Xocalıdan 30 il sonraqisas qiyamətə qalmadı

 

Daşdan yonulmuşAna harayı”nda Xocalı qisasının səsi də var...

 

 

 

Azərbaycanın yeni tarixinin ən faciəli səhifəsi olan  Xocalı soyqırımının 30 ili tamam olur. Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biri, bəşəriyyətin vicdanına həkk olunan qara ləkədir.

Bir gecənin içində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanlı olduqları, doğma yurdda yaşamaq istədikləri üçün...

Kütləvi qırğında 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum olub, 487 nəfər ağır yaralanıb. 1000-dən çox Xocalı sakini erməni əsirliyinin dəhşətini yaşayıb.

Xocalı müsibətinin konkret talelərdəki yaşantılarından savayı birmilli dərd kimi acısı da var. 1992-ci ildən sonra 28 il Xocalını milli ruhumuzu yaralayan, belimizi bükən sonsuz  kədər kimi qeyd etdik.

 

2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfər Xocalının qisası da oldu. Millət olaraq qəddimizi dikəltdi.

Xocalının kədəri bundan sonra da qan yaddaşımızda əbədi qalacaq. Amma artıq ikinci ildir bəşəri kədərin abidəsi önünə milli ruhumuzu dirçəldən Zəfərin təsəllisi ilə gedirik...

Qisas qiyamətə qalmadı. Xocalı qurbanlarının xatirəsinə ucaldılmış bu memorialda – “Ana harayı”nda Xocalı şəhidlərinin düşməndən alınan qisasının səsi də var...

 

 Mədəniyyət.- 2022.- 25 fevral.- S.1.