Görkəmli musiqişünasın 90 illiyi qeyd olunub
Fevralın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın (1932-2009) 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə qonaqları salamlayaraq Elmira Abbasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, ictimai və pedaqoji fəaliyyətindən söz açıb.
ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Elmira Abbasovanın çoxşaxəli yaradıcılığından danışıb, onunla birgə fəaliyyətlərindən bəhs edib. Elmira xanımın professional pedaqoq kimi yetişdirdiyi çoxsaylı tələbələrindən danışan Z.Qafarova onun hər zaman öz işinə ciddi məsuliyyətlə yanaşdığını vurğulayıb.
Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə E.Abbasovanı üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb. Elmira xanımın çətin və gərgin 90-cı illərdə təşkil etdiyi konsert və konfransların əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, 1977-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) rektoru olan E.Abbasova eyni zamanda müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırıb. Onun “Cövdət Hacıyev”, “Rəşid Behbudov”, “Soltan Hacıbəyov”, “Səid Rüstəmov”, “Qurban Pirimov”, “Bəhram Mansurov” və s. kitabçaları, elmi məqalələri Bakıda və keçmiş SSRİ respublikalarında çap olunub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova isə E.Abbasovanın pedaqoji fəaliyyətindən söz açıb.
Çıxışlardan sonra konsert proqramı
təqdim olunub. Ü.Hacıbəylinin
“Arşın mal alan” operettasından Gülçöhrənin ariyası
və Q.Qarayevin A.Puşkinin sözlərinə
yazdığı “Mən
sizi sevirdim” romansı Xalq artisti Gülnaz İsmayılovanın ifasında
(müşayiət Ülviyyə
Hacıbəyova - piano) səslənib.
Q.Qarayevin violin və fortepiano üçün sonatasının
I hissəsini beynəlxalq
müsabiqələr laureatları
Ümidə Abbasova
(violin) və Səidə
Tağızadə (piano) ifa
ediblər. Daha sonra
Ülviyyə Hacıbəyova
Elmira xanımın oğlu,
istedadlı bəstəkar
Elnar Məmmədovun
fortepiano üçün variasiyalarını
və Q.Qarayevin “Eskiz” əsərini təqdim edib.
Sonda musiqişünasın
qızı, Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin dosenti Kamina Məmmədova konfransın təşkilatçılarına
və iştirakçılara
təşəkkürünü bildirib.
Mədəniyyət.- 2022.- 23
fevral.- S.3.