Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın
iclası keçirilib
Anar Kərimov: “Vətəndaş
cəmiyyətinin baxışı bizim üçün
vacibdir”
Fevralın
23-də nazir Anar Kərimovun iştirakı ilə Mədəniyyət
Nazirliyi yanında İctimai Şuranın iclası
keçirilib.
Tədbiri giriş sözü ilə açan Anar Kərimov “Şuşa İli” elan edilən 2022-ci ilin mədəniyyətimiz üçün zəngin olacağını diqqətə çatdırıb, bu istiqamətdə İctimai Şuranın da fəaliyyətinə uğurlar arzulayıb.
İctimai Şuranın sədri Gəray Əlibəyov çıxış edərək şuranın fəaliyyətindən danışıb. Şura tərkibində 7 işçi qrupun yaradıldığını deyən sədr teatr və kino sahəsi üzrə işçi qrupu tərəfindən keçiriləcək 1-ci Müstəqil teatrların festivalı haqqında məlumat verib. Bildirib ki, festivalda 17 özəl teatr iştirak edəcək. Sədr digər işçi qrupların görəcəyi işlərdən də danışıb. Qeyd edib ki, ümumilikdə 100-ə yaxın tədbir nəzərdə tutulur.
Anar Kərimov çıxışında bildirib ki, tədbirlərin sayı yox, keyfiyyətinə önəm verilməlidir: “İctimai Şuradan gözləntimiz budur ki, ictimaiyyət ilə Mədəniyyət Nazirliyi arasında körpü yaratsın. Vətəndaş cəmiyyətinin səsini bizə çatdırsın. Vətəndaş cəmiyyətinin baxışı bizim üçün vacibdir. İctimai Şura vəzifədir, imtiyaz deyil. İctimai Şuranın vəzifəsi məsuliyyətdir. Bu baxımdan nazirlik ilə konstruktiv əməkdaşlıq edilməlidir”.
İctimai Şuranın sədr müavini Şahin Qədirov bildirib ki, işəgötürmə sahəsində problemlər mövcuddur.
Nazir qeyd edib ki, işə götürülmə üçün platforma, meyar müəyyən edilməlidir və bu vasitə ilə proses şəffaf şəkildə həyata keçirilməlidir. Sistem formalaşmalıdır ki, pərakəndəlik olmasın. Əks halda şəffaflıq və keyfiyyət olmayacaq. Artıq bir ildir islahatlara başlanılıb. Uşaq musiqi və incəsənət məktəblərinə Dövlət İmtahan Mərkəzi ilə birgə şəffaf şəkildə imtahanlar keçiriləcək. Bu nümunə teatrlar, mədəniyyət klubları və digər mədəniyyət müəssisələrinə də tətbiq olunacaq.
“Nazirlik keçid dövründədir. İslahatların arxasında sağlam niyyət var. Uzun illərdən qalan problemləri həll etmək lazımdır”, – deyə Anar Kərimov bildirib.
İctimai Şuranın sədr müavini Əkbər Yolçuyev işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizlə bağı mövcud olan problemlərdən danışıb. Birgə həll yolları müzakirə olunub.
Nazirliyin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı Elgün Əliyev aidiyyəti üzrə görülən işlərdən bəhs edərək bildirib ki, 194 şəhid ailəsi üzvü işlə təmin olunub. Qeyd edilib ki, işəgötürülmə ilə bağlı sözügedən fəaliyyət davam etdirilir.
Sonda çıxış
edən Anar Kərimov bildirib
ki, nazirliyin aidiyyəti
şöbələri ilə İctimai Şura arasında ayda bir dəfədən az olmayaraq görüş
keçirilməlidir. Mədəniyyət əyləncə deyil, sərvətdir, mirasdır,
güc-qüvvədir. Mədəniyyət çox
mühüm məsələdir. Gələcək
nəsillər qarşısında öhdəliyimiz var. Məhz buna görə
də İctimai Şura
ilə birlikdə səmərəli, effektiv
fəaliyyət qurulmalıdır.
Mədəniyyət.-
2022.- 25 fevral.-1;2.