Şaiq olmaq üçün...
O, hiss, arzu və istəklərindən, görünən və görünməyən özündən sənətimizə nələr vermişdi, görəsən?! Bu haqda fikir yürütmək elə də asan deyil. Amma onu əvvəl uzaqdan, sonra nisbətən yaxından tanıdığımız (təbii ki, tanıtdığı qədər) bu illər ərzində hamı mütləq mənəvi qatda qazanclı olduğu üçün xoşbəxt idi... Rəsmiyyətdən, bəlağətdən uzaq, amma sənətin tam ortasında olan adam idi.
Hamının qərib qonaq olduğu bu dünya ilə haqq-hesabı, alıb-verəcəyi yox idi bu daim rəngli adamın. Rəngli niyə dedim? O, təkcə geyim-kecimində avanqard, yenilikçi, çoxçalarlı deyildi. Xasiyyətində, ətrafına münasibətində, ən əsası da qəlibə sığışmayanlar arasında nikbin və təkrarsız idi. Bəli, Şaiq Səfərov Azərbaycan teatr mədəniyyətinin ən maraqlı, ən təəssübkeş və ən səmimi simalarından idi.
Bəzən kimisə təsvir edərkən “O, bu dünyanın adamı deyildi” kimi bənzətmələr edir və əslində, üzündə qanqallar bitirən adamların sırasından sıyrılıb göylərə daha tez çəkilməsinə sevinirmiş kimi özümüzə təsəlli veririk. Arabir vədəsiz itki ilə barışmazlığımızı daxili üsyana da çeviririk. Amma bunların heç birində “Niyə o qürurlu adam(lar)ı qoruya bilmədik?!” kimi özünüittihama gedib çıxa bilmirik...
Şillerin sözüdür, “Açıq qəlbli insanın alnı da açıqdır”. Tamamilə düzdür. Şaiq Səfərovu az-çox tanıyanlar, onunla ünsiyyətdə olanlar, ən azı bir dəfə birlikdə səfərə çıxanlar birmənalı olaraq bu insanın necə açıq ürəyə, təmiz vicdana və ən əsası da mənəvi zənginliyə malik olduğunu deyirlər.
Yanvarın 27-də, 68 yaşında itirdik teatrşünas, rejissor Şaiq Səfərovu. Onun itkisi Azərbaycan mədəniyyətinin, teatrının itkisi idi. Ucaboy və həlim adamın səssiz köçü barədə hamı bir-birinə pıçıltı ilə xəbər verdi. Hərə əlinin arxası ilə sildiyi göz yaşlarında dilləndirdi kədərini. Beləcə, bu dünyasında olduğu kimi o dünyasına yolçuluğunda da səssiz və səmimi sevgi ilə əhatələndi Şaiq Səfərov..
Şaiq Cabir oğlu Səfərov 1954-cü il dekabrın 18-də Bakıda anadan olmuşdu. 1972–1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsini bitirmiş, müxtəlif illərdə Gəncə Dövlət Dram, Sumqayıt Dövlət Dram, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında çalışmışdı.
Bir müddət Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsində Teatr sektorunun müdiri kimi də fəaliyyət göstərmişdi. 2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda keçirilən Beynəlxalq Teatr Konfransı və 2011, 2013-cü illərdə təşkil olunan “Cırtdan” Beynəlxalq Kukla Teatrları Festivalının hazırlıq və təşkilati məsələlərində böyük əməyi olmuşdu. O, həmçinin dəfələrlə Azərbaycanı xarici ölkələrdə teatr simpoziumlarında, treninq və seminarlarda, müsabiqə və festivallarda (fəxri münsif kimi) layiqincə təmsil etmişdi.
Onun Azərbaycan teatrının təbliğindəki əvəzsiz xidmətləri haqqında çox yazmaq olar. Amma təriflənməyi sevməyən, hətta bundan utanan adam olduğunu bildiyimdən bu fikrimdən daşınıb sözü uzaq gənclikdən yaxın dünənədək yolu onunla kəsişənlərə verirəm.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə:
– Şaiq bizim teatr mədəniyyətinin çox nadir adamlarından biri idi ki, yaşca məndən böyük olmasına rəğmən, onunla, əlbəttə ki, etik normalar çərçivəsində zarafatım vardı. O, beynəlxalq konfranslar, festivallar zamanı səhnəyə çıxıb ingiliscə danışmaqdan, təşkilatçı qabiliyyətini nümayiş etdirməkdən, sənətçiləri bir-birilə görüşdürməkdən, əcnəbilərin sevgisini qazanmaqdan, hadisənin mərkəzində dayanmaqdan aşırı bir həzz duyurdu və eyni zamanda bu həzzi öz təvazökarlığı ilə pərdələməyə çalışırdı. Bunu onun üzünə dik söyləyəndə çönüb yuxarıdan aşağı məni süzürdü və əliylə özünü göstərib ironik bir təbəssümlə, bariton səsinin cazibəsində deyirdi: “Aydın, xarizma”. Odur ki, mən də onun adını qoymuşdum “xarizmatik adam”!
Və bu adı Şaiq yüzdə yüz haqq edirdi. Ucaboy, qamətli, qürurlu birisi idi: ingiliscə, rusca sərbəst danışırdı və yazırdı, azərbaycancasına isə söz ola bilməzdi; hər hansı bir məclisin, əgər ovqatı kök idisə, anındaca mərkəzi fiquruna çevrilirdi. Amma bununla bərabər özü haqqında heç qışqırmırdı, heç mənəm-mənəm demirdi, həmişə ikinci plana keçib dayanırdı, insanlarla lütfkarcasına davranırdı. Di gəl ki, bu “xarizmatik adam” həm də çox çətin adam idi; yaxınları ilə sərt və acıdil də ola bilirdi. Hərçənd onu yetərincə yaxşı tanıyan dostları bu “xarizmatik adamı” bağışlamağı bacarırdılar. Nədən ki, bilirdilər: ürəyi, əqidəsi təmizdir, içi safdır.
Ölkələri, şəhərləri gəzməyi çox sevirdi, bir də kompüter oyunlarını. Bilirsiz niyə? Çünki Şaiq həyatı boyu düşüncə, təfəkkür baxımından, zövq baxımından permanent yenilənməyi hədəfləyirdi və bunu xoşlayırdı. Təsadüfi deyil ki, Şaiqə, mən müşahidə etdiyim qədərincə, teatrın özündən daha çox teatr prosesi maraqlı görünürdü və o, bütün qüvvəsini məhz bu prosesi canlandırmağa, dəyişməyə, müasirləşdirməyə yönləndirirdi. Köhnəlmək, müəyyən çərçivələrə sığışıb qalmaq ondan ötrü ölümə bərabər bir nəsnə idi. Bəlkə də ona görə Şaiq qocalmadan öldü, öz xarizmasını itirmədən öldü; öldü ki, bu dəfə ruhunu azadlığa buraxıb onu birdəfəlik göndərsin dünya səyahətinə...
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə:
– Şaiq Səfərov tanıdığım ən səmimi, dürüst və sadə insanlardan idi. Belə bir söz var: “Dost yolda tanınar”. Bizim onunla çoxlu xarici səfərlərimiz olub, beynəlxalq teatr festivallarında, konfrans və görüşlərində birgə iştirak etmişik. Şaiq teatrı, sənəti, səhnəni çox sevirdi. Milli teatrımızın dünyada tanınmasında daim əlindən gələni etməyə çalışırdı. Təsadüfi deyil ki, ölkə teatrlarının beynəlxalq arenaya çıxışında onun böyük rolu var. Bundan başqa, ölkəmizdə keçirilən beynəlxalq teatr konfransları, xüsusən “Cırtdan” teatr festivalında onunla dolğun əməkdaşlığımız olub. Teatr bir sənət prosesi kimi onun üçün çox maraqlı idi. Şaiq mütərəqqi düşüncəli, təəssübkeş və qürurlu Azərbaycan insanı idi. Həyatsevərliyi və sədaqəti ilə onu daim xoş xatirələrlə yad edəcəyəm....
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə:
– Şaiq Səfərov
– intellektual insan, nümunəvi ziyalı. Mən onun
haqqında keçmiş
zamanda danışmaq istəmirəm və heç zaman da danışmayacam.
Şaiq bəydən öyrənəsi çox
şey var: düzgün ünsiyyət
forması, çox mülayim şəkildə
ən sərt fikirlərin dilə gətirilməsi, geniş
dünyagörüşü...
Bakı
Beynəlxalq Teatr konfranslarının, “Cırtdan”
Beynəlxalq Kukla Teatrları Festivalının,
saysız-hesabsız treninqlərin,
dünya miqyasında tanınmış teatr bilicilərinin iştirakı
ilə görüşlərin
keçirilməsi məhz
onun köməyi ilə gerçəkləşmişdi,
Azərbaycan teatrının
Beynəlxalq Teatr İnstitutu ilə
(BTİ) əməkdaşlığının
təməli qoyulmuşdu.
Gənc Tamaşaçılar Teatrı
ASSİTEJ-ə, Azərbaycan Dövlət Kukla Teatrı UNİMA-ya üzv seçilmişdi.
Azərbaycan teatrları Fuceyrada
(BƏƏ) keçirilən beynəlxalq monodram festivalının daimi iştirakçısına çevrilmişdi. Bu sıraya daha neçə-neçə irimiqyaslı
və vacib teatr tədbirini əlavə edə bilərəm. Sadəcə,
deyilənlərin hesabata
çevrilməsini istəmirəm...
C. Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Sevinc Mikayılova:
– Şaiq müəllimlə daha sıx ünsiyyətimiz Bakıda keçirilən teatr tədbirləri zamanı yaranmışdı. Onun hərtərəfli təşkilatçılıq bacarığı, kreativ düşüncə tərzi hər kəsin diqqətini cəlb edirdi. Bu bacarıqları ilə birgə həm də çox sadə və mehriban insan idi. Mənə, muzeyimizə daim dost münasibəti olub. Onunla çox rahatlıqla ünsiyyətə girib, sənət sahəsində istənilən məsələ ilə bağlı məsləhət ala bilirdim. Çox maraqlı və dolğun, dürüst insan idi. Teatr tariximiz, teatr sənətimizin təbliği ilə bağlı xidmətləri, qurduğu əlaqələri hələ uzun illər onu bu kimi xoş xatirələrlə yad etməyimizə imkan verəcək...
Daim təzə, kövrək, səmimi xatirələrdən, xatırlatmalardan da aydın görünür ki, Şaiq olmaq heç də asan olmur, heç olmayacaq da. Həm onun yaşantıları, həm də onu sevgi ilə xatırlayanların ağrıları kimi.
Ruhun şad olsun, işıqlı və sadə adam...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 23 fevral.- S.6.