“Vətənimizin gözəl mənzərələrini çəkməyi sevirəm”

 

 

Bu günlərdə Sumqayıt şəhərindəki Poeziya evində təşkil olunanŞuşa, sən azadsan!” adlı əl işləri sərgisində “Tarixi Zəfərimiz” başlığı altında nümayiş olunan rəsmlər xüsusilə diqqətimi çəkmişdi. Guşədə rəssam İntiqam Cəfərovun əl işləri sərgilənirdi. Rəssamla həmsöhbət olub yaradıcılıq yolu və planları ilə maraqlandım.

İntiqam Şahvələd oğlu Cəfərov 1986-cı ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Sumqayıt şəhərində Qubadlı rayon M.Ağayarov adına Kavdadıq kənd köçkün orta məktəbini bitirib. 2009-cu ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məzun olub. Suluboya texnikası üzrə işlədiyi əsərlər 2012-2013-cü illərdə Türkiyədə Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) və İstanbul Suluboya Cəmiyyətinin dərc etdiyi kataloqlarda yer alıb. 2013-cü ildə Çində təşkil edilmiş Şenjen suluboya müsabiqəsində 54 ölkədən rəssamlar arasında İntiqam Cəfərovun “Balaca aktrisa” əsəri jüri tərəfindən seçilib. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

 

– Rəssamlığa marağınız necə yarandı?

 

– 10-11 yaşlarımda orta məktəbdə oxuduğum zaman rəsm çəkməyə başlamışam. Məktəbin direktoru Tahir müəllim rəssamlığa həvəsimi hiss etdi və valideynlərimin razılığı ilə məni Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə yazdırdı. İlk dəfə ədəbiyyat kitabındakı şair və yazıçıların rəsmlərini çəkmişəm.

 

– Yaradıcılığınızda hansı mövzulu əsərlər üstünlük təşkil edir?

– Düşünürəm ki, peşəkar rəssamlıqla məşğul olan insan hər mövzuya müraciət etməlidir. Amma ən çox portret və mənzərə janrına üstünlük verirəm. Yaşlı və uşaq portretləri, Vətənimizin gözəl mənzərələrini çəkməyi sevirəm.

İlk fərdi sərginiz nə vaxt olub? Hansı beynəlxalq sərgilərdə iştirak etmisiniz?

 

– 2012-ci ildə İçərişəhərdə fərdi sərgim açıldı. Sərgidə 30-a yaxın əl işim nümayiş olunmuşdu. Yeri gəlmişkən qeyd edim ki, mən kino sahəsində də fəaliyyət göstərmişəm. 2012-2014-cü illərdə “Mahmud və Məryəm”, “İçərişəhər” filmlərinin rekvizit üzrə rəssamı olmuşam. Həmçinin “Mahmud və Məryəm” filmində kiçik bir obrazı canlandırmışam.

Bir çox beynəlxalq sərgilərin iştirakçısı və laureatı olmuşam. 2012-ci ildə İzmir şəhərində Beynəlxalq Suluboya Cəmiyyətinin təşkil etdiyi “Barış yolu ilə sənət” mövzulu festivalda “Əlaqə” adlı əl işim birinci yerə layiq görüldü. 2016 və 2020-ci illərdə Pakistanda keçirilən beynəlxalq suluboya festivalında əl işlərim sərgilənib. Ümumiyyətlə, Türkiyə, Rusiya, Pakistan, Hindistan, Norveç, Çin və digər ölkələrdə əsərlərim nümayiş etdirilib. Yerli sərgilərin də mükafatçısı olmuşam. 2020-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsində 2-ci yerə layiq görülmüşəm. Həmin il Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalında əsərim ilk onluğa düşdü. 2021-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində “Ağdamın mənzərələri” adlı etüd-sərgidə diplomla təltif edildim. Əl işimi gələcəkdə inşa olunacaq Ağdam muzeyi üçün hədiyyə etdim. 2021-ci ildə həmçinin Bakıda keçirilən “XXI əsrin sərkərdəsi – İlham Əliyev. Qarabağ Zəfəri” adlı sərgidə uğurlu iştirakıma görə sertifikata layiq görüldüm.

 

Yerlixarici rəssamlardan kimlərin yaradıcılığını örnək alırsınız?

 

Bütün rəssamların olduğu kimi, mənim də izlədiyim və örnək aldığım rəssamlar var. Buna misal olaraq dünya şöhrətli holland rəssamı Rembrandtı göstərə bilərəm. Onu da qeyd edim ki, incəsənətə işıq və kölgə terminini ilk olaraq məhz Rembrandt gətirib. Bundan başqa, Azərbaycanın Xalq rəssamları Tahir SalahovBöyükağa Mirzəzadəni qeyd edə bilərəm. Zaman-zaman bu görkəmli rəssamların əsərləri ilə daha yaxından tanış olmuşam və onların yaradıcılıqlarından bəhrələnərək incəsənətdə öz yolumu tapmışam. Ola bilsin ki, yaradıcılığımda portret və mənzərə janrına üstünlük verməyim də bununla əlaqədardır.

 

Elm və texnikanın inkişafı, sizcə, incəsənətə nə dərəcədə təsir göstərir?

 

– Düşünürəm ki, elm və texnikanın inkişafı digər sahələrə olduğu kimi, incəsənətə də öz müsbət təsirini göstərir. Artıq sosial şəbəkələrdə çox sayda onlayn sərgilər təşkil olunur, bu da öz növbəsində incəsənətə olan marağın daha da artmasına səbəb olur. Onlayn şəkildə təşkil olunan beynəlxalq sərgilərdə bir çox ölkələrdən rəssamlar iştirak edirburada çox gözəl sənət və fikir mübadiləsi aparılır, rəssamlar bir-birinin əsərləri ilə tanış olur və dünyagörüşlərini daha da artırırlar. Bu tip sərgilər rəssamlara yeni əsərlər yaratmağa da stimul verir.

 

– Nə kimi yaradıcılıq planlarınız var?

 

– Gələcəklə bağlı plan və ümidlərim çoxdur. Bu il növbəti fərdi sərgimi keçirməyi düşünürəm. Fərdi sərgi bütün rəssamlar kimi mənim də ən öndə olan arzularımdan biridir. Çünki rəssam nə qədər çox sərgilərdə iştirak edərsə, əsərləri tamaşaçılar və digər rəssamlar tərəfindən bir o qədər çox tanınar və sevilər. Həmçinin bu ilin may ayında İzmir şəhərində keçiriləcək “Qızıl fırça” (“Golden Brush”) beynəlxalq suluboya festivalına dəvət almışam.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.5.