“Maestro Niyazifilmi bərpa olunub

 

 Musiqi Mədəniyyəti Dövlət Muzeyində fevralın 18-də Azərbaycan Dövlət Film Fondu ilə birgə yenidən bərpa olunmuş “Maestro Niyazi” (1975) sənədli filminin təqdimatı keçirildi.

Təqdimat görkəmli dirijor bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (1912-1984) 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində gerçəkləşdi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin Niyazinin yaradıcılığının təbliği istiqamətində gördüyü işlərdən danışdı. O, “Maestro Niyazi” sənədli filminin bərpasının da bu istiqamətdə atılan təqdirəlayiq addımlardan olduğunu dedi.

Qeyd olundu ki, 1975-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında çəkilən film böyük sənətkarın həyat yolu və çoxcəhətli yaradıcılığına, həmçinin ictimai fəaliyyətinə həsr olunub. Ekran işinin ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rejissoru Rauf Nağıyevdir.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirdi ki, filmdə unikal kadrlar var. Bu onunla səciyyələnir  ki, film Niyazinin sağlığında çəkilib və burada əhəmiyyətli təsvirlər yer alıb: “Həmin unikal səhnələrdən biri Niyazinin Yunus Əmrənin şeirini səsləndirdiyi məqamdır. Film texniki baxımdan yaxşı deyildi. Ona görə də qərara gəldik ki, filmi bərpa edək...”.

Cəmil Quliyev filmin elektron nüsxəsini muzeyə hədiyyə etdi.

Çıxışlardan sonra maestro Niyazinin əsərlərindən ibarət musiqi proqramı təqdim olundu. Əməkdar artist Nərgiz Kərimova, Vüsal Aydəmirov, Bakı Musiqi Akademiyasının IV kurs tələbələri Aydan Rüstəmzadə və Günel Rzayevanın ifaları alqışlarla qarşılandı.

Muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunduqdan sonra tədbir iştirakçıları bərpa edilmişMaestro Niyazifilmini izlədilər.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.1;3.