Tbilisidə Azərbaycan rəssamlarının Xocalı sərgisi

 

Fevralın 20-də Tbilisidə Azərbaycan rəssamlarının Xocalı soyqırımına həsr etdikləri əsərlərdən ibarət sərgi açılıb.

M.F.Axunzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil edilən “Xocalıya ədalət!” adlı sərginin açılışında qonşu ölkədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev də iştirak edib.

 

Nazir, ölkəmizin səfiri Faiq Quliyev, Türkiyə səfirinin müavini Onur Sevim, Gürcüstan Təhsil Nazirliyi, Elmlər Akademiyası, Rəssamlar İttifaqı rəsmiləri, digər qonaqlar sərgi ilə tanış olublar. Tədbirdə Xocalı faciəsi zamanı yaxınlarını itirmiş ailələrin üzvləri iştirak ediblər.

Sərginin təşkilatçılarından olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülkər Əbülfət əsərlər barədə məlumat verib. Bildirilib ki, sərgidə 60-a yaxın tablo yer alıb.

Tədbirdə çıxış edən səfir Faiq Quliyev Xocalı faciəsinin səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Faciə haqqında həqiqətlərin dünyaya çatdırılmasından söz açan diplomat bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd edib.

Təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Dünya bu faciə ilə bağlı ədalət səsini ucaltmalı, soyqırımına qiymət verilməlidir ki, bu cür faciələr bir daha təkrarlanmasın. Nazir bildirib ki, Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edib. Lakin Xocalıda, müharibə dövründə qətlə yetirilən bütün günahsız qurbanlar unudulmur. Biz Xocalını unutmayacağıq və unutdurmayacağıq.

Sonra Türkiyə səfirinin müavini Onur Sevim, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tertsvadze, professor Nikolaz Cavaxişvili, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülkər Əbülfət, Xocalı faciəsində yaxınlarını itirmiş ailənin üzvlərindən Gülnar Çıldırlı, Zərifə Bayramova və başqaları çıxış edərək fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş amansız cinayətdir.

Nazir Emin Əmrullayev və səfir Faiq Quliyev Xocalı soyqırımında yaxınlarını itirmiş və hazırda Marneulidə yaşayan Haqnet Çıldırlı, Zərifə Bayramova və hər iki ailənin üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

***

 

Emin Əmrullayev səfər əsnasında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə də tanış olub.  Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə nazirə ətraflı məlumat verib. Bildirilib ki, muzey Azərbaycan mədəniyyətinin təbliğinə öz töhfəsini verir.

Nazir muzeyin otaqlarını gəzib, burada fəaliyyət göstərən musiqi, xalçaçılıq və ingilis dili kurslarının müəllim və şagirdləri ilə görüşüb, kollektivə uğurlar arzulayıb.

Nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.1;3.