Muğam ustadının ömür
və sənət yoluna işıq salan nəşr
Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından növbəti nəşri – “Xan Şuşinski. Biblioqrafiya” çapdan çıxıb. Biblioqrafiya məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901-1979) anadan olmasının 120 illiyinə həsr edilib.
Bu nəşr görkəmli muğam ustadı haqqında tərtib edilmiş ilk biblioqrafik vəsaitdir və 1931-2021-ci illəri əhatə edir.
Prezident Heydər Əliyevin “Xan Şuşinskinin 100 illik yubileyinin keçirilməsi haqqında” 20 iyul 2001-ci il tarixli sərəncamı ilə açılan biblioqrafiyada informasiyalar Azərbaycan və rus dillərində verilib. Göstəricidə xanəndənin həyat və yaradıcılığının əsas tarixləri, Azərbaycan musiqisi və sənətkarları haqqında vaxtilə söylədiyi fikirlər, görkəmli şəxsiyyətlərin Xan Şuşinski haqqında söylədiyi fikirlər, xanəndəyə həsr edilmiş şeirlər, kitablar və məqalələr haqqında məlumatlar toplanıb.
Xanəndəyə həsr olunmuş şeirlər bölməsində Xalq şairləri Səməd Vurğun, Məmməd Rahim, Nəriman Həsənzadə, həmçinin şairlər Əli Tudə, Əliağa Vahid və digərlərinin bədii nümunələri verilib.
Milli Kitabxanada qorunub saxlanılan Xan Şuşinskinin ifa etdiyi əsərlərin səs yazılarının göstəriciləri təqdim olunur. Bu bölmədə illər göstərilməsə də, ilk əsərin “Mahur” muğamı olduğunu görə bilirik. Dövlət Səs Yazıları Arxivindəki ilk yazı isə 1953-cü ilə aid olan “Ay gözəl” xalq mahnısıdır. Xanəndənin 70 illiyinə həsr edilmiş radioveriliş 30 dekabr 1971-ci ildə efirə gedib. Gecədə tanınmış muğam ustalarımız iştirak edib. Sərvər İbrahimov, Yaqub Məmmədov, Sara Qədimova, Əbülfət Əliyev və digər görkəmli muğam ustadları.
Nəşrdə Xan Şuşinskinin ilk məqaləsinin 1959-cu ildə “Ədəbiyyat qəzeti”ndə dərc edildiyi bəlli olur. Məqalə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünlüyündə təltif olunmuş mədəniyyət xadimləri haqqındadır. Xanəndə haqqında ilk məqalə isə 1931-ci ildə “Xan Şuşinskinin konsertləri” başlığı ilə “Kommunist” qəzetində dərc olunub.
Sonrakı bölmələrdə biz xanəndə haqqında çoxsaylı məqalə və kitabların siyahısını görə bilirik. Xan Şuşinski dünya milli kitabxanalarında bölməsi də xanəndənin irsinin təbliğinin əhatəliliyini əks etdirir. Biblioqrafiyada görkəmli sənətkara həsr olunmuş televiziya verilişləri, eləcə də özünün çəkildiyi filmlərdə (“O olmasın, bu olsun” – 1956 və s.) barədə də məlumat almaq olar. Bir sözlə, biblioqrafiya sənətşünaslar, musiqi tədqiqatçıları və geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.
Biblioqrafiyanın elmi redaktoru professor Kərim Tahirov, ön söz müəllifi Xalq artisti, bəstəkar Sərdar Fərəcov, tərtibçisi Həliməxatun Manafova, redaktoru Elnur Nəciyevdir.
Lalə
Mədəniyyət.- 2022.- 18 fevral.- S.7.