“Əbədi imzalar”
Qara Qarayevin əsərlərindən
ibarət not toplusunun
təqdimatı
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu tərəfindən “Əbədi imzalar” layihəsi çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu halında nəşr edilib.
Fevralın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində dahi bəstəkar Qara Qarayevin əsərlərinin not toplusunun təqdimatı keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn topluda Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb. İcrasına 2019-cu ildə başlanılan “Əbədi imzalar” layihəsi çərçivəsində ümumilikdə 71 məcmuə nəşr olunub. Bununla yanaşı, topluya 12 qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır.
Diqqətə çatdırılıb ki, topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyət daşıyır.
Ev-muzeyin müdiri, pianoçu Züleyxa Qarayeva-Bağırova ailəsi adından tədbirə gələnlərə təşəkkürünü bildirib.
Xalq artisti Murad Adıgözəlzadə fortepianoda Qara Qarayevin əsərlərindən parçalar ifa edib.
Tədbirdə Əməkdar rəssam Vüqar Əlinin bəstəkarın Ömər
Xəyyamın şeirlərinə yazdığı səs və
fortepiano üçün
“Altı rübai”nin
(1944) təəssüratı altında işlədiyi 6 rəsm
əsərinin təqdimatı da olub.
Mədəniyyət.- 2022.- 23
fevral.- S.5.