Ordubaddan başlanan
səhnə yolu
Bəzi teatrlarımız aktrisa çatışmazlığı problemi yaşadığı bir dövrdə səhnəyə gələn, onun inkişafına öz töhfəsini verən sənətkarlarımızdan biri Xalq artisti Roza Cəfərxanova olub. Görkəmli aktrisa dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Unudulmaz sənətkarı anadan olmasının 95 illiyi münasibətilə yada saldıq.
Roza Heydər qızı Cəfərxanova 13 fevral 1927-ci ildə Ordubad şəhərində dünyaya göz açıb. Şəhərdəki mədəni mühit onda erkən çağlardan teatra həvəs oyadır. Hələ məktəbli ikən dram dərnəyinin hazırladığı tamaşalara qatılır. Orta məktəbi bitirdikdən sonra ilk sənət fəaliyyətinə şəhərdə yenicə açılan dram teatrında başlayır. Beləliklə, Roza Cəfərxanova taleyini həmişəlik teatrla bağlayır. O, Ordubad Dram Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasında Gülnaz, “Arşın mal alan”da Asya, “Ər və arvad”da Minnət xanım, Səməd Vurğunun “Vaqif” dramında Gülnar, “Fərhad və Şirin”də Şirin və digər rollarda oynayır. Aktrisa altı il bu teatrda çalışır. 1945-ci ildə muxtar respublikanın “Əməkdar artist”i adına layiq görülür.
Roza Cəfərxanova 1948-ci ildən indiki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnə fəaliyyətini davam etdirir. Yaradıcılıq imkanlarını, bacarıq və istedadını bu kollektiv qarşısında da göstərir. Gündən-günə diqqətçəkən və parlayan aktrisa kollektivin sevimlisinə çevrilir. Səhnədə oynadığı baş və epizodik rollar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bununla da teatrın aparıcı aktrisaları sırasında özünə layiqli yer tutur. O, bu səhnədə iki yüzdən artıq lirik, dramatik və komik rolda çıxış edib. Pəri “Pəri cadu” (Ə.Haqverdiyev), Yetər “Hacı Qəmbər” (N.Vəzirov), Ana “Astana” (A.Dudarev), Həyat “Həyat” (M.İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı – “Solğun çiçəklər”, “Aydın”, “Sevil”, “Nəsrəddin şah”, “1905-ci ildə”, “Od gəlini” və “Almaz” (hamısı C.Cabbarlı), Kabato “Xanuma” (A.Saqareli), Zəhra, Çin qızı “Şeyx Sənan” və “Səyavuş” (H.Cavid), Pəri “Qız atası” (Əfqan), İradə “Göz həkimi” (İ.Səfərli), Hökmdar “Pompeyin Qafqaza yürüşü” (N.Həsənzadə), Sənəm, Xala “Məşədi İbad” və “Arşın mal alan” (Ü.Hacıbəyli) və başqaları aktrisanın uğurlu yaradıcılıq işləri sayılır.
Əməyi yüksək qiymətləndirilən sənətkar 1984-cü ildə Azərbaycan SSR-in “Əməkdar artist”i fəxri adını alır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev sənətkar haqqında yazır: “1997-ci ildə Naxçıvan teatrına təzəcə gəlmişdim. Mədəniyyət və İncəsənət Universitetindən yenicə məzun olmuşdum. Teatrın rejissorunun olmadığından istifadə edən bir aktyor M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını plandankənar səhnələşdirmək istəyirdi. Böyük səhnə ilə tanışlığım o qədər də çox deyildi. Amma “rejissor” bu tamaşada mənə əsas rollardan olan Teymur ağa obrazını verirdi. Mən isə ona etiraz etdim. Bildirdim ki, mənim elə səhnə təcrübəm yoxdur. Bu rolun öhdəsindən gələ bilmərəm. İlk olaraq mənə epizodik rol verilməsini xahiş etdim... Həmin anda Roza xanım mənə yaxınlaşıb çox sakit səslə dedi: “Səməd, oğlum, səndən xoşum gəldi. Çünki indi teatra gələn gənclər ilk dəfədən baş rol oynamaq iddiasında olurlar. Gərək özünü əvvəl-əvvəl kiçik, epizodik rollarda sınayasan. İstedadını, bacarığını kollektiv qarşısında sübut edəsən. Bundan sonra böyük teatr yoluna başlamaq olar. Həmin gündən Roza xanımla səmimi münasibətlərimiz başladı...”.
Mənbələrdə qeyd edilir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Roza Cəfərxanovanın son çıxışı Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” tamaşasında olur. Qocaman sənətkarın yaddaşı sözünə baxmırdı. Bir gün səhnədə yaddaşı onu çətin vəziyyətə salır. Tərəf-müqabili olan Xalq artisti Rza Xudiyevə astadan: “Bahoo, korladım” deyir. Ancaq tamaşaçılar yaranan gərginliyi hiss etmir. Bundan sonra Roza Cəfərxanova teatrdan ayrılır...
Görkəmli sənətkar 2000-ci ildə “Xalq artisti” fəxri adına, 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb. Xalq artisti 18 may 2010-cu ildə Naxçıvan şəhərində vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 18 fevral.- S.6.