Özbək xalqının mübariz ədibi və dövlət xadimi

 

Ötən əsrin birinci yarısında özbək ədəbiyyatında milli ruh və azadlıq duyğularını alovlandıran rəngarəng əsərlər qələmə alan ədiblərdən birişair, nasir, dramaturq və dövlət xadimi, repressiya qurbanı Əbdürrauf Fitrətdir.

 

Əbdürrauf Əbdürrəhman oğlu (Fitrət) 1886-cı ildə Özbəkistanın Buxara şəhərində tacir ailəsində anadan olub. İlk təhsilini “Mirərəb” mədrəsəsində alır. Erkən çağlardan poeziyaya maraq göstərir. Mütaliə yolu ilə Şərq şairlərinin yaradıcılığı ilə yaxından tanış olur. Dünyəvi elmlərlə də maraqlanır, dini dəyərlərə bağlı olur. 1904-cü ildə Həcc ziyarətinə gedir. Məkkədən qayıdarkən bir müddət İstanbulda qalır. Şəhərin mütərəqqi fikirli gəncləri ilə ünsiyyət qurur.

 

Buxaraya qayıdan Əbdürrauf doğma yurdunda rus özbaşınalığı ilə barışa bilmir. 1909-cu ildə Buxara yenilikçilərinin (cədidçilər) məsləhəti ilə yenidən Türkiyəyə gedir. İstanbul Universitetinə qəbul olunur. Eyni zamanda müxtəlif ictimai-siyasi təşkilatlarla maraqlanır. “Gənc Türklər” hərəkatına rəğbət bəsləyir. Yaradıcılığa da vaxt ayırır. Tələbələr arasında istedadlı gənc kimi tanınır. Tələbə ikən “Münazara” (1909), “Sayha” (1911), “Hind səyyahı” (1912) adlı şeir kitabları işıq üzü görür.

 

Əbdürrauf 1913-cü ildə təhsilini başa vurub Buxaraya dönür. Yaradıcılığa daha çox üstünlük verir. Vaxtının çoxunu Buxara əmirinin zəngin kitabxanasında keçirir. Dövri mətbuatda “Fitrət” imzası ilə məqalələr dərc etdirir. İnqilabi ruhlu pyeslər qələmə alır. Teatr tamaşaları hazırlayır. Məmurların özbaşınalığını tənqid edir, xalqı hüquqlarını müdafiə etməyə cəsarətləndirir.

 

Çar Rusiyasının müstəmləkəçilik zülmünə etiraz olaraq Ə.Fitrət, Ə.Çolpan, K.Ramazanov, Elbek, Ş.Rəhimi, G.Zəfəri, M.M.Şerməhəmmədov, Q.Yunusov, Batu, S.Sıddıqov kimi fikir adamlarından ibarət “Cağatay Qrungi” adlı ədəbi təşkilat yaradılır. Az vaxt ərzində bu ədəbi təşkilatın ətrafına gələcəyin istedadlı şair və yazıçıları toplaşır. Cədidçilər çox keçmir türk birliyi ideyasını önə çəkir və milli-tarixi yaddaşa söykənən ədəbi nümunələr yaradırlar...

 

Əbdürrauf Fitrətin “Yurd qayğısı” adı ilə dərc olunan üç mənsur şeiri var. Müəllif “Yalan” adlı ilk şeirində türk millətinə, Turan elinə müraciətlə yazır: “Yox... yox... Tanrı haqqı üçün yox!... Sən gücsüz, kimsəsiz deyilsən. Bu gün yer üzündə 80 milyon övladın var. Onların damarlarında Çingiz xan və Əmir Teymurların qanı axır. Onların gücləri sənin gücündür!... Ey ulu Turan, aslanlar ölkəsi! Sənə nə oldu? Dünyanı titrədən aslan ürəkli övladların hanı? Niyə səsləri çıxmayır?... Niyə getdilər? Mücadilə meydanlarını yadlara niyə buraxdılar?”.

 

Tədqiqatçı Əli Şamil mövzu ilə bağlı araşdırmasında yazır ki, Ə.Fitrət 1917-ci il Oktyabr inqilabına, sovet hökumətinin gələcəyinə ümidsizliyini ifadə edərək yazıb: “Rusiyada yeni bir bəla ortaya çıxdı, bolşevik bəlası!”. Ancaq  o, 5 dekabr 1917-ci ildə cədidçilərin rəhbərliyi ilə “Kokand muxtariyyəti”nin qurulmasını “Hürriyyət” qəzetinin baş redaktoru kimi böyük sevinclə qarşılayır.

 

Həmfikirləri ilə gizli şəkildə “Gənc buxaralılar” təşkilatını qururlar. Ancaq təzyiqlərlə üzləşirlər. Bütün bunlara baxmayaraq, Ə.Fitrət yolundan dönmür. Bir-birinin ardınca “Əbu Müslüm”, “Temür sağanası”, “Oğuzxan” pyeslərini yazır. Bolşeviklər isə Türküstànda möhkəmlənməyə çalışırlar. Çətinliklərlə qarşılaşanda xalqı öz tərəflərinə çəkmək üçün bərabərlik və àzàdlıq bàrədə bîl-bîl vədlər vårirlər. Cədidçilərin bir çoxu bolşeviklərin şirin vədlərinə inanır və onların fəallarına çevrilirlər. Ə.Fitrət də Kommunist Partiyasına üzv olur. 1921-ci ildə maarif naziri, 1922-ci ildə Nazirlər Soveti sədrinin müavini təyin edilir...

 

Ancaq çox keçmir Ə.Fitrət xüsusilə milli məsələlərdə bolşeviklərin hərəkətləri ilə razılaşmır. Əmrləri yerinə yetirmir. Bunu görən mərkəzi rəhbərlik onu partiya və hökumət işindən uzaqlaşdırır. O, mübarizəsindən geri çəkilmir. “Əbülfeyzixan”, “Hind ixtilalçıları”, “Arslan” və s. pyeslər, hekayələr yazır. Eyni zamanda elmi araşdırmalar da aparır. Onun klassik şairlər haqqında bir çox elmi məqalələri özbək ədəbiyyatı ilə bağlı dərsliklər üçün qaynağa çevrilir.

 

Ə.Fitrətin ibtidaiorta məktəblər üçünOkuv” kitabı 1917-ci ildə Bakıda çap olunub. “Hind ixtilalçıları” pyesi isə şair, “Yeni füyuzat” jurnalının redaktoru Əlipaşa Səbur Hüseynzadə tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılır və tamaşaya qoyulur.

 

30-cu illərin Stalin repressiyaları Əbdürrauf Fitrətin də ömrünü yarıda kəsir. 1937-ci ildə millətçilikdə və əksinqilabi fəaliyyətdə təqsirli bilinərək həbs edilən şair 4 oktyabr 1938-ci ildə güllələnir. Əsərləri kitabxanalardan yığışdırılır və müsadirə olunur...

 

Qadağalara baxmayaraq, özbək xalqı vətənpərvər şairini unutmur. Onun “Ədəbiyyat qeydləri”, “Özbək xalq musiqisionun tarixi”, “Özbək ədəbiyyatı nümunələri”, “Əruz haqqında” kitabları gizlin şəkildə mütaliə olunur, təbliğ edilir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.6.