Regionlardakı rəsm qalereyalarının fəaliyyəti ilə bağlı müzakirə aparılıb

   

 

Regionlardakı rəsm qalereyalarının fəaliyyəti fevralın 15-də videokonfrans formatında keçirilən iclasda müzakirə olunub.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın sədrlik etdiyi iclasa şəhər və rayonlarda fəaliyyət göstərən rəsm qalereyalarının rəhbərləri qatılıblar.

Videokonfransın açılışında Sevda Məmmədəliyeva ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı görülən mühüm işlərdən bəhs edib. Nazir müavini paytaxtla yanaşı, regionlarda da mədəniyyət müəssisələrinin əsaslı təmiri, yeni binalarla təchiz edilməsi, həmçinin müasir üslubda bədii tərtibat işlərinin həyata keçirilməsindən söz açıb.

Nazirlik tərəfindən rəsm qalereyaları ilə bağlı ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, əməkdaşların və rəhbər işçilərin kadr-peşə hazırlığının artırılması, maarifləndirilmə istiqamətində tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, qalereyalarda Azərbaycan rəssamlarının yüksək bədii və tarixi əhəmiyyətə malik əsərlərinin qorunması, respublika və beynəlxalq sərgilərdə nümayişi ilə bağlı müvafiq layihələr, həmçinin qalereyalara peşəkar kadrların cəlb edilməsi və ümumi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində yol xəritəsi hazırlanıb.

Sonra Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxış edərək rəsm qalereyalarının işinin fəallaşdırılması, gənc mütəxəssislərin cəlb olunması, əməkdaşların dil biliklərinin artırılması, fondların zənginləşdirilməsi və əsərlər üzərində elmi tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Şöbə müdiri regionlardakı qalereyalarda çalışan əməkdaşların davamlı olaraq bilik və bacarıqlarının artırılmasının zəruriliyini qeyd edib.

Onlayn görüş zamanı Mingəçevir, Laçın, Ağstafa, Qazax, Biləsuvar, XaçmazNeftçala dövlət rəsm qalereyalarının rəhbərləri tərəfindən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı irəli sürülmüş təkliflər müzakirə edilib.

 

Mədəniyyət.- 2022.- 18 fevral.- S.3.