Ölüm sevinməsin qoy...
Şəhid Nicat Xəlillinin
xatirə bulağı açılıb
Xalqımız öz qəhrəmanlarını unutmur, qəlbində, yaddaşında yaşadır. Vətənin igid övladlarını gələcək nəsillərin də xatırlaması üçün onlara bədii əsərlər ithaf edilir, xatirələrinə abidə kompleksləri yaradılır. Ömrünü Vətənə bağışlayanlar cismən yoxluqlarına baxmayaraq, ruhən yaşayır, əbədiyyət fatehlərinə dönürlər.
Zaqatala gəncləri də torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmişə ön sırada dayanıblar. Zaqatala rayonundan 196 nəfər Birinci Qarabağ, 33 nəfər İkinci Qarabağ savaşlarında şəhidlik zirvəsinə yüksəlib.
2020-ci ilin 44 günlük müharibəsində könüllü cəbhəyə yollanaraq canını Vətən uğrunda fəda edənlərdən biri də rayonun Muğanlı kəndində doğulub böyümüş Xəlilli Nicat Əli oğludur. Bu günlərdə şəhidimizin doğma yurdunda onun xatirəsinə bulaq kompleksi açılıb.
Mərasimdə ilahiyyatçı Elşən Musayev şəhidin ömür və döyüş yolu barədə danışaraq, şəhadətin fəlsəfəsi, İslam dinində şəhidlik məqamının önəmi barədə söz açıb.
Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Vətən müharibəsindən bəhs edərək, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəhbər-xalq birliyi, insanların aşıb-daşan vətənpərvərlik duyğuları və torpaqlarımızı azad görmək əzminin cəbhədə qazanılan qələbələrin rəhni olduğunu söyləyib: “Tarixi Zəfərdə şəhid balamız Nicatın da payı var. Ruhu şad olsun, onu belə mərd, cəsur, doğma məmləkətə sevgi ilə böyüdüb tərbiyə edən valideynlərinə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün onların ruhu şaddır. Çünki uğrunda canlarını fəda etdikləri Vətənin ərazi bütövlüyü bərpa olunub, torpaqlarımız azaddır...”.
Kənd ziyalılarından Firəngiz Əhmədova, Muğanlı orta məktəbində şəhidin müəllimi olmuş Nəsib Yusifov və başqaları çıxış edərək, Nicat kimi minlərlə gəncin öz qəhrəmanlıqları ilə adlarını tariximizə əbədi həkk etdiklərini vurğulayıblar.
Məktəblilər şəhadət zirvəsinə yüksələnlərin ölməzliyini vəsf edən şeirlər söyləyiblər. Sonda şəhidin ruhuna dualar oxunub.
Nicat Xəlilli 9 dekabr 1994-cü ildə doğulub. Vətən müharibəsində Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonları istiqamətində döyüşlərdə şücaət göstərib. 2020-ci ilin 9 oktyabrında Goranboyun Gülüstan kəndi yaxınlığında şəhidlik məqamına yüksəlib. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Qurban Cəbrayıl
Mədəniyyət.- 2022.- 23 fevral.- S.4.