Od qalar – köz olar...

 

 

Novruzu həyatın ritmi hesab edirlər. Bu ritmi, ahəngi yaradansa Novruz bayramının  əsas atributlarını (su, od, yel, torpaq) əhatə edən mərasimlərdir. Novruz ayinləri yaradılışı idrak etmənin, təbiət-insan münasibətlərinin mahiyyətini anlamağın vasitələridir.

Novruz öncəsi ilaxır çərşənbələrdən ikincisi bu il martın 1-nə təsadüf edən Od çərşənbəsidir. Od (istilik) insanları soyuqdan, qorxulu qüvvələrdən qoruduğuna, çiyini bişmiş etdiyinə və digər səbəblərə görə əcdadlarımız tərəfindən müqəddəs hesab olunub. Bir sıra folklor örnəklərində oda sakral yanaşma mövcuddur. Məsələn, “Odun üstünə su tökəndə od əyəsinin (sahibinin) acığına gələr, sənə sədəmə (bəla) toxuyar”, “Murdar əsgiyə od düşməz”, “Ocağın üstünə su tökmək, ya da ayaqlayıb söndürmək olmaz. Yoxsa ocaq sahibinin acığına gələr, adama zərər toxundurar” kimi nümunələrdə odun sahibinin olmasına işarə vurulur. Hətta od xalq düşüncəsində o qədər müqəddəs hesab olunur ki, pak olmayanı yandırmadığı belə iddia edilir. Ulularımız oda daha ali məfhum kimi yanaşıb, ondan çox şey diləyiblər. Necə ki, Novruz tonqalından atılanda dərd-azarımızın odda yanacağına inanırıq. Ulusumuzda odun qüdrətinə inam o dərəcədə güclüdür ki, Novruz bayramında hətta yataq xəstələri belə yaxınlarının köməyi ilə azı üç dəfə tonqalın üstündən keçirilir. Həmin şəxsin tezliklə şəfa tapacağına əminlik ifadə olunur. Ahıl insanlar böyük tonqaldan atıla bilmədiyi üçün ocaqdan götürülən və aralıda qoyulan odun üzərindən addımlayaraq keçirlər.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva Novruz bayramını atəşpərəstliyə bağlamaq cəhdləri olduğunu qeyd edir. Bildirir ki, bu bayramla əlaqəli mərasimlərdə günəşlə, odla bağlı ünsürlər çox olsa da, araşdırmalar göstərir ki, Novruz zərdüştilikdən də çox-çox qədimdir və bu dində Novruz bayramından öz məqsədinə uyğun istifadə edilib. Alimin sözlərinə görə, keçmişdə yeni anadan olmuş körpəni ocağın-odun başına dolandırmaqla paklayarmışlar. Uşaq paklandıqdan sonra ananın qucağına verilərmiş. Hətta odla paklanmamış uşaq təmiz hesab edilməz, ana onu qucağına ala bilməz, rahat olmazmış. Bu inamın izi “Çevir ocağa, al qucağa” atalar sözündə də yaşadılır...

Xalq yaddaşında Novruzun əsas atributlarından olan odla bağlı xeyli deyim-duyum örnəkləri var. Məsələn, “Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır”, “Ocağı dağıdan xeyir tapmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Od qalar – köz olar, Qız qalar – söz olar”, “Oda pənah aparanın ocağı sönməz”, “Odla oynayan odsuz qalar” və s. nümunələrdə odun inanclar sistemində fərqli semantika daşıdığı görünür. Odla bağlı alqışlarda onun insan həyatındakı vacib əhəmiyyətinə işarə edilir: “Ocağın odlu, qazanın qaynar olsun”, “Ocağına nur çilənsin”, “Ocağın bərəkətli olsun”. Od həm də ulularımızın and yeri olub: “Od haqqı”, “Gün haqqı”, “Çıraq haqqı”...

Bütün bu xalq yaradıcılığı örnəkləri əski inanc sistemimizdə od kultuna olan münasibəti göstərməklə yanaşı, odun bəşəriyyətin taleyində rolunu da ifadə edir.

Ocağınız həmişə odlu-közlü olsun! Od çərşənbəniz mübarək! Darıxmayın, sevimli Novruza Yel və Torpaq çərşənbələri qaldı...

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.7.