Qarabağ – tarixi-mədəni irsimizdən” kitabının təqdimatı keçirilib

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi olanQarabağ – tarixi-mədəni irsimizdən” kitabının təqdimatı keçirilib.

Fevralın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilən tədbirdə idarənin Aparat rəhbəri Read Qasımov,  Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, kitabın müəllifləri – tarix elmləri doktoru Vəfa Quliyevatarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva, eləcə də professorlar Qafar Cəbiyev, dosentlər Pərvin Ahənçi, Hicran Mahmudova, Əsgər Əhməd çıxış edərək nəşr haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, kitabda Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq, dulusçuluq, milli geyimləri, bədii metal və zinət əşyaları haqqında ətraflı məlumatlar yer alıb. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab Azərbaycan qarabağşünaslığına töhfədir.

Kitabda Qarabağın Xristianlıq və İslam dövrü epiqrafik abidələri də tədqiq edilib. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbi banilərinin adları tarixə salınıb.

Nəşrdə Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərləri yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunub.

Vurğulanıb ki, kitab erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və mədəni irsin bərpası istiqamətində əhəmiyyətli vasitədir.

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.7.