Mədəniyyətə töhfə verənlərin əməyi yeni mexanizmlə qiymətləndiriləcək

 

Mədəniyyət naziri vətəndaşların onlayn qəbulunu keçirib

 

 

 

Mədəniyyət naziri Anar Kərimov fevralın 22-də videokonfrans formatında mədəniyyət sahəsində çalışan şəxslər, incəsənət xadimləri və digər vətəndaşların qəbulunu keçirib. Nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış şəxslərin müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Qəbulda səslənən müraciətlər müxtəlif mövzuları əhatə edib. O cümlədən yaradıcı əməyin təşviqi və qiymətləndirilməsi, fəxri ad və fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, milli musiqi alətlərimizin tədqiq edilməsi, musiqi məktəblərinin fəaliyyəti, Aşıq Ələsgərin heykəlinin layihəsi və digər məsələlərə dair müraciətlər olub.

Anar Kərimov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən sonra vətənpərvərlik ruhunda yeni musiqi əsərlərinə ehtiyac duyulduğunu bildirib. Bununla bağlı Mədəniyyət Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə layihələrinin olduğunu, müsabiqələrin keçirildiyini və gələcəkdə həmin bəstələrin nazirlik tərəfindən satın alınmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Nazir həmçinin ölkəmizdə incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını söyləyib. Bildirib ki, gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılması istiqamətində işlər həyata keçirilir. Tətbiq olunacaq yeni mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər layiqincə qiymətləndiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Anar Kərimov qaldırılan məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün aidiyyəti şöbələrə tapşırıqlar verib.

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.3.