Tovuz döyüşləri –
şanlı Qələbəyə gedən yolun
başlanğıcı
2020-ci ilin Tovuz döyüşlərindən iki il ötür. İyulun 12-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində iriçaplı silahlardan və ağır artilleriyadan istifadə etməklə atəşkəsi pozub, daha sonra mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Döyüşlər zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev – ümumilikdə 12 hərbi qulluqçumuz və bir mülki şəxs şəhid olub.
İyulun 17-dək davam edən Tovuz döyüşləri düşmənin layiqli cəzalandırılması ilə yanaşı, xalq-ordu birliyini gücləndirib, işğalçıya qarşı intiqam hissini daha da alovlandırıb, bizi şanlı Qələbəyə bir addım da yaxınlaşdırıb.
Bölgələrdəki mədəniyyət müəssisələrində Tovuz döyüşlərinin ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilib.
Şəmkir Regional Mədəniyyət İdarəsi (RMİ) Şəmkir rayon MKS-nin əməkdaşları “Vətən sizinlə qürur duyur – Tovuz şəhidlərinin qəhrəmanlıq yolu” adlı anım günü təşkil edib. Tədbirdə şəhidlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.
***
Ağcabədi RMİ Ağcabədi rayon Mərkəzi Kitabxanasında “İyul döyüşləri – Qələbəyə gedən yolun başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Ağcabədi Dövlət Rəsm Qalereyası, rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və kitabxananın fəal oxucuları iştirak ediblər.
***
Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzində “Tovuz döyüşləri – Zəfərə aparan yolun başlanğıcı” mövzusunda tədbir keçirilib. Çıxışlarda Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
E.Hüseynov adına Qazax rayon Mərkəzi Kitabxanası şəhərdəki istirahət parkında “Tovuz döyüşləri – qəhrəmanlıq tariximizin şanlı səhifəsi” adlı səyyar sərgi təşkil edib.
***
Gəncə RMİ Goranboy Rayon Tarix-Diyarşünaslıq Muzeyində də “Tovuz döyüşləri – Zəfərə gedən yolun başlanğıcı” mövzusunda tədbir keçirilib.
***
Masallı RMİ Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Tovuz döyüşləri müzəffər Ordumuzun qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib. Çıxış edənlər Tovuz döyüşlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin gənclər üçün vətənpərvərlik nümunəsinə çevrildiyini, bu döyüşlərin dövlətimizin, Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirməklə böyük Zəfərə aparan yolun başlanğıcı olduğunu qeyd ediblər.
İdarənin tabeliyindəki Yardımlı rayon MKS-nin Mərkəzi Kitabxanasında “Tovuz döyüşləri” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə MKS-nin şöbə müdiri Vahid Kərimov məruzə ilə çıxış edib.
Mədəniyyət.- 2022.- 15 iyul.-
S.4.