Su çərşənbəsi – 22.02.2022

 

Novruzun ilk çərşənbəsi bu dəfə tarixin güzgü ilə bölündüyü günə tən gələcək

 

 

 

Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır. “Çillə” ağrı-acı deməkdir ki, bu da qışın sərtliyinin insan düşüncəsində obrazlaşmış ifadəsidir.

 

Artıq Kiçik çillənin cəmi ikicə gün ömrü qalıb. Qarşıdan Boz ayNovruzun müjdəçiləri olan ilaxır çərşənbələr gəlir. Qədimlərdən bu yana ulularımız sərt qışda həmişə yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.

Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, YelTorpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.

İlaxır çərşənbələrdən birincisi Su çərşənbəsi bu dəfə fevralın 22-də özünü yetirəcək. Bu tarixi də sıradan saymaq olmaz – 22.02.2022! Ayna effektidir, deyilmi? Hər iki tərəfdən təkrarlanan rəqəmlər. Amma əsas odur ki, ulu Novruzun ilk çərşənbəsinin qədəmləri sayalı olsun, insanlara uğur gətirsin!

Mifik təfəkkürdə su dünyanın özülü, həyatın başlanğıcı, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” adlandırılır. Azərbaycan folklorunda suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.

Əski zamanlarda Su çərşənbəsində insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suyadeyib onun üzərindən atlanar, bulaq başında niyyət edərdi. Eyni zamanda suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər. Bəzi bölgələrimizdə hətta susəpən ayini də keçirilərdi. Təəssüf ki, bu gün yurdumuzda çərşənbələr, yüzillər öncə olduğu kimi, bütün ənənələrilə qeyd edilmir. Bunun başlıca səbəbi çağdaşlaşma və şəhərləşmə ilə bağlıdır...

Xalq arasında su ilə bağlı xeyli məsəllər var. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir. İnanca görə, Novruzda süzülən plovun suyunu ağacların dibinə tökərlər, neçə il bar verməyən ağac bar verər...

 

Artıq ikinci ildir, yağıdan qurtulmuş yurd yerlərimizin ayna gözlü bulaqları uzun illərdən sonra doğma sakinləri üçün daha şövqlə axır. Qalib Azərbaycan əsgəri o gözəl bulaqların suyundan ürəklə içir, çaylarından min bir həvəslə adlayıb keçir...  

 

Su çərşənbəniz mübarək!

 

F.Yunisli

 

Mədəniyyət.- 2022.- 18 fevral.- S.7.