Bölgələrdə “Şuşa
İli” tədbirləri
Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Şuşa rayon Turşsu kənd Uşaq musiqi məktəbində “Şuşa İli”nə həsr olunan konsert keçirilib. Abşeron rayonu Qobu qəsəbə Uşaq incəsənət məktəbi “Təbəssüm” rəqs qrupunun ifasında “Xarıbülbül” rəqsi, məktəbin xanəndə sinfi şagirdlərinin ifasında “Xudayar” təsnifi, “Sarı bülbül” xalq mahnısı və digər musiqi nömrələri təqdim olunub.
Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində “Şuşa Qarabağın döyünən ürəyi, Şuşa Qarabağın zümrüd tacıdır” adlı tədbir keçirilib. Kənd tam orta məktəbinin müəllim və şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.
Lənkəran RMİ Astara rayon Mərkəzi Kitabxanasında Şuşa şəhərinə virtual səyahət təşkil olunub. Virtual səyahət zamanı kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Şuşanın tarix-mədəniyyət abidələri haqqında iştirakçılara məlumat verib.
Biləsuvar RMİ Salyan rayon Mərkəzi Kitabxanasında keçirilən “Şuşanın azad olunması” adlı tədbirdə məktəblilərə Şuşa döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimiz haqqında məlumat verilib.
İsmayıllı RMİ Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mədəni irsli Şuşa” mövzusunda tədbir keçirilib. Çıxış edənlər “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olacağını qeyd ediblər.
Şəki RMİ Şəki şəhər Uşaq incəsənət məktəbinin Xalq çalğı alətləri şöbəsi şagirdlərinin solo konserti keçirilib. Konsertdə IV sinif şagirdi Yaqub Mustafayev və V sinif şagirdi Vasif Hüseynəlili Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.
Mədəniyyət.- 2022.- 23 fevral.- S.4.