“Gəldi və yaxşı dostluq əlaqələri yaratdı...”
Vaqif Mustafayev bir neçə filminin operatoru olmuş Lomer Axvlediani ilə
bağlı xatirələrini bölüşdü
Xalq artisti, rejissor Vaqif Mustafayevlə bir neçə filmdə çalışmış Gürcüstan Kinematoqrafçılar İttifaqının katibi, məşhur kinooperator Lomer Axvlediani 88 yaşında dünyasını dəyişib. Vaqif Mustafayevlə “Azərbaycanfilm”də görüşüb sıx əməkdaşlıq etdiyi kino xadimi ilə bağlı fikir və xatirələrini dinlədik.
– Mənim, ümumiyyətlə, Gürcüstan kino xadimləri
ilə sıx əlaqələrim var. “Yaramaz” filmində (1988) aktyor
Mamuka Kikaleyşvili ilə
çalışırdım. Mamuka o zaman rejissor
Reza Çxeidzenin “Don Kixot və Sançonun həyatı” filmində çəkilirdi
və həmin filmin operatoru
Lomer Axvlediani idi. Həmin il
tanış olduq və sonra
ulu öndər Heydər Əliyev
haqqında dörd sənədli filmi Lomer Axvlediani
ilə birlikdə çəkdik. Daha sonra “Milli bomba”
bədii filminin bir hissəsini də onunla işlədik. Lomer Axvlediani təkcə
Gürcüstan miqyasında
deyil, dünya miqyaslı operator idi.
Mərd,
çox istedadlı və yüksək insani keyfiyyətlərə
malik idi.
– Sənətinin özəlliyi
nədə idi?
– Ümumiyyətlə, onun çəkdiyi təsvirlər
çox yüksək
səviyyədə idi.
Rəngləri, işıq və
kölgəni yaxşı
duyurdu. Onun işini poetik
kino istiqamətinə
aid etmək olar.
O, komediya filmlərini
də peşəkarcasına
duyurdu. Çəkdiyi ekran əsərlərindən
biri də məşhur “Küp” filmidir. Yumor hissi yüksək
idi. Maraqlı əhvalat, lətifələr
danışardı. Adətən operatorlar azdanışan olurlar. O isə bu cəhətdən kasad deyildi...
– Azərbaycanlı operatorlar
sizinlə çalışdığı
vaxtlarda ondan nələrsə öyrənə
bildilər?
– O, Azərbaycana gələndən
sonra bu sahədə hər kəslə dost oldu. Bəziləri ilə Moskvada
Ümumrusiya Dövlət
Kinematoqrafiya İnstitutunda
birlikdə oxumuşdu.
Kino xadimlərinin bir çoxunu yaxşı tanıyırdı.
Gəldi
və yaxşı dostluq əlaqələri yaratdı.
– Gürcü kinematoqraflarla əməkdaşlığınızın xüsusi bir səbəbi varmı?
– Kino incəsənətin beynəlxalq növüdür. Tarixən italyanlar fransızlarla, fransızlar italyanlarla birgə film çəkirdilər. Əsas keyfiyyətdir. Mənim Lomerlə birgə çalışdığım filmləri təsvir etibarilə keyfiyyətli filmlər adlandırmaq olar.
***
Qeyd edək ki, Lomer Axvlediani 1934-cü il oktyabrın 2-də Tbilisidə anadan olub. 1957-ci ildən “Gürcüstanfilm”də operator işləyib. 1978-ci ildə Qahirə Beynəlxalq Film Festivalının xüsusi mükafatına layiq görülüb. “Küp”, “Satrfo üçün zinət əşyaları”, “Salxineti bəlası”, “Payız günəşi”, “Doğma yurdum”, “Milad ağacı”, “Samanişvilinin ögey anası”, “Don Kixot və Sançonun həyatı”, “Besame”, “Ekspress informasiya” və s. filmlərdə operator kimi çalışıb.
Lalə
Mədəniyyət.- 2022.- 23
fevral.- S.5.