“İstəyirdi düşmən bilsin ki, o,
Xankəndidən olan Nizamidir...”
Xalqımız tarixdə çoxlu müharibə görüb, neçə-neçə yadelli işğalçı ilə qarşılaşıb. Lakin heç zaman əyilməyib, Vətən, torpaq sevgisi, dilinə, mədəniyyətinə bağlılığı onu ayağa qaldırıb, yaşadıb, gələcəyə aparıb. Bu mənada Vətəni canından əziz bilən igid oğullarımızın da fədakarlığını, qəhrəmanlığını unuda bilmərik.
Dövlət başçısının sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi Azərbaycanın ədəbiyyat və mədəniyyətində, tarixində mühüm yerə sahib 270 yaşlı şəhərimizin dəyərlər sisteminə yenidən nəzər salmaq imkanı deməkdir. “Şuşalı Milli Qəhrəmanlar” silsiləsində əsli Şuşadan olan və ya vaxtilə orada doğulub boya-başa çatmış şəhid Milli Qəhrəmanlarımız barədə söz açacağıq.
Bu silsilədən ilk olaraq Milli Qəhrəman Nizami Məmmədovun həyat və döyüş yolundan bəhs edəcəyik.
Nizami Murad oğlu Məmmədov 1958-ci il yanvarın 12-də Azərbaycanın Xankəndi şəhərində dünyaya göz açıb. Nizami Gəncəvi adına 4 saylı şəhər orta məktəbini bitirib. 1975-1977-ci illərdə İrkutsk vilayətində (Rusiya) hərbi xidmətdə olub. Əsgərlikdən qayıdandan sonra Xankəndi şəhərində Yaşıllaşdırma idarəsində, daha sonra Qarabağ İpək Kombinatında çalışıb. Polis olmaq arzusu ilə SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis Məktəbinə (indiki Daxili İşlər Nazirliyi Polis Akademiyası) daxil olur, oranı bitirdikdən sonra Xankəndi Şəhər Polis Şöbəsində işləməyə başlayır. 1988-ci ildə erməni millətçiləri Qarabağ xülyasına düşüb separatçılığa başlayanda onu Xankəndidən Şuşa RPŞ-yə göndərirlər.
Nizami Məmmədov 1988-1989-cu illərdə erməni silahlı dəstələrinin Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinə basqınlarının artdığı vaxtda Kərkicahan, Qaybalı və digər kəndlərin müdafiəsində iştirak edib. Birinci Qarabağ müharibəsi gedişində Malıbəyli, Qaladərəsi və digər əməliyyatlarda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Döyüşlərdə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Qarabağ uğrunda döyüşlərdə şəxsi şücaəti, igidliyi ilə seçilən Nizami Məmmədov 1992-ci il martın 29-da Şuşa Şəhər Polis Şöbəsinin bombalanması nəticəsində şəhid olub.
Şəhidin qardaşı Rövşən Məmmədov qeyd edir ki, Nizami ailənin böyük övladı olub: “Ailədə üç övlad olmuşuq. Üçümüz də Xankəndi şəhəri N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirmişik. Nizami uşaqlıqda futbola həvəs göstərirdi...”.
Milli Qəhrəmanın polis yoldaşı Akif Əliyev bildirir ki, Xankəndidə Nizami ilə bir yerdə böyüyüb: “Orta məktəbi də bir yerdə oxumuşuq. Uşaqlığımız demək olar ki, bir yerdə keçib. Polis olmaq onun ən böyük arzusu idi”.
Şəhidin döyüşçü yoldaşı Hidayət Əliyevsə söyləyir ki, Nizami istəyirdi düşmən onu tanısın: “Açıq döyüş aparırdı. İstəyirdi ki, düşmən görsün ki, bu adam Xankəndidən olan Nizamidir. Nizami istəyirdi ki, düşmənlə üzbəüz döyüşsün, onlardan qisas alsın. Ona görə ki, onun doğulduğu yer, evi düşmən işğalında idi...”.
Milli Qəhrəmanın digər polis yoldaşı Orduxan Kərimov bildirir ki, 1992-ci il martın 29-u – Nizaminin şəhadətə ucaldığı gün Qarabağda gedən ən ağır döyüşlərdən biri olub: “Bizim aldığımız məlumata görə, həmin döyüşdə 120-dən artıq düşmən məhv edilmişdi. Həmin gün bizim sonradan Milli Qəhrəman adı alacaq üç nəfər döyüşçümüz şəhid oldu. Onlardan biri də Nizami Məmmədov idi...”.
Nizami Məmmədov 1992-ci il martın 30-da Bərdə rayonunun Dəymədağlı kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Üç övlad atası idi. Oğulları Natiq, Namiq, Naiq ataları ilə fəxr edərək böyüyüblər.
Onun şəhid olmasından artıq 30 il
keçir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan
Ordusu Nizaminin və bütün şəhidlərimizin qanını
yerdə qoymadı, torpaqlarımızı işğaldan
azad etdi.
Rahat uyu, şəhidim. Uğrunda canını qurban verdiyin mədəniyyət
beşiyimiz Şuşa
şəhəri də
artıq azaddır. Qarabağımızda üçrəngli şanlı bayrağımız
dalğalanır.
Qeyd edək
ki, Abşeron rayonu Masazır qəsəbəsindəki küçələrdən
biri hazırda Nizami Məmmədovun adını daşıyır.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 23
fevral.- S.6.