək
üçün oturub ölümünü (onda da eşidə
bilməz) gözləməlidir?
V.Ə. – Bu mənim hissimdir, qənaətimdir.
– Başa
düşürəm, öz fəlsəfəniz var. Sənətkar
bir sənət sahəsi ilə peşəkar məşğul
olandırsa, niyə hamıya deməliyik və ya deməməliyik?
V.Ə. – Heç nəyin sonu olmadığı kimi sənətin
də, sənətkarlığın da zirvəsi, son nöqtəsi
yoxdur.
N.F. – İnsan istər sənətdə, istərsə də
adi həyatda iz qoymaq, ən azından rəhmət qazanmaq
üçün yaşayır. Adam var ki, ömrü
yaşamır, sadəcə, yola verir, aldadır, aldanır.
Sənət ömrü isə qalıcı, bir az da irəli getsək, əbədi olur.
V.Ə. – Əbədiyyət nədir? Mənə
görə o, söz ilə yox, əməl ilə
qazanılır. Sözü əmələ
keçirənlərlə, əməli ilə yaşayanlarla.
– Əməl bəzən sözə, söz də əmələ
çevrilir. Nəticədə əbədiyyət
xülyaları ilə aldana da, aldada da bilirik.
V. Ə. – Razıyam, haqlısız. Yox, Natiq, hərdənbir
qadınlarla razılaşmaq da lazımdır. (gülür).
N.F. – Yox,
amma bizdə deyirlər ki, qadın sözünü eşit,
amma əməl eləmə.
V.Ə. –
Yox, Natiq, səhv fikirdir. Əgər
qadının dediyindən nəticə çıxarsan,
ömrünün axırınadək xoşbəxt olacaqsan.
İcazənlə sənə deyim ki, səhvsən.
Söhbəti
bir az da qızışdırıram və
“Bu qadının müdrikliyinə görədir, yoxsa”
sual-atmacasına keçirəm.
V.Ə. – Qadınlar çox vaxt kişidən bir
addım irəlini görürlər.
N.F. –
Vahid, hə, sən deyən olsun. Görmürsən,
bir qadın bizi mübahisə üçün
qızışdırır? (gülürlər).
V.Ə. – Adətən qoca Şərqdə qadına
münasibət fərqlidir. Amma mən
özümü, dünyanı dərk edəndən qadına
əlçatmaz varlıq kimi baxıram. Anamı
sevdiyimə görə həyatım boyu qadın sevgisinin
müqəddəsliyinə inanmışam. Bilirsiz, mən anama görə nəinki xaricdəki
yaxşı təklifi, orada qalıb işləmək
perspektivini rədd etmişəm, həm də onun bəyəndiyi
qızla ailə qurmuşam. Üzünü
belə görmədən. Peşman da
deyiləm. Nə anamın “Oğlum, sənin
üçün darıxıram, geri qayıt”
çağırışına cavab verməyimə görə,
nə də onun seçdiyi həyat yolu ilə getdiyimə
görə.
– Natiq
müəllim, sənət adamları kövrək
olduqları qədər də möhkəm iradəyə sahib
olurlar. Bu mənada özünüifadə
yaşa dolduqca daha çətin olur, yoxsa asan?
N.F. – Təbii ki, yaşa dolduqca. Çünki sən
bütün sınaqlardan həm insan, həm də aktyor kimi
rahatlıqla çıxırsan.
V.Ə. – Etiraz edirəm, əslində, çətinləşir
(bu zaman Natiq müəllimin pıçıltıyla dediyi “Sən
də bu gün ancaq mənə etiraz elə” sözlərinə
gülməkdən özümü güclə saxlayıram –
H.N.). Çünki həyatda ən çətin şey
qanmazı qandırmaqdır. Səhnə,
sənət də hər adamın işi deyil, qadası.
Heç də hər kəs oradan
çıxıb böyük zala söz deyə bilməz.
Gərək nə dediyini, nə göstərdiyini
əvvəl özü qana.
N.F. – Səhnə başqa, efir tam başqadır. Gərək səhnədə
olan ondan bir pay hali ola, onu hiss edə,
yaşaya, duya. Aktyorun böyüklüyü
ondadır ki, tamaşaçıdan yüksəkdə dayana.
– İcazə verin, sizinlə razılaşmayım. Çünki aktyorun,
rejissorun, lap elə dramaturqun işi özünü
tamaşaçıdan ağıllı göstərməyə
çalışanda bitir. Siz deyən o maarifçilik də
mifə çevrilib...
N.F. – Düz deyirsiz, razıyam. Amma mən başqa məqamı
deyirdim. Məsələn, aktyor oyununda da,
tamaşaçıya münasibətində də səmimi, sərbəst
və yüksək səviyyəli olmalıdır.
V.Ə. – O gün ki aktyor özünü
tamaşaçıdan üstün tutdu, xudbinliyə
yuvarlandı, onu diri-diri basdırmaq lazımdır. Təbii ki, mənən.
Özünü dərk edən insanlar özündənrazı
ola bilməzlər. Böyük
sənət böyük “mən”dən başlayır və
çalışıb onu qorumaq lazımdır. Mən kişilik məktəbini həyatda atamdan, sənətdə
isə Yusif Vəliyevdən öyrəndim. Ona görə
də...
Sözünü tamamlamamış yenə də
ağlamağa başlayır və mən naəlac yeni
gedişə başlayıram.
– Vahid
müəllim, axı, səhərin gözü
açılmamış sizi kim belə
incidib ki, heyfini bizdən çıxırsız?
V.Ə. – İndi yox, amma ümumən sənətdə
çox incidilmişəm. Yox, incidilmək
azdı, döyülmüşəm, mənən çox
döyülmüşəm.
Bu arada Natiq müəllim fürsət tapıb fikrini
tamamlayır.
N.F. –
Yaxşı aktyor heç vaxt özündən razı ola bilməz.
– Gözəl
insanlar, ancaq incidib-incidilməkdən danışsaq, gərək
ağlaşaq (yarızarafat dediyim bu sözlər
ağzımda donsa da, ortalığa təsəlli qatıram).
60 da, 70 də böyük ömür yoludur.
Maşallah, siz də həyat dolu adamlar, gəlin, bir az rollarınızdan danışaq. Vahid müəllim, sonuncu dəfə bu teatrda
hansı tamaşada oynamısız?
V.Ə. – İnanın ki, yadımda deyil. Yadımdadır
e, sadəcə, xatırlamaq istəmirəm.
N.F. – Əsasən böyüklər üçün
oynasaq da, son olaraq ötən həftə “Tıq-tıq
xanım” tamaşasında oynamışam.
V.Ə. – Bu illər ərzində təkcə aktyorluqla
deyil, teatrşünaslıqla da məşğul olmuşam. Natiq gözəl
aktyordur, o, tipaj aktyordur. Sadəcə, bəxti
onda gətirməyib ki, o, Azərbaycanda doğulub. Rusiyalı rejissorların dedikləri “Sizin rejissorlar
hara baxırlar ki, sizi görmürlər?” sözləri hələ
də yadımdan çıxmır. Təvazökarlıqdan
uzaq olsa da, deməliyəm ki, nə onun, nə də mənim
teatrda potensialımız açılma, özümüzü
ifadə edə bilmədik.
N.F. –
Razıyam, bizdən istifadə olunmadı və artıq
yaşa dolduq. Bunun da səbəbi, təbii ki,
rejissuradadır. Belə işləyirik e,
bekar deyilik, rollarımız var. Mən buradan əlavə
Bakı Uşaq və Gənclər Teatrında da
çalışıram. Amma aktyor kimi
öz potensialımı göstərdiyim rollar olanda daha
xoşbəxt, daha azad oluram.
V.Ə. – Bu teatrda irili-xırdalı 80-dən artıq
rol oynamışam. Amma bu, daha çox bu teatra digər iki
teatrın birləşməsindən əvvəl olub. Çox vaxt həmkarlarım mənimlə dublyor
olmaqdan imtina edirdilər, bilirdilər ki, mənim oyunum əsas
olacaq.
N.F. – Dublyorun olması mükəmməldir. Çünki hamımız
insanıq və hər an
başımıza nə isə gələ bilər. Amma gərək dublyorlar bir-birini təqlid etməsinlər,
öz xarakterlərini və aktyor xırdalıqlarını
orada tətbiq etsinlər. Dublyorla tamaşa
həm də rəqabət, yaxşı müqayisədir,
aktyorun yarışıdır. Elə
aktyor var ki, uzun müddət işsiz, rolsuz qalır. Dublyorluq elə bunun üçün də vacibdir.
Sadəcə, bu, bizim yox, rejissorların verdiyi qərardır.
Bu məqamda Vahid müəllim “Ələddinin sehrli
çırağı” tamaşasındakı Cin rolundan həvəslə
danışır, ona qatdığı xırdalıqları sadalayır.
– Gəlin,
özünüzü ifadə etdiyiniz,
tapdığınız rollardan danışaq.
V.Ə. – Televiziyada oynadığım “Bəxtsiz cavan”
tamaşasındakı rol ilə həm tanındım, həm
də sevildim.
O vaxta qədər teatrda da mənə əməlli-başlı
rol vermirdilər. “Bəxtsiz cavan” mənə bir
gecənin içində populyarlıq gətirdi. Əslində, o rolu da çətinliklə
qazandım. İnanın, ömrüm
mübarizədə, döyüşdə keçdi. Çox arzularım qaldı. Kvazimodo,
Kral Lir arzuları ilə gəldim 70-lə salamlaşdım.
N.F. – Eh,
dərdimi təzələdiz. O qədər oynamaq həsrətində
olduğum rollar var ki. Sənət müəllimim,
rəhmətlik Nəsir Sadqızadə tez-tez “Aktyor
üçün təhsil, savad, istedaddan əvvəl şans
lazımdır” deyirdi. Haqlı idi,
şansın yoxdursa, çarpışmağın mənası
yoxdur.
V.Ə. – Natiqlə bu dəfə də qismən razı
deyiləm. Götürək mənim timsalımda. Bir rol ilə populyarlaşdım, tanındım,
şanslı olduğumu hiss etdim. Amma nəticəsi
nə oldu? Mən nə onu fürsətə
çevirib qapılarda, qəbullarda qalmadım, nə də
sinəmə döyüb “mən-mən” demədim. Deməli, əsl sənət böyük mənlik
nümayişindən başlayır və mən
çoxlarının şans dediyi o minnətçi
düşməyi, dilxoşluq etməyi, gözə girməyi
bacarmadım. Düşündüm ki, mən
işim ilə məşğulam və görüb dəyərləndirmək
başqalarının işidir. Amma bəzi aktyor
yoldaşlarım, mənim oyunumdan (qoy desinlər Vahid
özünü öyür) nələrisə
çırpışdıranlar asanlıqla fəxri adlar da
alıblar...
N.F. – Əslində, sənətə fəxri ad
üçün, məşhurluq üçün gəlməmişəm. Sevdiyim
işimlə məşğul olmuşam, sənətə,
teatra, səhnəyə heç vaxt xəyanət etməmişəm.
Əmin olun, heç zaman da nə
özümü, nə də sənətimi qapılar
arxasında qoymamışam. Vallah, əsas
xalqın sevgisi, tamaşaçının münasibətidir.
Əsas teatr yaşasın, tamaşaçı
onu sevsin, qorusun. Çünki teatr
xalqın mədəni-mənəvi dəyəri, sərvətidir.
– Hər
teatrın öz üslubu, yaradıcılıq dəst-xətti,
oturuşmuş ənənəsi vardı. Bu,
indi də belədir?
V.Ə. –
Bunu məndən çox ağzına su alıb susan, gözləmə
mövqeyində olan, universitetlərdə bu sahə üzrə
dərs deyib çalışdıqları halda teatrşünaslıqdan uzaq
düşən teatrşünaslar deməlidirlər. Son onillikdə oynadığım tamaşalardan bir
teatrşünas yazısına – təhlilinə, tənqidinə
rast gəlməmişəm. Deməli,
teatr heç onlara da maraqlı deyil.
N.F. – Yazırlar e, onda da müəyyən rejissorlardan,
aktyorlardan yazıb, onlara tərifnamələr söyləyirlər. Vallah, demirəm
e tərif etsinlər, razıyam, tənqid yazsınlar, amma bir
fikir, mövqe ortaya qoysunlar. Axı, bu həm
də teatrımızın tarixidir.
V.Ə. –
Ona görə də son bayatımda yazmışam ki...
–
Teatrşünaslara bayatı həsr etmisiz? (gülürük).
V.Ə. –
Yox, qoy onlar hələ gözləsinlər. Bayatını
həyat və sənət böhranlarında olanda
yazmışam və istəyirəm elə sözümü də
bununla qurtaram. Yadınızda kədərli adam kimi qalsam da. Hərçənd
mən həyatsevər və zarafatcıl adamam. Amma nə etmək olar ki?!
Artıq söhbətin hara getdiyini və
gülüşümüzün kövrək notlara köklənərək
üz-gözümüzə bulaşacağını yəqin
edib diqqət kəsilirik. Məndən fərqli
olaraq Natiq müəllim daha hazırlıqlı
görünür. Deyəsən, o,
bayatının ilk dinləyisici deyil və mütləq bu
söhbət deyişmə ilə bitəcək.
Benefis-tamaşada
son monoloqunu deyirmiş kimi qəddini düzəldib,
üz-gözünü obraza salan Vahid müəllim titrək
səsi ilə bayatısını (ağrısını) dilə
gətirir:
Qaranlıqdan
çıxdım günə,
Günü gördüm, gün görmədim.
Nahaq görüm, haqqı gəzdim.
Nahaq gəzdim, haqq görmədim...
– Təəssüf ki, əla. Deməli, Vahid müəllimlə bu söhbətin taleyinə nisgil yazılıbmış, hə, Natiq müəllim? Odur ki, gəlin, heç olmasa, sizinlə 61 yaşınıza nikbin girək.
N.F. – Nikbin? Niyə aldadım sizi də, tamaşaçıları da. Yox, elə mən də onun bayatısına bir bənd şeirlə cavab verəcəm. Söhbətin əl-qolunu “bağlamaq” sizlikdir.
Haqq üzülüb, ədalət də azalıb.
Mərdin qismətinə namərd yazılıb.
Bu dünyanın kişiləri azalıb,
Baş götürüb o dünyaya gedirəm.
Vəssalam. Bu da plan-proqramını başqa cür cızdığım komik-teatral söhbətin poetik-dramatik sonu...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 18 fevral.- S.5.