Bölgələrdə
müxtəlif səpkili tədbirlər
Sumqayıt RMİ Sumqayıt şəhər Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi Fortepiano şöbəsinin şagirdi Aysel Eldarova Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda təşkil olunan “British Grand Festival”da Qran-pri mükafatına layiq görülüb. Müsabiqədə şagirdin uğurlu çıxışına görə məktəbin müəllimi Mehbarə Nurullayeva isə təşəkkürnamə ilə təltif edilib.
***
Bərdə RMİ-nin tabeliyindəki Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri də həmin müsabiqədə iştirak edərək diplomlarla, onların müəllimləri isə təşəkkürnamə ilə təltif olunublar.
***
Sabirabad RMİ tərəfindən bu ilin aprelindən “Həftənin kitabı” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində həm yerli, həm də xarici yazarların müxtəlif mövzularda kitabları “Həftənin kitabı” olaraq seçilib və regional idarənin, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən MKS-lərin sosial şəbəkə hesablarında paylaşılaraq geniş oxucu kütləsinə təqdim edilib.
***
Ağdaş RMİ Ağdaş rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının yerləşdiyi bütün yaşayış məntəqələrində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Açıq kitabxana” aksiyası keçirilib. Aksiyada kitabxanaların fondlarında olan silahlı qüvvələrimizin qəhrəmanlıqlarına, mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş kitablar nümayiş etdirilib.
***
Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbinin 2021/2022-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat konserti keçirilib. Konsertdən sonra məktəbin direktoru Təvəkkül Hüseynli il ərzində beynəlxalq müsabiqələrdə fərqlənən müəllim və şagirdlərə diplom, fəxri fərman və təşəkkürnamə təqdim edib.
Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün və bilik dairəsinin genişlənməsi məqsədilə “Yay tətilini kitablarla keçirək” başlığı altında mütaliə günü keçirib.
***
Lənkəran RMİ Lerik rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclərə asudə vaxtlarını səmərəli dəyərləndirmələri məqsədilə tövsiyələr verilib, zərərli vərdişlərdən uzaq durmağın vacib olduğu vurğulanıb.
N.Məmmədli
Mədəniyyət.-
2022.- 1 iyul. S. 4.