Yaradıcı sənayedə biznes imkanları müzakirə edilib
İşğaldan
azad olunmuş ərazilərdə yaradıcı sənayenin də
təşəkkül tapması
vacibdir
İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir.
Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, bununla bağlı dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə fevralın 23-də “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.
Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov iştirakçıları salamlayaraq tədbirin məqsədini diqqətə çatdırıb, müzakirələrin bu istiqamətdə faydalı olacağına ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iqtisadiyyatın bir sahəsi olan yaradıcı sənayenin qlobal miqyasda sürətlə inkişaf edərək prioritet sektorlardan birinə çevrildiyini və bu sahəyə böyük marağın olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, hələ 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərlə bağlı forum keçirilib. Yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə bu sahədə yaxşı təcrübələrin və sektorun problemlərinin öyrənilməsi, satış platformalarının yaradılması və digər istiqamətlərdə işlər aparılır. Bu sahədə qanunvericilikdə olan boşluqların aradan qaldırılması da vacib məsələdir.
Anar Kərimov qeyd edib ki, fəaliyyəti səmərəli qurmaq üçün bu sahə ilə bağlı əlimizdə real statistika, etibarlı rəqəmlər olmalıdır. Hazırda əldə olan məlumata görə, ümumi daxili məhsulda (ÜDM) yaradıcı sənayenin payı təxminən 1-2 faiz təşkil edir, amma düşünürük ki, bu rəqəm realda daha yüksəkdir.
Nazir vurğulayıb ki, qarşımızda duran vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərdə yaradıcı sənayenin də təşəkkül tapmasıdır: “Böyük qayıdış” layihəsi təkcə orada abidələrin bərpası ilə məhdudlaşmır, ora həm də Azərbaycan ruhunun qaytarılması vacibdir. Bildiyiniz kimi cənab Prezident tərəfindən bu il “Şuşa İli” elan edilib. Biz istəyirik ki, yaradıcı insanlarımız bu işlərdə bizə yaxından kömək etsin. Gələn aydan “Şuşa talks” layihəsinə start veriləcək. Yaradıcı insanlardan bu məsələdə məsləhətlər istəyəcəyik”, – deyə A.Kərimov əlavə edib.
Özəl sektorda yaradıcı sənayenin təşviqi ilə bağlı fikirlərini bölüşən nazir musiqi və incəsənət məktəblərində özəl sektora şərait yaradılmasının da nəzərdən keçirildiyini deyib. Bildirib ki, kadrların yetişdirilməsi əsas prioritetlərdən biridir. Bu məkanlar güzəştli şərtlərlə sahibkarların da istifadəsinə verilə bilər: “Biz onlara şərait yaradacağıq ki, həmin məkanlarda treninqlər keçə bilsinlər. Əgər layihə uğurlu olarsa, bu işi davam etdirəcəyik”.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycanda yaradıcı sənayelərin inkişafını şərtləndirən amillərdən biri də onların ixrac potensialının artırılmasıdır. Bu məqsədlə dövlət-özəl əməkdaşlığının potensialı artırılmalı, qanunvericilikdə müəyyən güzəştlər tətbiq edilməlidir: “Məsələn, yerli kino sənayesində peşəkar çəkiliş studiyalarının olmaması bu məhsulun ixrac imkanını aşağı salır. Həmçinin, ixrac olunacaq kreativ məhsulların brendləşməsini təklif edirik. Burada, sənaye və kənd təsərrüfatında dövlət dəstəkli “Made in Azerbaijan” kimi, yaradıcı biznesi də ixraca təşviq edəcək brendin yaradılması daha yaxşı olardı...”.
Orxan Məmmədov bildirib ki, kreativ biznesin daha çox şəhərlərin inkişafına təkan verdiyini və ölkəmizin zəngin ənənələrini nəzərə alsaq, yaradıcı turizm istiqamətinin genişlənməsini təklif etmək olar. Aqroturizm prinsiplərinə uyğun olaraq regionlarda fəaliyyət göstərən emalatxanaları, ailə müəssisələrini əlavə olaraq qonaqlama tipli obyektlərə uyğunlaşdırmaq mümkündür.
KOBİA-nın sədri həmçinin qeyd edib ki, klasterləşməyə dəstək vermək istiqamətində “kreativ klaster”lərin yaradılması məqsədəuyğun olardı: “Bu tip strukturlar Bakı şəhərində çox az sayda fəaliyyət göstərir. Təklif edirik ki, bu məqsədlə Mədəniyyət Nazirliyinin regionlarda olan tikililərindən istifadə qaydaları müəyyən edilsin. Müxtəlif araşdırmalar göstərir ki, kreativ məkanlar şəhərlərin canlanmasına təkan verir, bölgələrin müsbət imicini formalaşdırır, sənaye zonalarını mədəniyyət mərkəzlərinə çevirir, biznes və turistlər üçün cəlbediciliyi artırır...”.
Tədbirə videoformatla qoşulan Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov rəhbərlik etdiyi qurumun bu sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını diqqətə çatdırıb.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə Heyətinin sədri Vasif Eyvazzadə qeyd edib ki, yaradıcı sənaye sahəsinin üç prinsipial istiqamətdə inkişaf etdirilməsi zəruridir. Bunlar hüquqi, institusional və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləridir. Eyni zamanda yaradıcı sənaye sahəsində hökumət, qeyri-hökumət və özəl sektor arasında inklüziv münasibətlərin qurulması bu sahənin iqtisadi məzmununun gücləndirilməsinə kömək edəcək.
“Biz bu sahə üzrə İngiltərədə təcrübə mübadiləsi apardığımız zaman gördük ki, orada Yaradıcılıq Sənayesi Federasiyası və bu kimi qurumlar, şirkətlər birlikdə müzakirə aparır, biznes mərkəzdə ərazini icarəyə götürüb orada fəaliyyət göstərirlər. Hazırda Azərbaycanda belə bir federasiya formalaşır və məqsəd də budur ki, kreativ sənayedə fəaliyyət göstərənlərin fikirləri ümumiləşdirilib müəyyən dairələrə çatdırılsın”, - deyə Vasif Eyvazzadə bildirib. O qeyd edib ki, Bakı şəhərinin Baş planına paytaxtda kreativ mərkəzin yaradılması da daxil edilib. Mərkəzdə marketinq, reklam, dizayn və digər şirkətlər bir araya gələrək fəaliyyət göstərə biləcək.
Tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilib, kadrların hazırlanmasına, təlimlərin təşkilinə, sektor üzrə müəyyən güzəştlər, sərgilərə və reklama dəstəyin göstərilməsinə dair fikir və təkliflər səsləndirilib.
Mədəniyyət.- 2022.- 25 fevral.- S.1;3.